

Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki, Azərbaycan regionda ən güclü
orduya malikdir. Hazırda xarici hərbi ekspertlər də Silahlı Qüvvələrimizin həm yüksək mənəvi-
psixoloji döyüş hazırlığını, həm də maddi-texniki təminatını ən yüksək səviyyədə qiymətləndirirlər.
Vətən müharibəsindən sonra isə ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr,
tələblər qoyulub və bu gün həmin proses uğurla davam etdirilir.
Əslində, İkinci Qarabağ müharibəsi ordumuz üçün ən böyük sınaq oldu. İllərlə keçirilən
təlimlər, alınan müasir silah-sursatlar, əsgər və zabitlərimizin hərbi texnikalardan yüksək səviyyədə
yararlanmaları və ən başlıcası isə vahid komandanlıq sisteminin uğurlu nəticəsi dünyanı heyrətləndirdi.
Məhz bu önəmli amillərin mövcudluğu imkan verdi ki, Ermənistanın illər ərzində işğal etdiyi
torpaqlarımızı qısa müddətdə- cəmi 44 günə azad edək.
Bu gün Ali Baş Komandanımızın hərbi- siyasi istiqamətdəki əsas prioriteti böyük döyüş
təcrübəsi toplayan Silahlı Qüvvələrimizin maddi-texniki bazasını ən müasir silah və sursatla təmin
etməkdir. 44 günlük müharibədə tarixi Zəfərimizdən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan,
Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanat ölkəmizin Qələbəsini və hərbi
üstünlüyünü təsdiq etməklə bərabər, təcavüzkar Ermənistanın kapitulyasiyasını da rəsmiləşdirdi.
Həmin sənəddə göstərilib ki, erməni silahlı birləşmələrinin qalıqları Azərbaycan torpaqlarından qeyd-
şərtsiz çıxarılmalıdır. Lakin Ermənistan hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe göstərməklə
Bəyanatın imzalanmasından keçən 2 il yarımdan artıq ərzində üzərinə götürdüyü öhdəliklərə əməl
etməkdən boyun qaçırıb, qeyd edilən müddətdə dəfələrlə təxribat törədib. Məhz buna görə də ordumuz
2022-ci ildə bir neçə dəfə Ermənistanın hərbi təxribatlarına cavab olaraq mükəmməl qisas
əməliyyatları keçirərək düşmənə ağır zərbələr vurmuşdu.
Son 2 il yarımda ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun
müasir silah, hərbi texnika ilə təchizı və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində
qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir. Azərbaycanın müdafiə naziri, general-
polkovnik Zakir Həsənov mətbuata müsahibələrində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki,
müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi
islahatların növbəti mərhələsinin başlanması barədə göstərişlər verib. Müzəffər Ali Baş Komandan
modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün
konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb.
Hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin
ərazilərdə yeni hərbi hissələr, şəhərciklər salınır. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin
təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması,
yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin
yaxşılaşdırılması, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış
döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətin əsas
prioritetlərindəndir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarından biri də komando hərbi hissələrinin
təşkil edilməsi idi. Artıq bu tapşırıq da uğurla icra olunmaqla işğaldan azad edilmiş Xocavənd və
Kəlbəcər rayonlarında Komando briqadaları yaradılıb. Komando briqadalarının yaradılması ölkəmiz
üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən uğrunda özlərini fəda etməyə
hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz
edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum
birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər
şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu briqadalar
təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya- kommunikasiya
məkanında qalmaqla döyüş əməliyyatlarını aparmağa qadirdilər. Məhz bu qüdrətinə görə də yeni
yaradılan komando hərbi hissələri ermənilərin qorxulu röyasına çevrilib.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru