

İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizdə
səfərdə oldu. Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji
müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində
münasibətlər mövcuddur. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında “Bizim münasibətlərimiz
iki qardaş ölkə arasında olan münasibətlərdir” söyləyərək Azərbaycan-Pakistan münasibətlərinin
dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaratdı. Səfər çərçivəsində keçirilən təkbətək və
geniş tərkibdə görüşlərdə, həmçinin mətbuata birgə bəyanatlarda bu mühüm məqam xüsusi qeyd edildi
ki, münasibətlər qarşılıqlı etimad, hörmət və səmimiyyət üzərində qurulub. Təbii ki, bu üç amilin
vəhdəti əlaqələrin inkişafında stimulverici amildir. Dövlətlərarası münasibətlərdə etimad mühitinin
mövcudluğu əsasdır. 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı kimi dəyərləndirildi. Bu
baxımdan ki, kimin haqqın, ədalətin, kimin təcavüzkarın yanında olduğu açıqlandı.
Türkiyə və Pakistanın Azərbaycana mənəvi, siyasi dəstəyini dövlət başçısı İlham Əliyev ən
yüksək tribunalardan bəyan edir. Ölkəmizdə Azərbaycan Bayrağının Türkiyə və Pakistan bayraqları ilə
qoşa dalğalanması dostluğumuzun, qardaşlığımızın nümayişidir. Dövlət başçısı İlham Əliyev mətbuata
bəyanatında bu mühüm məqama xüsusi diqqət yönəldərək bildirdi ki, Pakistan və Azərbaycan hər
zaman çiyin-çiyinə dayanan ölkələr olub. Xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının
müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə
asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ
də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.
Pakistan işğal səbəbindən Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir: “Bu,
münasibətlərimizin mühüm göstəricilərindən biridir. İki ölkə arasında bütün sahələrdə əlaqələrin daha
da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyevin Pakistanın Baş
naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə, eyni zamanda, mətbuata birgə bəyanatlarında bu
məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. “Bizim irəliyə getməyimizlə bağlı tam aydın
təsəvvürümüz var” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, artıq Azərbaycandan bir neçə
nümayəndə heyəti Pakistana səfər edəcək. Biri ticarət və sərmayə, növbəti nümayəndə heyəti enerji
məsələləri ilə məşgul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcək.
Sahil İmanov,
Sabirabad rayonu Bulduq kənd tam orta məktəbinin direktoru