

Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və
qarşılıqlı dəstək üzərində qurulub. Münasibətlərimizin yüksələn xətlə inkişafına həm dövlətlər
səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var.
Bugünlərdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanda rəsmi
səfərdə olması da bu faktı təsdiqləyir. Səfər çərçivəsində bir sıra mühüm tədbirlər baş tutub, ikitərəfli
və regional məsələlər ətrafında aktual müzakirələr aparılıb. O cümlədən Prezident İlham Əliyevin Baş
nazir Məhəmməd Şahbaz Şərif ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.
Pakistan Ermənistanın işğalçılıq siyasətinə görə bu ölkə ilə diplomatik münasibətlər qurmayıb.
Bu isə qardaşlıq mövqeyidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı çox gözəl
bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu ölkələr Türkiyə və Pakistan idi.
Hər iki ölkə müharibə zamanı respublikamıza ciddi siyasi dəstək nümayiş etdirdi. Oxşar problemlə
Pakistan da üzləşib. Kəşmir münaqişəsi uzun illərdir ki, davam edir. Prezident İlham Əliyev
Azərbaycanın bu məsələdə dost ölkənin yanında olduğuna diqqət çəkib: “Azərbaycan Pakistanı Kəşmir
məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu
dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da
yaxınlaşdırır”. Pakistanın Baş naziri Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlar
aparılmasından məmnunluğunu ifadə edib. Ölkəsinin Ermənistanla gələcək münasibətlərinə diqqət
çəkən Baş nazir deyib: “Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj
versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı
dəstəkləyirik.
Prezident İlham Əliyevin mətbuata verdiyi Bəyanatında bildirdiyi kimi, Pakistan və Azərbaycan
hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Məhəmməd Şahbaz Şərif isə iki ölkə arasındakı
münasibətlərin yüksək səviyyəsindən bəhs edərkən “Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim
münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub.
Elburus Məmmədbəyov,
“Azərpambıq ASK” MMC-nin Sabirabad rayon filialının direktoru