isaznow.com
Az Iw En Ru

Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi

Məlum olduğu kimi, 1988-ci ildən 1993-cü ilin iyun ayına qədər Azərbaycanda bir-birinin
ardınca baş verən hakimiyyət dəyişikliyi, vətəndaş müharibəsi təhlükəsi, erməni quldurları tərəfindən
torpaqlarımızın işğalı həmin dövrün əsil mahiyyətini göstərir. 1991-ci il oktyabr ayının 18-də
Azərbaycan Demokratik Respublikasının varisi kimi müsəqilliyini bəyan edən Azərbaycan, xalqımızın
əsrlər boyu uğrunda mübarizə apardığı tarixi müstəqilliyinə qovuşmuşdu. Bu müstəqilliyi qazanmaq və
elan etmək hələ başlanğıc idi. Uzun, ağrılı, çətin və şərəfli bir yolun başlanğıcı idi. Əldə olunan
müstəqilliyi qoruyub saxlamaq, onu inkişaf etdirib dövləti və xalqı dünyaya tanıtmaq üçün qarşıda
gərgin mübarizə  dövrü başlanmışdı. SSRİ-nin dağılması , on illərlə mövcud olmuş sovet idarəçilik
rejiminin süqutu, həmin dövrdə Azərbaycanda müstəqil idarəetmə qabiliyyətli rəhbərliyin olmaması,
xarici havadarların köməyi ilə erməni quldurlarının torpaqlarımızı işğal etməsi, buna qarşı dura biləcək
silahlı qüvvələrimizin yoxluğu, respublikamızın dünyanın ən böyük ölkələrinin maraq dairəsinə
düşməsi, balanslaşdırılmış daxili və xarici siyasətin olmaması, başıpozuqluq və daxili çəkişmələr həmin
mübarizənin heç də asan olmayacağını göstərirdi.
1991-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çətin, ağır bir mərhələyə
qədəm qoymuşdu. Bu mərhələ Azərbaycanın bir dövlət kimi, azərbaycanlıların bir xalq kimi gələcək
mövcudluğu məsələsinin həlli mərhələsi idi. Ölkədə hakimiyyətsizlik, başıpozuqluq, hərc-mərclik
mövcud idi. Azərbaycanın müxtəlif bölgələrində xarici dövlətlərin marağı ilə təkan verilən separatçılıq
güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında toqquşmalar baş verir, Azərbaycan xalqı
torpaqlarımız uğrunda erməni silahlı birləşmələri ilə özünümüdafiə səviyyəsində döyüşürdü. Hər
addımda ölkədə qanun pozuntusu və cinayət törədilməsi  adi hal alır, iqtisadiyyat dağılır və talan edilir,
elm, təhsil və mədəniyyət tamamimilə diqqətdən kənarda qalırdı.
Bir sözlə Azərbaycan dağılmağa, bölünməyə və parçalanmağa aparan bir yolda olduqca sürətlə
irəliləyirdi. 1993-cü ilin iyun ayında başlanan Gəncə hadisələri ölkəmizin artıq vətəndaş qarşıdurması
ərəfəsində olmasının aydın işarəsi idi.   
Bizə yaxşı məlumdur ki, Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı,
bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi.
1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu
Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla
çəkinməyərək nail oldu. Bu,Ümummilli Lider  Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi.
Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi
ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi
nəticə çıxaran Ulu Öndər Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və
yaza bilərdi. Ümummilli Lider Heydər Əliyev gəlişinin məqsəd və məramını aydın olaraq belə ifadə
etmişdi : “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və
müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.
Hər bir Azərbaycan vətəndaşı üçün tamamilə şübhəsizdir ki, Azərbaycanda müstəqil, milli,
demokratik dövlət quruculuğu 1993-cü il iyun ayının 15-dən başlandı, məhz həmin gündən sonralar
milli ideyaya çevriləcək azərbaycançılıq ideyasının əsası qoyuldu, yalnız xalqın mənafeyinə əsaslanan
və ona xidmət edən ağıllı,  uzaqgörən daxili və xarici siyasət kursu qəbul edildi.
Hakimiyyətə gəlişinin ilk dövründən respublika daxilində hərc-mərcliyin aradan qaldırılmasına,
xaosun və siyasi hakimiyyətsizliyin ləğvinə istiqamətlənmiş tədbirlərin görülməsi davamlı ictimai-siyasi
sabitlik üçün etibarlı zəmin yaratsa da, bu zəmni daha da möhkəmləndirmək məqsədilə digər sahələrdə
də islahatlar aparmaq tələb olunurdu.Ümummilli Liderimiz Heydər Əliyev tarixi vəziyyətin şərtlərini
dəqiq qiymətləndirməyi bacaran qüdrətli bir şəxsiyyət kimi ictimai-siyasi sabitlik üçün həm də iqtisadi
təməl yaratmağa müvəffəq oldu. Ölkədə bazar iqtisadiyyatının prinsipial qanunauyğunluqlarına istinad
edən iqtisadi münasibətlər sisteminin formalaşdırılması, sosial həyatda baş verən dəyişikliklər bir
tərəfdən artıq əldə edilmiş və möhkəmlənən sabitliyin nəticələri kimi özünü göstərirdisə, digər tərəfdən,
bu sabitliyin uzunömürlülüyünə təminat yaradırdı.
Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri yeni neft
strategiyesının hazılanaraq həyata keçirilməsi olmuşdur.1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”
nin imzalanmasının tarixi və misilsiz əhəmiyyəti bu günkü milli inkişaf və ölkəmizin beynəlxalq nüfuzu
fonunda daha qabarıq görünür.
Dahi şəxsiyyət Heydər Əliyev milli dövlətçilik strategiyasının həyata keçirilməsində, iqtisadi,
yaxud siyasi məzmun kəsb etməsindən asılı olmayaraq irəliyə doğru atılan hər bir addımında

qanunçuluq prinsplərinə söykənmişdi. Azərbaycanda hüquqi dövlət quruculuğu işinin uğurla təşkil
edilməsi də məhz bunun  təzahürü kimi qiymətləndirilir.
Dahi öndərin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası
hazırlanaraq 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul edildi.
Artıq dünya birliyi Azərbaycan Respublikasını müstəqil, balanslaşdırılmış daxili və xarici
siyasəti olan, başqa dövlətlərin hüquq və mənafeyinə, beynəlxalq hüququn normalarına hörmətlə
yanaşan və özünə də hörmətlə yanaşılmasını tələb edən demokratik və sivil dövlət kimi qəbul etmişdir.
Bəli, 15 iyun 1993-cü ildən – Milli Qurtuluş Günündən başlanan müstəqilliyin inkişaf etdirilməsi,
uğurlu dövlət quruculuğu, sabit vətəndaş cəmiyyətinin yaradılması bu gün də qətiyyətlə davam etdirilir.
Dövlətçilik konsepsiyasını məhz Ümumilli Lider Heydər Əliyevin strateji kursu üzərində formalaşdıran
möhtərəm Prezidentimiz İlham Əliyev milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirir. Azərbaycan
bu gün tarixi reallıqlar yaradır. Müzəffər Ali Baş Komandan xalqın birliyinə, millətin mübarizə və
ləyaqət duyğularına arxalanaraq regionda sülh carçısı, işıqlı gələcəyə aparan bələdçi rolunu oynayır.
Dünyada baş verən proseslərin dərin analizini və təhlilini aparan, siyasi iradə nümayiş etdirən Cənab
Prezident İlham Əliyev  hamını reallıqları qəbul etməyə çağırır. 
Vəli Rəhimov,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini


14:38 15.06.2023