isaznow.com
Az Iw En Ru

Milli Qurtuluş Günü böyük tarixi əhəmiyyətə malik bir gündür

Azərbaycan xalqı və dövləti üçün  15 İyun- Milli Qurtuluş Günü çox əziz və müqəddəs tarixdir.
Əslində Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə
malik bir gündür. Eyni zamanda, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini
yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-
dirim mübarizəsindən qalib ayrılma tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında,
müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan
bir insan - Heydər Əliyevdir.
Məlumdur ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə
gətirib ki, 1991-ci ildən 1993-cü ilin ortalarına qədər olan dövr müstəqilliyimizin ilk illərinə təsadüf etsə
də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist və populist hərəkətlər dövrü kimi
xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə
malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi
vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.
Həmin dövrün acı mənzərəsi belə idi: 1993-cü ilin yazında Ermənistanın işğalı genişlənmişdi və 
gücsüz, silahsız Azərbaycan Ordusu mövqelərini qoyub geri çəkilirdi. Hələ bu azmış kimi, ölkədə
vətəndaş müharibəsi başlamışdı. Artıq ölkədə qardaş qırğını qarşısıalınmaz  prosesə çevrilmişdi.
Gəncədə qiyam qaldıran 709-cu briqadanın hərbçiləri Surət Hüseynovun başçılığı ilə Bakıya doğru
irəliləyirdi. Təbii ki,  belə bir zamanda hamının inandığı və müdrikliyinə güvəndiyi  Heydər Əliyevsiz
Azərbaycanı xilas etmək mümkün deyildi. Bu həqiqəti onu istəyənlər də, istəməyənlər də çox yaxşı
anlayırdılar. Ona görə də Ulu Öndərə nəinki günbəgün, hətta  saatbasaat ehtiyac duyulurdu. Xalq
Heydər Əliyevin siyasi bioqrafiyasına yaxından bələd olduğundan və onun Azərbaycana rəhbərliyi
dövründə əvəzsiz xidmətlərini bildiyindən öz liderini böyük səbirsizliklə gözləyirdi. Ölkə vətəndaşları
bilirdilər ki, Heydər Əliyev dövlət  xadiminə xas müdrik şəxsiyyət, zəngin dövlətçilik təcrübəsi olan
liderdir. İnsanlar anlayırdılar ki, dövləti iflasdan qurtarmağa, Azərbaycanı düçar olduğu fəlakətlərdən
qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir.
Ancaq o dövrdəki qaragüruhçu hakimiyyət Ulu Öndərin qarşısını kəsir, onun xalqla təmasına hər
vasitə ilə mane olurdu. Həmin illərdə Ulu Öndərlə bağlı ən adi informasiyalar belə hakimiyyət
dairələrində narahatlıqla qarşılanırdı və  hakimiyyətdəkilər Ümummilli Liderin Naxçıvan  Muxtar
Respublikasındakı uğurlarına qısqanclıqla yanaşırdılar. Lakin çox qısa bir zaman kəsiyində
Azərbaycanda hakimiyyətsizlik, xaos və dövləti sarsıdan hadisələr bir-birini əvəz etməyə başladı.
Ölkədə vəziyyət kəskinləşməyə doğru gedirdi. Bu hadisələr AXC-Müsavat cütlüyünün bacarıqsızlığını,
səriştəsizliyini ortaya qoydu.  Hətta hakimiyyətin zəifliyindən istifadə edən separatçı qüvvələr həm
ölkənin cənubunda, həm də şimalında baş qaldırmışdılar. Cəbhə hakimiyyətinin üst qanadında təmsil
olunanlar özləri də dərk edirdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi öz mövcudluğunu
itirmək təhlükəsi qarşısındadır. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu
görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan
Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi.
Artıq ulu öndər Heydər Əliyevin hakmiyyətə gəlməsi zəruri idi. Belə bir vəziyyətdə xalq Heydər
Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan
xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin hökmü idi. Bu
qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilasına inamı artırdı. Beləliklə,
Ulu Öndərin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun
tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu bir həqiqətdir ki, 15 iyun milli qurtuluş günümüz
olmasaydı, Azərbaycan adlı dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.
Bu gün Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Onun bütün
arzularını reallaşdırdı. Xüsusilə qüdrətli Azərbaycan dövlətini formalaşdırmaqla işğalda altındakı
torpaqlarımızı 44 gün davam edən müharibədə geri qaytardı. İndi dünyada söz sahibi olan qüdrətli
Azərbaycan dövləti  və onun qətiyyətli Ali Baş Komandanı var.  
Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv” ATSC-nin sədri


19:32 14.06.2023