

Azərbaycanın dövlətçilik tarixi mühüm hadisələrlə zəngindir. 44 günlük Vətən müharibəsində
möhtəşəm qələbə qazanılması – ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması isə
müstəsna əhəmiyyətə malikdir.
Postmüharibə mərhələsində Azərbaycan həm Qələbənin siyasi-diplomatik müstəvidə
gücləndirilməsi, həm ikitərəfli və çoxşaxəli münasibətlərin genişləndirilməsi, həm də regionda
təhlükəsizlik mühitinin möhkəmləndirilməsi üçün önəmli addımlar atır. Belə strateji fəaliyyətin
nəticələrindən biri də 2 il əvvəl – 15 iyun 2021-ci il tarixində qardaş Türkiyə ilə Şuşa Bəyannaməsinin
imzalanmasıdır.
Qars müqaviləsindən yüz il sonra iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsində bütün
sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə əlaqədar aydın strateji niyyət ifadə olunub. Ən əsası,
Bəyannamə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin
edib. Sənədə əsasən, tərəfdaşlıq əlaqələri iqtisadi, siyasi, mədəni, humanitar və digər istiqamətlərlə
yanaşı, hərbi-strateji sahəni də ehtiva edir. Bu isə iki dövlətin milli təhlükəsizliyinin təmin olunması
üçün ortaq siyasi iradənin sərgilənməsi – birgə strateji fəaliyyətinhəyata keçirilməsidir. Digər vacib
məqama nəzər salaq. Bəyannamədə vurğulanıb ki, tərəflərdən hər hansı birinin fikrincə, onun
müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya
təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan
qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata
keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu, olduqca vacib
məqam və prinsipial məsələdir.
Bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər həm çoxşaxəli, həm də ən yüksək
zirvədədir. Tərəflər beynəlxalq arenada bir-birinin maraqlarını, mənafelərini qətiyyətlə müdafiə edirlər.
Xüsusilə də, suverenlik və ərazi bütövlüyünün qorunması məsələsində Bakı ilə Ankara ortaq mövqedən
çıxış edir. Regionda yeni geosiyasi nizam isə məhz Azərbaycan və Türkiyənin aparıcı mövqeyi fonunda
formalaşır.
Heç şübhəsiz, “Şuşa İli”ndə Şuşa Bəyannaməsinin hər iki ölkənin qanunverici orqanı və
prezidenti tərəfindən təsdiqlənməsi Azərbaycan ilə Türkiyənin birlikdə hərəkət edərək yeni nailiyyətlər
qazanmaq – yeni zirvələr fəth etmək iradəsini, əzmini və qüdrətini göstərir. Dünya bir daha Azərbaycan
və Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin sarsılmazlığını görür. Biz isə dünyaya birlikdə
güclü olduğumuzu nümayiş etdiririk.
Vüsal Talıblı,
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru