

Azərbaycan xaqının böyük coşqu və təntənə ilə qeyd etdiyi 2021-ci ilin 15 İyun – Milli
Qurtuluş günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, mədəniyyət beşiyimiz olan Şuşada, sözün
əsl mənasında gələcəyimizin, birliyimizin tarixini yazdılar.
Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində, Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu
Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”
kəlamlarının qeyd olunması Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə
qədəm qoyduğunun sübutudur.
Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad
olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi
xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin
möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri
arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində
ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl
nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün
bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.
Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində
əlaqələndirilmiş və birgə fəaliyyətlərin həyata keçirilməsi xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin
müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya
təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan
qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata
keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı
Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Bəyannamədə həmçinin Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən
formalaşdırılması istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi
təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı
qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və
sursatların idarə olunmasında sıx əməkdaşlığı vurğulanır.
Şuşa Bəyannaməsində ticarət-iqtisadi münasibətlərədə toxunulmuşdur. Belə ki, sənəddə milli
iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin
təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin
səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin
əlaqələndirilmiş şəkildə davam etdirilməsi, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin
açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin
inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, müttəfiqlik münasibətləri haqqında Şuşa
Bəyannaməsinin imzalanması sadəcə Azərbaycan-Türkiyə münasibətləri baxımından deyil bölgənin və
Türk dünyasının gələcəyi baxımından tarixi bir hadisə olmuşdur.
Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi