

İnsan və cəmiyyət münasibətlərində elə məqamlar vardır ki, onu heç bir başqa məfhumla
müqayisə etmək olmaz. Azərbaycan və Türkiyə münasibətləri bütün məfhumların üzərində olan
qardaşlıq meyarlarına əsaslanan əlaqələr məcmusudur. Deyərlər ki, qardaş qardaşın ən çətin günündə
onun yanında olmalıdır. Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanında olmağı bir əsrdən
artıqdır ki, bacarmışlar. 31 mart 1918-ci ildə xalqımıza qarşı soyqırım hadisəsi törədiləndə, Sovetlər
birliyi Zəngəzuru, Göyçəni aldığı kimi Naxçıvanı da bizim əlimizdən almaq istəyəndə, daxili və
xarici düşmənlər Ulu Öndər Heydər Əliyevlə birgə qədim Naxçıvanı blokadaya salanda Türkiyə
bizim yanımızda idi. Türkiyə müstəqilliyimizi tanıyan ilk ölkədir, Türkiyə ordumuzu yoxdan var
edən, bizə intizamlı ordu yaratmağı öyrədən ölkədir. Türkiyənin varlığı bizim üçün hər zaman güvən
hissi yaratmışdır. İkinci Qarabağ müharibəsində savaşın ilk saatlarından Türkiyənin mərd və qorxmaz
mövqeyi, siyasi və mənəvi dəstəyi bizə düşmən olan bütün qüvvələrin niyyətlərini ürəklərində qoydu.
Dünyanın ən güclü və müasir ordularından birinə sahib olan Türkiyə ilə qarşı-qarşıya gəlmək
istəməyən hətta dünyanın ən güclü dövlətləri ancaq siyasi əhəmiyyəti olmayan bəyanatlar verməklə
kifayətləndilər.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Qarabağa,
Şuşaya səfərə gəlməsi Qarabağda əldə etdiyimiz tarixi zəfərə dünyanın verdiyi qiymətdir. Qarabağ
müharibəsində əldə etdiyimiz qələbə ölkəmizlə yanaşı Türkiyənin də beynəlxalq nüfuzuna müsbət
təsir etmişdir.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də
Şuşaya səfəri tarixi əhəmiyyətə malikdir. Ən birincisi ona görə ki, Şuşanın türk mədəniyyətinin
paytaxtı olması fikri öz təsdiqini tapır. Daha sonra Şuşanın tarixi Azərbaycan şəhəri olması tezisi,
orada yüksək çinli xarici dövlət başçılarının və nümayəndələrinin qəbulu ilə sübuta yetirilir.
Həmin gün Şuşada 11 səhifədən ibarət “Müttəfiqlik haqqında Şuşa bəyannaməsinin”
imzalanması “Bir millət iki dövlət” mənəvi birliyinin tarixdə ilk dəfə hüquqi zəmində
möhkəmləndirilməsi oldu. Tarixi əsaslarla dəstəklənən iki dövlətin münasibətləri bütün sahələrdə
özünün qızıl dövrünə qədəm qoymuş oldu. Təhsildən səhiyyəyə, elmdən kənd təsərrüfatına, tikintidən
müdafiə sənayesinə qədər hər bir mətləbə toxunulan, onun inkişafını təmin edən “Müttəfiqlik
haqqında Şuşa bəyannaməsi” tarixdə analoqu olmayan iki dövlət arasında imzalanmış sənəd hesab
oluna bilər. Azərbaycan və Türkiyənin münasibətlərinə dərindən nəzər yetirdikdə bu iki dövlətin
münasibətlərinin tarixdə və siyasət səhnəsində ikinci bir analoqu olmadığını asanlıqla görə bilərik.
“Müttəfiqlik haqqında Şuşa bəyannaməsi” bir daha iki dövlətin nəinki milli maraqlarının, hətta dövlət
maraqlarının da üst-üstə düşdüyünü göstərmiş oldu. Azərbaycan və Türkiyə hər zaman olduğu kimi
bu dəfə də bəyannamənin ilk bəndlərindən etibarən beynəlxalq hüququn normalarına sadiq
qaldıqlarını nümayiş etdirdilər.
İki dövlət arasında imzalanan və münasibətlərinin yeni müstəvisini təşkil edəcək sənəd eyni
zamanda da Qars müqaviləsinin tarixi davamı hesab oluna bilər. Düz yüz il bundan əvvəl Naxçıvanın
SSRİ tərəfindən Ermənistana ilhaq edilməsinin qarşısını alan Türkiyənin imza atdığı Qars
müqaviləsinin davamı hesab olunan Şuşa bəyannaməsi özlüyündə həm Qarabağın təhlükəsizliyini,
həm də regionda sülh və əmin-amanlığı təmin edəcəkdir. Şuşa bəyannaməsi ilə Cənubi Qafqazda
yeni münaqişə ocaqlarının birdəfəlik aradan qaldırılması hesablanmaqdadır. Türkiyə Respublikasının
Baş Konsulluğunun ən qısa zamanda Şuşada açılması həm Türkiyənin regionda fiziki varlığını
gücləndirəcək, həm də diplomatik və hüquqi təsir vasitələrini artıracaqdır.
Şuşa dünya mədəniyyət tarixində iz qoymuş bir şəhərdir. Cənab Ərdoğanın da ifadə etdiyi
kimi Şuşa yalnız ölkəmizin deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olmağa layiqdir və
olacaqdır da. İndi Cıdır düzündə Qarabağ atları var-gəl edir, Şuşanın hər məscidindən Azan səsi gəlir,
Şuşada hər məclisdə muğam oxunur. Budur dövlətimizin və dövlət başçımızın öz xalqına verdiyi
əvəzsiz töhfə!
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru