

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam
etdirilən ordu quruculuğu Silahlı Qüvvələrimizi dünyanın ən güclüləri sırasına qoşub. Ordumuzun gücü,
qüdrəti özünü Aprel döyüşlərində, Naxçıvanın Günnüt kəndinin azad edilməsində, Tovuz əməliyyatında
və ikinci Qarabağ döyüşlərində bir daha təsdiqlədi. Yenilməz ordumuzun 44 günlük uğurlu əks-hücum
əməliyyatı ilə Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Bu müharibədə qardaş Türkiyənin
Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstək hər bir vətəndaşımızı qürurlandırır. Eyni
zamanda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsi” də böyük əhəmiyyətə malikdir. Bu tarixi sənədin imzalanmasından iki il
ötür.
2021-ci il 15 iyunda iki qardaş ölkənin liderlərinin Şuşada imzaladığı sənəd müttəfiqliyin daha
da yüksəlməsidir. Ötən bir il ərzində Türkiyə-Azərbaycan qardaşlığı, müttəfiqliyi daha da inkişaf edib.
Biz bu yaxınlaşmanı Bakıda keçirilən möhtəşəm Texnofestlə bir daha gördük. Hər iki ölkənin
“şahin”ləri Bakı səmasında qürurverici uçuşlar etdi, mənzərələr yaratdı. Cənab Ərdoğanın Bakıya gəlişi
və festivalda iştirakı, Prezident İlham Əliyevlə birgə verdikləri açıqlamalar dünya ictimaiyyətinə bir
siqnal idi. Bununla bir daha iki qardaşın bərabər olduğu nümayiş etdirildi. Ümumiyyətlə, Türkiyə və
Azərbaycan arasında hərbi müttəfiqlik günbəgün yüksəlməkdədir. Bunu birgə təlimlər, Türkiyə müdafiə
naziri Hulusi Akarın bəyanatları da təsdiqləyir.
Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında müttəfiqliyin yüksələcəyi gözlənilən idi. İmzalanmış
tarixi sənəddə qeyd olunur ki, ölkələrdən birinin ərazi bütövlüyünə təhdid digərinə təhdid kimi
qiymətləndiriləcək. Bu da bizi bir sıra təsirlərdən, regional və qlobal təhlükələrdən qoruyur, sığortalayır.
Təbii ki, Ordumuz qüdrətlidir, güclüdür, bütün təhlükələri dəf etmək imkanına malikdir, lakin bizə qarşı
olacaq hər hansı təhdid Şuşa bəyannaməsinə əsasən, bundan sonra həm də Türkiyəyə hədə sayılacaq və
qardaş ölkənin müdaxiləsinə səlahiyyət verəcək. Bu, regionda Azərbaycana böyük dəstəkdir. Ona görə
bir ili yaxınlaşan Şuşa bəyannaməsi həm də qardaşlıq əhdidir. Şuşa Bəyannaməsi iki qardaşın gücünə
güc qatan tarixi sazişdir. Burada müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, dərin
erudisiyası, yüksək analiz qabiliyyəti və dünyadakı prosesləri diplomatik şəkildə qiymətləndirmə
bacarağı xüsusi qeyd olunmalıdır. Ona görə Şuşa Bəyannaməsi yerində və zamanında imzalanan bir
sənəddir.
Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq. Regionun artan
investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Şuşa və Şuşa ətrafının
gözəl turizm imkanları açılacaq. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət
daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu
artıracaq. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin
kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, “Azərbaycanın
sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev dedi ki,
“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri