isaznow.com
Az Iw En Ru

Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir

Mayın 31-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və
Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power”
sərgilərinin açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki,
1994-cü ildən başlayaraq Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara
təqdim etməyə kömək edir. 1994-cü il Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının
başlanğıc ili idi. “Əsrin müqaviləsi”nin imzalanması uğuru, dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və
nəticədə siyasi müstəqilliyi təmin edə biləcək yeganə addım idi. Bu saziş ölkəmizdəki vəziyyəti
tamamilə dəyişdi, investisiyaların cəlb edilməsinə imkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın
firavan gələcəyini təmin etdi.
Azərbaycanın neft-qaz sektorunda imkanları ildən-ilə genişlənir, yeni layihələrin icrası
gündəmə gətirilir. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 29 ilə yaxın dövrdə əldə olunan
uğurlara diqqət yetirsək, Azərbaycana artan inamın fonunda mühüm layihələrin həyata keçirildiyini
görərik. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi
dünyaya açılan pəncərə kimi dəyərləndirildi. Artıq bu pəncərənin açılması ilə növbəti layihələr üçün
stimul yarandı. Bu gün imkanlarımız nəinki ölkə daxilində, eyni zamanda, regionda və geniş mənada
dünyada neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır. Regional çərçivədə başlayan
əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün artıq
Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında artan rolundan, Cənub Qaz Dəhlizinin
uğurlarından, eyni zamanda, bizimlə əməkdaşlıq edən dövlətlərin coğrafiyasının genişləndirilməsindən
bəhs edirik.
Həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini
möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində belə
bir əminliyi ifadə etmişdir ki, Bakı Enerji Həftəsi enerji təhlükəsizliyi və enerji mənbələrinin
şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək. Ənənəvi olaraq hər il
keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o
cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji
mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir. Ümumiləşdirilmiş şəkildə
qeyd etsək, Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji
resurslarının ixracında uğurlu nümunə yaradıb. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair
layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Bakı Enerji Həftəsi
çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq
Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışındakı çıxışının sonunda dövlət başçısı
qeyd etdi ki, növbəti toplantı gələn il fevral ayında Bakıda keçiriləcək. Artıq yeni iştirakçılarımız, yeni
ideyalarımız, planlarımız var. Bunları reallaşdırdıqca bütün işlər uğurla gedəcək.
Qənimət Səmədov,
Sabirabad rayon Qaz xidmət sahəsinin rəisi


05:11 03.06.2023