

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 31-də Bakı Ekspo
Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian
Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin
açılışında iştirak edərək mərasimdə geniş çıxış edib. Prezident öz çıxışında bildirib ki, Bakı Enerji
Həftəsi enerji sektorunda keçirilən aparıcı beynəlxalq tədbirlərdən biridir. Tədbirin əhəmiyyətini nəzərə
alan ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak tədbir iştirakçılarına
təbrik teleqramları göndəriblər. Dövlət başçısı əminliklə vurğulayıb ki, “Bakı Enerji Həftəsi” enerji
təhlükəsizliyi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək: “Ənənəvi olaraq hər il
keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o
cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji
mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir”.
Hazırda Azərbaycan regionda və region xaricində enerji təhlükəsizliyinin gücləndirilməsində
davamlı tərəfdaşdır. Avropa üçün enerji tərəfdaşının etibarlılığı hər şeydən əhəmiyyətlidir və
Azərbaycanın artan nüfuzu və müasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin
göstəricisidir. Bu gün Avropa üçün alacağı enerji resursunun özündən daha əhəmiyyətlisi tərəfdaşının
etibarlılığı və təchizatçı regionda sabitliyin dayanıqlı olmasıdır. İyirmi ilə yaxın Prezident İlham
Əliyevlə birbaşa təmaslar Azərbaycan liderini Avropada sözü və imzası bir şəxsiyyət kimi tanıdıb. Eyni
zamanda hətta müharibə şəraiti belə Azərbaycanın neft-qaz təchizatçısı kimi heç bir öhdəliyinə maneə
yarada bilməyib. İlham Əliyevin nail olduğu daxili stabillik möhkəmdir və Azərbaycanın öhdəliklərinin
icrası ilə bağlı heç bir problem yoxdur. Ən vacibi isə Azərbaycan müstəqil iradə sahibidir, yəni
sərvətləri üzərində Azərbaycan Respublikası özü qərar sahibidir.
İndi Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərin məkanına çevrilməsi realllıqdır və bu
da dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Artıq dünya dövlətləri
Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi
deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar
Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra
beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların
qəbulunda və icrasında yaxından iştirak edir. Çünki Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf
etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik
illərində Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son
19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün
olub.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edilən mərasimdəki çıxışında bildirib ki, “Sonuncu
Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox
Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir”. Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər
Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq və bu, olduqca real rəqəmdir. Azərbaycanın qaz
təchizatının dinamikasına nəzər salsaq görərik ki, ötən il bu rəqəm 8 milyard kubmetr idi və bu il 12
milyard kubmetr qaz nəql ediləcəkdir. Bu, ölkənin ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün bu
rəqəm 20 milyarda çatdırılacaqdır. Bunun üçün mənbələr artıq var, onlardan biri nəhəng “Şahdəniz”
yatağıdır, digər yataq isə “Abşeron”dur.
Prezident İlham Əliyev çıxışı zamanı bir daha vurğulayıb ki, Avropa İttifaqı ilə Azərbaycan
arasında enerji dialoqu uğurla davam edir: “Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr,
həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli
təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur”.
Göründüyü kimi, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır
və dövlət başçısının söylədiyi kimi, “Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş
adlandırır”. Bu, Azərbaycanın artan nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin,
göstərilən etimadın təqdimatıdır.
Qafur Nəsirov,
Sabirabad rayon Elektrik şəbəkəsinin baş mühəndisi