isaznow.com
Az Iw En Ru

Azərbaycan-İsrail münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir

Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu
münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri
daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail
xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə,
mədəniyyətinə dərin hörmət və ehtiramla yanaşıblar.  
Müstəqilliyimizi tanıdığı 1991-ci il dekabrın 25-dən sonra Azərbaycan ilə bu dövlət arasında
münasibətlər həmişə müsbət istiqamətdə inkişaf edib. Amma son bir neçə ildə münasibətlərdə xüsusi dinamika
müşahidə olunur: əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin çoxalması, ticarət dövriyyəsinin və
investisiyaların artması, qarşılıqlı fəaliyyət üçün yeni sənaye sahələrinin müəyyənləşdirilməsi bunun bariz
nümunəsidir.  
Dünən İsrail Prezidenti İsxaq Hersoqun Azərbaycana səfəri bir daha göstərdi ki, Azərbaycan-İsrail
münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir. İ.Hersoqun Azərbaycana səfəri bir daha sübut edir
ki, Azərbaycanla İsrail arasında münasibətlərin daha da yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də
insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. 
İsrail Prezidenti İsxak Hersoqun yürütdüyü siyasət də ikitərəfli münasibətlərə strateji xarakter verib.
Belə ki, onun dövlət başçısı seçilməsindən sonra Azərbaycanla münasibətlər həndəsi silsilə ilə inkişaf edir.
İsrail Prezidentinin 30 il əvvəl formalaşmış münasibətlərin nə qədər möhkəm olduğunu bütün dünyaya
nümayiş etdirməsi də sevindirici haldır. Bu səfərdə İsrail prezidenti tək gəlməyib, böyük bir komanda ilə gəlib.
Səfər çərçivəsində dövlətlərarası münasibətlərdə, müxtəlif sahələrdə sənədlər imzalandı, əməkdaşlığın,
tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məsləhətləşmələr aparıldı. Əlbəttə ki, cənab Prezidentin, eləcə də
jurnalistlərə bəyanatında İsrail Prezidentinin söylədiyi fikirlər onu deməyə əsas verir ki, bu dövlətlər bir çox
beynəlxalq tədbirlərdə, bir çox beynəlxalq tribunalarda bir-birlərinin mövqelərini və bir-birlərinin haqq, ədalət,
demokratiya uğrunda apardıqları mübarizəni dəstəkləyirlər. Belə ki İsraillə Azərbaycanın daha da
yaxınlaşması hər iki dövlətin və xalqların marağına cavab verir. Bu baxımdan hesab edirəm ki, İsrail dövlət
başçısının böyük heyətlə Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşlər keçirməsi əlamətdar haldır.
Bunun müsbət nəticələrini yaxın zamanda görəcəyik.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin
Prezidenti İsxak Hersoqun iştirakı ilə ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin
Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı”
imzalandı, bu da dövlətlərarası münasibətlərin gələcək inkişafında mühüm perspektivlər yaradacaq. Səfər
çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev
bildirdi ki, iki ölkə müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir
davam edir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə
müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli
maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.  
İsrail prezidenti ilə görüş çərçivəsində iki ölkə arasında yüksəksəviyyəli dialoq və səfərlərin həyata
keçirilməsinin əhəmiyyəti vurğulandı, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər
müzakirə edildi. İki dövlət arasında çoxşaxəli əlaqələr mövcuddur. Məsələn, ticarət sahəsində Azərbaycan-
İsrail əməkdaşlığı inkişaf edir və onun həcmi ildən-ilə artır. Əvvəllər bu əməkdaşlıq əsasən, neft-qaz sahəsinə
yönəlmişdisə, sonradan bu əməkdaşlıq şaxələndirilərək, iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd
təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlığı da əhatə edir. İsrail dünya bazarında
Azərbaycan neftinin əsas strateji alıcılarından biridir. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı
təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların
yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur.
Beləliklə, Azərbaycan və İsrail dövlətlərinin rəhbərləri iki ölkənin daha da yaxınlaşmasını hədəfləyən
qərarlar verərkən hər iki ölkənin cəmiyyətlərinin istəyinə əsaslanırlar. Çünki xalqlarımızın münasibəti maddi
maraqlar üzərində yox, səmimi dostluq və qardaşlıq üzərində qurulub. Yəhudi xalqı tarixən olduğu kimi
bundan sonra da Azərbaycan xalqının və dövlətinin yanında olacaq. Hər hansı bir kənar düşmən qüvvə
xalqlarımızın bu dostluğunu və qardaşlığını poza bilməz və bu münasibətlər daha da yüksək olacaq. Dövlət
başçımızın söylədiyi kimi: “Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndiririk”.
Vüsal Talıbov,
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru


15:09 02.06.2023