

Mayın 30-da İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan
Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına iki günlük rəsmi səfərə gəlib.
İki dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən bu səfərdə İshak
Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edib.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail
Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət
arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla çıxış
ediblər. Həmçinin səfər zamanı iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinin
müzakirəsi, həmçinin İsrailin yaranmasının 75-ci ildönümü ilə bağlı xüsusi tədbir də keçirilib.
Rəsmi Təl-Əviv Bakını özü üçün etibarlı tərəfdaş kimi görür. Azərbaycan nadir
müsəlman ölkələrindəndir ki, İsrail ilə hər zaman müsbət əlaqələr qurub, münasibətləri artan
dinamikada inkişaf etdirib. Təsadüfi deyil ki, bir ay əvvəl İsrailin xarici işlər naziri Eli Kohen
Bakıya səfər etmiş, Prezident İlham Əliyevlə görüşmüşdü. Həmin səfər zamanı iki ölkə arasında
bir çox sahədə sazişlər imzalanmışdır. Bunların içərisində su, kənd təsərrüfatı, infrastruktur,
texnologiya, energetika sahələrində əməkdaşlıq sazişləri xüsusi diqqət çəkirdi.
Qeyd edilməlidir ki, bu il martın 29-da Azərbaycan Respublikasının İsrail Dövlətindəki
Səfirliyinin açılışı oldu. Səfirliyin açılışında xarici işlər naziri Ceyhun Bayramov və İsrailin
xarici işlər naziri Eli Kohen ilə yanaşı Azərbaycan parlamentinin bəzi üzvləri, tanınmış simalar
iştirak etmişdi.
Azərbaycan ilə İsrail arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.
Ölkələrimiz arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Növbəti illərdə
ticarət dövriyyəsini şaxələndirməsi qarşıda duran məqsədlərdəndir. Uzun illərdir ki, Azərbaycan
İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx
əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial
əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur.
Yaxın gələcəkdə ölkələr arasında irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə
layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac
bazarını şaxələndirmək niyyətindədir. Bu təcrübə ölkəmizə böyük mənfəət əldə etməyə kömək
edəcəkdir.
Prezidentlərin görüşü zamanı xüsusi olaraq qeyd eilib ki, Azərbaycan və İsrail arasında müdafiə
sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir
ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi
müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və
ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildən alınan silah və digər avadanlıqlar
44 günlük Vətən müharibəsi günlərində özünü ən yaxşı tərəfdən göstərmişdir.
Prezidentlərin görüşü zamanı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail
Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün
Əməkdaşlıq Planı” imzalanıb. Ümid edirik ki, bu sənəd səhiyyə sahəsində nailiyyətlər əldə edən
İsraillə ölkəmizin tibb sahəsindəki əlaqələrinin genişlənməsinə böyük imkanlar yaradacaqdır.
Tamam Bağırlı,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi, fəal gənc