

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx
tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. İki dövlət arasında münasibətlərin inkişaf etməsinin təməlləri
hələ ötən əsrin 90-cı illərində-Azərbaycanın müstəqilliyinin ilk illərində atılmışdır. Ümummilli lider
Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi
lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Məhz bu
uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrə çevrilib və
beynəlxalq aləmdə bir-birlərinə qarşılıqlı dəstəklərini nümayiş etdirirlər.
Siyasi əlaqələrin möhkəmliyi ilə yanaşı, İsrail və Azərbaycan xalqları arasında yaranan sıx
dostluq əlaqələri də bu tərəfdaşlığın əhəmiyyətini artırır. Azərbaycanda yaşayan 20 minlik yəhudi
icmasının və İsraildə yaşayan 70 minlik azərbaycanlı icmasının müxtəlif məsələlərdə birlik nümayiş
etdirməsi hər zaman müşahidə edilir.
Azərbaycanla İsrail arasında hərbi əməkdaslıq yüksək səviyyədədir. Müdafiə sənayesi
sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Bu gün Azərbaycan Ordusunun müasir
silahlarla təmin edilməsində, müdafiə sənayesinin inkişafında İsraillə münasibətlərin ayrıca yeri
vardır. Baxmayaraq ki, bu amil bir sıra dövlətlərdə müəyyən qısqanclıq yaradır, lakin bu əməkdaşlıq
iki dövlətin müstəqil iradəsinin təzahürü kimi meydana çıxır. Xatırladaq ki, Azərbaycan uzaq
mənzilli raketlərin alınması üçün qonşu İrana dəfələrlə müraciət etsə də bu, nəticəsiz qalmışdır. Lakin
İsrail müharibə şəraitində olan Azərbaycanın demək olar ki, bütün müraciətlərini müsbət
qarşılamışdır.
Energetika sahəsində də iki dövlətin münasibətləri ən yüksək səviyyədədir. Yalnız bir fakt bu
əməkdaşlığın hansı müstəvidə olduğunu nümayiş etdirir: İsrail idxal etdiyi neftin 40 faizini
Azərbaycandan alır. Bu rəqəm İsrailin enerji təminatında ölkəmizin oynadığı rolun səviyyəsini
nümayiş etdirir.
Azərbaycanın İsraillə münasibətləri, eyni zamanda, tolerantlığın siyasi nümunəsi kimi də
yüksək dəyərə malikdir. Bu model bütün müsəlman dövlətləri üçün nümunə kimi qəbul edilə bilər.
Bu çağırışlar bu gün Yaxın Şərqdə baş verən bir sıra gərginliklərin həll edilməsində mühüm
platforma ola bilər.
Həm İsrail Prezidentinin, həm də Azərbaycan Prezidentinin yeni sahələrdə əməkdaşlığı
genişləndirmək siyasətində nümayiş etdirdiyi çoxvektorlu yanaşma iki ölkə arasında münasibətlərdə
mövcud olan tükənməz potensialdan xəbər verir. Belə sahələrdən biri də bərpa olunan enerji
mənbələrindən istifadədir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerjidən fəal
istifadə etməyə başlayıb, İsrail isə bu sahədə öz təcrübəsini bölüşməyə hazır olduğunu bəyan
edib. İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan
İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir
İsrail həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. 2022-ci il martın 9-da
Prezident Hersoqun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşü İsrail və Türkiyə
arasında 2010-cu ildən sonra demək olar ki, dondurulmuş münasibətlərin bərpa olunması ilə
xarakterizə olunur. Hazırda hər iki dövlət diplomatik münasibətləri bərpa edib ki, bu da onların
əməkdaşlıq istiqamətində addımlar atmaq niyyətindən xəbər verir.
Hər iki dövlət başçısı sayəsində hazırda bütün sahələrdə əlaqələr yüksək səviyyədədir, İsrail
Prezidentinin Azərbaycana səfəri isə bu münasibətləri yeni, daha sabit səviyyəyə çıxarmağa imkan
verəcəkdir.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru