

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 28-də Laçın şəhərinə
növbəti səfəri həm quruculuq işlərinin sürətləndirilməsi baxımından gərəkli oldu, həm də Müstəqillik
günü Laçın şəhərində olmaq, Laçında çıxış etmək, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən,
qəhərmanlardan Laçında danışmaq mahiyyəti baxımından bir gerçəkliyin ifadəsidir: Bu Zəfər tarixin
axarını həqiqətə əbədilik dəyişdi!
Bu səfər həm də Laçına qayıdışla tarixləşdi. Quruculuq işləri 8 ayda böyük sürətlə aparıldı,
Laçının böyük bir hissəsi tamamilə yeniləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev qürurla bildirdi ki, ilk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir
çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır...
İşğaldan azad edilmiş ərazilərdə kəndlər, şəhərlər böyük məsuliyyətlə yenidən qurulur, tikilir.
Bu proses Zəfərin davamıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qürurla qeyd etdi ki,
“Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat
yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə
olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin
yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri
yaradılacaq”. Bunlar həm ayrılıqda, həm də vəhdətdə işğaldan azad edilmiş bir rayonun yenidən necə
qurulduğunun mahiyyətinin göstəricisidir. Tibb məntəqəsi, məktəb, Aqro və Sənaye Parkı başlanğıc
üçün böyük uğurdur və Azərbaycan dünyaya təsdiqləyir ki, döyüşdə müzəffər olmaqla quruculuqda da
müzəffər olacağıq...
Ölkə başçısının Laçına bu səfəri Moskvaya işgüzar səfərdən sonra daha həssaslıqla izlənildi.
Mockva danışıqları Azərbaycanın dövlətçiliyinin qətiyyətliliyinin təsdiqi oldu. Laçına 28 may səfəri bu
görüşdən sonra dövlətin daxili siyasətinin istiqamətlərini göstərdi. Bir daha təsdiqləndi ki, Azərbaycan
öz dövlətçiliyini daha ciddi qoruyur, qoruyacaq. Aərbaycan Respublikasınını Prezidenti cənab İlham
Əliyev çıxışında strateji əhəmiyyət daşıyan nailiyyətdən də söz açdı: “Cari ilin aprel ayında
Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi
bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan
Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də
var, amma tam nəzarət altındadır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, danışıqlar
müddətində Azərbaycanın iqtisadiyyatı gücləndirilib, dövlətin siyasi gücü artıb, regional təhlükəsizlik
və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün
dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.
İkinci Qarabağ müharibəsi, qazanılan Zəfər həmişə xatırlanacaq, bəzi məqamlarda istinad
olunası tarixi hadisə kimi anılacaq. Bu müharibədə qazanılan Zəfər bu ehtirama layiqdir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev bu tezisi böyük fəxrlə bir daha xatırlatdı: “Əldə edilmiş
razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı
olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də
faktiki olaraq işğal altında idi və məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində mən təkidlə
nail oldum ki, yeni yol çəkiləcək və yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq. Yolun
razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, sadəcə olaraq, yolun marşrutunun razılaşdırılması
üçün. Biz nəinki bunu razılaşdırdıq, eyni zamanda, ilyarım ərzində bu yolu inşa etdik və avqustun
əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərdik ki,
biz artıq gəlirik, xahiş edirik, buradan çıxın. Ondan sonra bizdən xahiş olundu ki, müəyyən vaxt
verilsin, avqustun 25-nə qədər vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və Sus kəndlərini
boşaldacaqlar. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı, yaxud ki, qanunsuz yaşayan Laçını
tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq”...
Ölkə başçısının Laçına Müstəqillik Günündə səfəri Azərbaycan dövlətçiliyinin dönməzliyinə
inam kimi yaşanıldı. Laçına ilk köçü hamı Böyük köçün ilk karvanı bildi. Gözün aydın, Laçın! Gözün
aydın, Azərbaycan!
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri