isaznow.com
Az Iw En Ru

Müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir

Cari ilin mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə
görüşüb, evlərin açarlarını onlara təqdim edərək çıxış edib: “Bu gün Müstəqillik Günüdür. Əziz
laçınlılar, ilk növbədə sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma
şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək
istəyirəm”.
Prezident diqqətə çatdırıb ki, cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən
qurulub: “İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək.
Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Bütövlükdə 7-8 ay
ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144
mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam
proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində
ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm
ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək…”.
Dövlət başçısı daha sonra deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra
mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu
gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır
ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə
etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Prezident xatırladıb ki, Laçın şəhəri Azərbaycanın tam nəzarətinə 2022-ci ilin avqustunda
qayıdıb. Sentyabr ayında dövlət başçısı Laçın şəhərinə gəlib. Sentyabrın sonundan quruculuq işlərinə
start verilib: “Siz yaxşı bilirsiniz ki, İkinci Qarabağ müharibəsi başa çatanda Laçın, Kəlbəcər və Ağdam
rayonunun böyük hissəsi hələ də işğal altında idi. Müharibə zamanı dəfələrlə deyirdim ki, Ermənistan
rəhbərliyi mənə tarix verməlidir, bizim torpaqlarımızdan öz qoşunlarını nə vaxt çıxaracaq, ancaq o
təqdirdə biz müharibəni dayandıra bilərik. Şuşa işğaldan azad olunandan, bir çox kəndlər azad
olunandan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmışdır”.
Dövlət başçısı vurğulayıb ki, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim
mövqeyimizlə tamamilə razılaşıblar: “Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni, nəyə
görə razılaşıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə
atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq
söhbət açmır. Sadəcə olaraq, bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin
aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq
lazımdır. Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş
keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər.
Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının
nümayəndələrini. Ondan da imtina etdilər”.
Sonda Prezident Laçın şəhərinə qayıdan sakinlərə evlərin açarlarını təqdim edib.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru


02:44 31.05.2023