isaznow.com
Az Iw En Ru

Laçın şəhərindən Ermənistana növbəti mesaj

Azərbaycan xalqı Müstəqillik Gününü ikiqat bayram etdi. Bu tarixdə laçınlılar Laçın şəhərinə
qayıtdılar. Dövlət başçısı İlham Əliyev bu ilin hədəflərini açıqlayarkən bildirmişdir ki, laçınlılar ilin
sonuna qədər dogma torpaqlarına qayıdacaqlar. Bu ilin aprel ayında Salyan şəhərində Azərbaycan
Televiziyasına müsahibəsində “Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu
ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay
aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük” söyləyərək soydaşlarımıza
Böyük Qayıdışın növbəti mərhələsinin müjdəsini verdi.
Hər bir vədini zamanında reallığa çevirən Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərinə
qayıdan əhali ilə görüşdü və onlara evlərin açarlarını təqdim etdi. Cənab İlham Əliyevin mayın 27-də
Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi
sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə 
həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaranır. Bu işlərin miqyası, eyni
zamanda, Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Dövlət başçısı Kəlbəcər şəhərində ilk
yaşayış məhəlləsinin, həmçinin Zallar, Yanşaq kəndlərinin təməlini qoydu, hərbi hospitalın, “Meydan”
və “Qamışlı” Kiçik Su Elektrik Stansiyalarının açılışında iştirak etdi, uzunluğu 82 kilometr olan
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü
ilin mayınadək ümumilikdə bu yolda, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda
görülən işlərlə tanış oldu. Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi
Kompleksinin təməli qoyuldu. Şəhərin Baş planı dövlət başçısına təqdim edildi. Cənab İlham Əliyev
Xosrov bəy Sultanov və Zəngəzur, Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət
bildirən lövhələrin, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın”, 110/35/10
kv-luq “Qorçu” yarımstansiyalarının açılışında, Şəlvə kəndinin, Qorçu qəsəbəsinin təməlqoyma
mərasimində iştirak etdi. Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış oldu. Bir səfər
çərçivəsində atılan addımlar sadalanmaqla bitmir.
Dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana çevirəcəyimizi
bildirmişdi: “Hazırda bütün azad edilmiş torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur,
soydaşlarımızın rahat yaşayışı üçün bütün imkanlar yaradılır. Ötən ilin avqustunda Müzəffər Ali Baş
Komandan İlham Əliyev bu müjdəni vermişdir ki, biz Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu
Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Ölkə Prezidenti sentyabr ayında
Laçın rayonuna səfər etdi və şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı. Bu tarixi məqamı
xatırlatmağımız səbəbsiz deyil. Qısa müddətdə, 8 ay ərzində Laçın şəhərinin böyük bir hissəsinin 
yenidən qurularaq sakinlərini  qarşılaması bir daha ölkəmizin hansı imkanlara malik, eyni zamanda,
Azərbaycan xalqının qurucu xalq olduğunu dünyaya nümayiş etdirir. Cənab İlham Əliyev Laçın
şəhərinə qayıdan əhali ilə görüşündə bildirdi ki, ilk 20 ailə artıq Laçında yerləşdi və iyun ayının sonuna
qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan
yaşayacaq. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib. Onlardan 620-si fərdi, 9 çoxmənzilli
binadır. Bu, hələ tam proqram deyil. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı dəqiq
təsəvvür var. İlin sonuna qədər daha çox insanın Laçında yaşaya biləcəyi diqqətə çatdırıldı.
Cavad Cəlilov,
Sabirabad RİH başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


23:44 30.05.2023