

Mayın 27-28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə 44
günlük Vətən müharibəsi zamanı azad edilən ərazilərə səfər edib. Bu dəfə ölkə başçısı Kəlbəcər
və Laşın rayonlarında olub, bir sıra açılışlarda iştirak edib və görülən işlərin vəziyyəti ilə tanış
olub.
Belə ki, təkcə Laçın rayonunda olarkən Prezident İlham Əliyev mayın 27-də
“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” və “Laçın” şəhər
yarımstansiyalarının açılışında, rayonun Qorçu və Şəlvə kəndlərinin, Laçın şəhərində ilk
çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak edib, Laçın şəhərində Aqro
və Sənaye Parkındakı işlər və Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.
Ertəsi gün Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində,
Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin və “1
Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib, İşğal və Zəfər Muzeyi Kompleksinin
təməlinin qoyulması mərasimində iştirak edib, Prezidentə Laçın şəhərinin Baş planı təqdim
olunub.
Həmin gün Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin
açarlarını onlara təqdim edib. Görüşdə çıxış edən ölkə başçısı bir sıra məqamlara toxunub. O,
bildirib ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq
Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə
Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa
edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır.
Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər.
Hazırda Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm
insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi
uğurları ilə eyni səviyyədə olsun. Şəhərdə tibb məntəqəsi hazırlanır, yeni məktəb binası tikilir.
Burada onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı
yaradılmaqdadır, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması,
məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Laçında əhalinin məşğulluğunun
təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida,
sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda
fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. Qeyd edək ki, Aqro və
Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay
aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub.
Ölkə başçısı bildirdi ki, mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran
qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına
qaytarıb. Cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların
sərəncamına veriləcəkdir.
Prezident İlham Əliyev vurğuladı ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan
sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü
tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın
Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var,
amma tam nəzarət altındadır. Bir sözlə Azərbaycan öz əzəli torpaqlarının sahibi olduğunu
hamıya bəyan etdi.
Anar Xəlilov,
Sabirabad RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə
iş şöbəsinin baş məsləhətçisi