

Son illər xüsusən Rusiya – Ukrayna müharibəsi fonunda Avropanın Azərbaycana olan marağı
günü – gündən artmaqdadır. Azərbaycanın dünya miqyasında nüfuzu artmaqda, beynəlxalq əlaqələri
genişlənməkdədir. Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri və ayrı-ayrı dövlətlərin
başçılarının Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın rəhbərliyi ilə
həyata keçirilən irimiqyaslı layihələr ölkəmizə marağı getdikcə artırır. Prezident cənab İlham Əliyevin
və birinci vitse-prezident Mehriban xanım Əliyevanın cari ilin may ayının 22-də Litvaya səfəri bu
konteksdə mühüm əhəmiyyət kəsb etməklə yanaşı, iki ölkə arasında münasibətlərin inkişafında yeni bir
mərhələnin başlanğıcıdı.
Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur, həmçinin Azərbaycan
və Litva strateji tərəfdaşlarıdır. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci
ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb.
Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı - Azərbaycan çərçivəsində də önəmli rol
oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır.
Statistika göstərir ki, ixrac edilən qazın həcmi ildən - ilə artır. Litvada və Azərbaycanda bərpaolunan
enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm
Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir.
Cənab Prezident İlham Əliyevin rəsmi səfər çərçivəsində mətbuata verdiyi müsahibədə
Azərbaycanla Litva arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirərək qeyd etdi
ki, bu iki ölkə arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə tamamlanır.
Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Bunlar
qarşılıqlı etimadın, qarşılıqlı inamın və təbii ki, qarşılıqlı siyasi tərəfdaşlığın nəticəsidir. Azərbaycanla
Litva etibarlı iqtisadi tərəfdaş olmaqla bərabər, etibarlı siyasi tərəfdaşdır. Hər iki dövlət dünyəvi
məsələlərdə haqqın, gerçəkliyin tərəfindədir və bu mövqe hər ikisinin tolerantlığından irəli gəlir.
Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen
ehtiyatlarına, inkişaf etmiş yanacaq – energetika infrastrukturuna və özünü tam təmin edən enerji
sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində
getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və
Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi
mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.
Bir vaxtlar özünün daxili enerji tələbatını ödəmək gücündə olmayan, yalnız idxal gücünə
ayaqda dayanan Azərbaycan indi təkcə mövcud olduğu yox, o cümlədən Avropanın enerji
təhlükəsizliyinin təminatında olduqca mühüm rol oynayır və bu, ölkəmizin beynəlxalq birliyin daim
xüsusi diqqət mərkəzində qalmasının səbəblərindən biridir.
Həmçinin enerji təhlükəsizliyi təminatında Azərbaycanın rolunun gündən-günə artması
ölkəmizlə dünya dövlətlərini, xüsusən də Qərbi bu sferada daha sıx əməkdaşlığa sövq etməkdədir.
Buna əsas səbəb həm enerji ehtiyatları ilə kifayət qədər zəngin olan Azərbaycanın uzun müddət
Avropanın enerji tələbatının ödənilməsində vacib rola malik tərəflərdən biri kimi çıxış etməsi, həm də
Azərbaycanın iştirakı olmadan Mərkəzi Asiyadan başlayaraq, Qafqazı keçməklə Türkiyə və Avropa
istiqamətində uzanan enerji layihələrinin reallaşdırılmasının mümkünsüzlüyüdür.
Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən
Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri
kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada
yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Yəni Azərbaycan
qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Bunu tərəfdaşlıq etdiyimiz böyük ölkələr də
bölüşür.
Azərbaycanın qitədə enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkə
sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Məhz elə buna görədir ki,
dünyanın hətta ən qüdrətli dövlətləri belə enerji sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm
verməklə yanaşı, bundan, sözün əsl mənasında, qürur hissi keçirdiklərini də açıq bildirirlər.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri