

Son illər Azərbaycanın dünya miqyasında nüfuzu artmaqda, beynəlxalq əlaqələri
genişlənməkdədir. Cənab Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri və ayrı-ayrı
dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın
rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizə marağı getdikcə artırır. Yüksək səviyyəli
siyasi və iqtisadi əlaqlərin olduğu və strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu ölkələrdən biri də
Litvadır.
Qeyd edək ki, Litva Azərbaycanın müstəqillikdən əvvəl də əlaqələrinin olduğu az sayda Avropa
ölkələrindən biridir. Azərbaycanla Litva keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olublar. İki
ölkə arasında iqtisadi, mədəni əlaqələrin əsası da məhz həmin dövrdə qoyulub. Azərbaycanla Litva
arasında qarşılıqlı səfərlər, dövlət başçıları səviyyəsində keçirilən rəsmi və işgüzar görüşlər
münasibətlərin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Hələ Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərib. Görkəmli şəxsiyyət Vincas Kreve-
Mickevicisun 1919-cu ildə müstəqil Azərbaycan dövlətində Litvanın konsulu kimi çalışıb. Hazırda
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) litvalı dövlət xadimi və yazıçı Vincas Kreve-
Mickevicisun adını daşıyan auditoriya var.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordumuzun Baş Qərargah rəisi olmuş general-
leytenant Məhəmməd (Matvey, Matsey) Sulkeviç mənşəcə Litva tatarlarındandır. 1920-ci ildə
Cümhuriyyət süqut etdikdən sonra o, bolşeviklər tərəfindən həbs olunub və Bayıl həbsxanasında
güllələnib. Azərbaycanın görkəmli dövlət xadimi olan general-leytenant güllələnmə üçün aparılarkən
“Xoşbəxtəm ki, müsəlman ordusunun əsgəri kimi ölürəm” söyləyib.
Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (20 dekabr 1991-ci il). İki ölkə
arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda,
həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb.
Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 41 sənəd imzalanıb.
Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası
Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə
Bəyannamə” xüsusi yer tutur.
Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı
çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır.
Litva Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdən biridir.
Azərbaycanın Avropa İttifaqı üçün önəminin daha bir nümunəsi qurumun 9 üzv ölkəsi ilə artıq strateji
tərəfdaşlıq haqqında bəyannamə imzalamasıdır. Bu, üzv dövlətlərin üçdə biri deməkdir.
Litvanın respublikamızla müxtəlif sahələrdə əməkdaşlığa böyük maraq göstərməsi heç də təsadüfi
xarakter daşımır. Bildiyimiz kimi, Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı
birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Litvanın da diqqətini cəlb
edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın
regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji
siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində
müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen
ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan
Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın
tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Öz növbəsində Avroatlantik məkana intensiv
surətdə inteqrasiya edən Azərbaycan da Litva ilə əməkdaşlıqda maraqlıdır.
Mayın 22-də keçirilən görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan
dövlətinin başçısı cənab İlham Əliyev bəyanatında bildirmişdir: “Biz bu gün, eyni zamanda, Litvada və
Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıq. Biz gördük
ki, bu istiqamətdə də demək olar, paralel şəkildə gedirik. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox
böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün
olacaq.
Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da
rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür.
Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm
sürən yeni geosiyasi reallıq bunu diktə edir.
Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır və artacaq. Müasir
infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə
birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, biz birgə səylərlə həmin birləşmə layihələrini
həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq.”
Azərbaycanla Litva arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir
sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır.
Beləliklə, bu gün Azərbaycanla Litva bir-birini hərtərəfli surətdə dəstəkləyən siyasi, iqtisadi,
elmi-texniki və digər sahələrdə tərəfdaş ölkələrdir. Bu iki ölkə arasında münasibətlər başlıca olaraq
qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi və bir sıra digər
mütərəqqi prinsiplərə söykənir.
Telman Əzimov,
Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi