

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın
mayın 22-də Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının
genişlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu səfər Prezident İlham Əliyevin Litvaya
sayca 4-cü səfəridir. Səfər çərçivəsində litvanın dövlət başçısı və Baş naziri ilə məhsuldar görüşlər
keçiilmiş, bir sıra mühüm sənədlər imzalanmış və biznes forumu təşkil olunmuşdur. İki ölkənin
rəhbərləri mətbuata bəyanatlarla çıxış edərək, ümumiyyətlə, səfər proqramının kifayət qədər geniş
olduğunu vurğulamış, bu səfərin əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyinə
inamlarını ifadə etmişlər.
Qeyd edək ki. Azərbaycan və Litva arasındakı qarşılıqlı əlaqələr tarixi köklərə malikdir. Hələ
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərib. Litva
1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ulu öndər Heydər Əliyev 1993-
cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkələrimiz arasında diplomatik münasibətlər və strateji
tərəfdaşlıq kifayət qədər sürətlə inkişaf etməyə başlamışdır. Bu gün Azərbaycan və Litva strateji
tərəfdaşlardır. İki ölkə arasında indiyədək 50-dək sənəd imzalanıb ki, bunların da içərisində 2007-ci
ildə Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin
Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur.
Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı
çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır. Litva
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdən biridir. Azərbaycan
Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir. Bundan əlavə,
2008-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti
arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq haqqında Saziş”ə əsasən, ikitərəfli
əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təsis olunub. Azərbaycan Avropanın enerji
təhlükəsizliyini təmin edən önəmli ölkə kimi Litva ilə əlaqələrə ciddi önəm verir. Çünki enerji
layihələrin şaxələndirilməsi rəsmi Bakının qarşıya qoyduğu əsas hədəflərdəndir.
Münasibətlərin parlament ölçüsü də diqqətçəkəndir. Milli Məclisdə Litva ilə parlamentlərarası
əlaqələr üzrə işçi qrup, Litva Seymində isə Azərbaycanla parlamentlərarası əlaqələr qrupu fəaliyyət
göstərir. Bu platformada yüksək səviyyəli rəsmi təmaslar, səfərlər intensivləşir, mütəmadi görüşlər
münasibətlərin inkişafına töhfə verir. Azərbaycan və Litva şəhərləri qardaşlaşıb. Bu xüsusda Şəmkir-
Şyaulyay, Qazax-Trakay, Ağstafa-Birştonas və Səbail-Druskininkay qardaş şəhər və rayonlardır.
Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra bölgədə və ölkəmizdə yaranmış yeni reallıqlar
və quruculuq işləri fonunda Prezident İlham Əliyevin Litvaya səfəri iki ölkə arasında qarşılıqlı
maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq
münasibətlərinin getdikcə inkişaf etməsi üçün yeni imkanların açılması baxımından çox əhəmiyyətli və
əlamətdardır.
Solmaz Səmədova,
Sabirabad RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş
məsləhətçisi