isaznow.com
Az Iw En Ru

Azərbaycanın dünya miqyasında nüfuzu artmaqda, beynəlxalq əlaqələri genişlənməkdədir

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasına rəsmi
səfərə gəlib. Səfər çərçivəsində Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva
Respublikasının Prezidenti Gitanas Nauseda ilə məhdud və geniş tərkibdə görüşləri, Azərbaycan-Litva
sənədlərinin imzalanması mərasimi  keçirilib. Mərasimdən sonra hər iki prezident mətbuata
bəyanatlarla çıxış ediblər. Həmçinin həmin gün prezidentlər Azərbaycan-Litva biznes forumunda
iştirak ediblər.
Qeyd edilməlidir ki, Azərbaycan ilə Litva arasında iqtisadi əməkdaşlığı dərinləşdirən güclü
potensial var. Məsələn, hər iki dövlət bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni
istiqamətdə fəaliyyət göstərir, Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi mənbələrini
hərəkətə gətirir.
Hazırda Azərbaycan və Litvada bu istiqamətdə bir sıra layihələr gerçəkləşdirilir.
Respublikamızda enerji təhlükəsizliyi mövcuddur. Lakin bununla belə, Azərbaycanın qarşısında ixrac
məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin
günəş və külək enerjilərindən yararlanmaq önəmli vəzifə kimi durur. Respublikamız 2027-ci ilə qədər
Avropaya təbii qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Yeri gəlmişkən, əgər 2021-ci ildə
Avropaya təbii qaz təchizatı 8 milyard kubmetr olubsa, həmin göstəricinin bu il 12 milyard kubmetrə
çatdırılacağı və bunun 2027-ci ilə qədər 20 milyard kubmetr təşkil edəcəyi nəzərdə tutulur.
Dövlətimizin başçısının sözlərinə əsasən, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur.
Prezident İlham Əliyev mayın 22-də Vilnüsdə keçirilən Azərbaycan–Litva biznes forumundakı
çıxışında işgüzar dairələrin nəzərə alacaqları digər mühüm sahəyə–logistika, şəbəkələr və daşımalarda
olan böyük potensiala da toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: “Biz daşımalar sektorunu
yalnız tranzit gəlirləri baxımından yox, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca
istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsəti kimi görürük”.
Həqiqətən də, ölkə rəhbərinin nitqində vurğulandığı kimi, bu gün Litva və Azərbaycan öz
regionlarında mühüm daşımalar qovşağıdır. Bu isə Xəzər və Baltik regionları arasında şəbəkə qurmaq
zərurəti yaradır. Azərbaycan neft və qaz boru kəmərləri ilə regionda tamamilə yeni vəziyyət yaradır.
Bakının dəniz limanı infrastrukturuna, Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə
böyük investisiya qoyması təbii ki, qeyd edilən bağlantıların möhkəmlənməsini, daşımaların həcminin
daha da artmasını şərtləndirir. Litvanın biznes dairələrinin də bu fürsəti dəyərləndirmək üçün münasib
vaxtdır.
Bir sözlə, Azərbaycanın yükdaşımaları sistemində böyük imkanlar var. Belə bir şəraitin hazırkı
geosiyasi vəziyyətdə əlavə dəyərin əldə olunmasına da mühüm təsiri danılmazdır.
Ölkələrimiz arasında müxtəlif sahələrdə–energetika, yaşıl enerji, nəqliyyat təhlükəsizliyi, ətraf mühitin
qorunması, gənclər, səhiyyə, pensiya islahatı, İT və mina əleyhinə layihələr üzrə əməkdaşlıq üçün
sazişlər imzalanıb. Gələcəkdə işğaldan azad olunan bölgələrimizdə “ağıllı kənd” və “ağıllı şəhər”
konsepsiyasının qurulmasında, İT sahəsində mütəxəssislərin yetişdirilməsində, qeyri-neft sektorunun
inkişafında Litva əhəmiyyətli töhfələr verə bilər.
Piri Hüseyinli,
Sabirabad rayonu “Omega Hospital”ın icraçı direktoru


03:32 25.05.2023