isaznow.com
Az Iw En Ru

Ulu Öndərin ideyaları alternativsizdir

Dövlətimizin başçısının Heydər Əliyevin 100 illiyi ilə bağlı tarixi bəyanatlarını Şuşadan
səsləndirməsinin böyük mənəvi əhəmiyyəti mövcuddur. Prezident İlham Əliyev Ümummilli Lider
Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanatlarını Şuşadan – Azərbaycanın mədəniyyət paytaxtından
verdi. Ulu Öndərin 100 illiyi ilə bağlı bu möhtəşəm çıxışın Şuşadan edilməsi hər şeydən əvvəl Heydər
Əliyevin ruhuna, onun böyüklüyünə, şəxsiyyətinə olan sonsuz hörmət və ehtiramın nümunəsi idi.
Çünki bu dahi şəxsiyyətin ən böyük arzusu bütün torpaqlarımızın, eyni zamanda, Qarabağın tacı
sayılan Şuşanın işğaldan azad edilməsi idi. Təsadüfi deyil ki, dövlət başçısı çıxışında bildirdi ki, məhz
Şuşanın azad olunması ilə Heydər Əliyevin əsas arzusu yerinə yetirildi. Prezident çıxışında bu fakta
diqqət çəkərək demişdir: “…Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya
azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-
ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi
raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət
etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham
Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim,
ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.
Bu sözlər Prezident İlham Əliyevin Azərbaycan xalqının, onun əbədi lideri Heydər Əliyevin
arzusuna, vətənin sərhədlərini, ərazi bütövlüyünü təmin etmək zərurətinə necə böyük önəm verdiyini
göstərir.
Dövlət başçısının Azərbaycan gəncliyi ilə bağlı səsləndirdiyi fikirlər də qürurvericidir. Dövlət
başçısı Şuşadakı tarixi çıxışında Azərbaycan gəncliyinə, onun qəhrəmanlığına da xüsusi diqqət yetirdi.
Prezident qeyd etdi ki, Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə bağlıdır. Ölkə başçısı
gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan iftixarla bəhs etdi. Gənclərin
yüksək mənəvi-fiziki göstəricilərə malik olması, Şuşa kimi alınmaz qalanın yüngül atıcı silahlarla
alınması gerçəyi də dövlət başçımızın çıxışında yer tutan mühüm məqamlardan idi.
Prezident Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü mühüm işlərə də diqqət çəkdi.
Vurğuladı ki, Azərbaycanda nizami ordunun yaranması məhz Ulu Öndərin adı ilə bağlıdır. Heydər
Əliyevin ağır iqtisadi-maliyyə şəraitində belə ordu quruculuğu istiqamətində mühüm addımlar atması,
ordunun hərbi kadrlarla, lazımi maddi-texniki baza ilə təmin etməsi yaxın keçmişimizin məlum
həqiqətlərindəndir.
Bizim üçün sevindiricidir ki, vaxti ilə Heydər Əliyevin yaratdığı nizami ordu hazırda nəinki
regionun ən güclü ordusudur, həm də dünyanın ən qüdrətli silahlı qüvvələrindən biridir. İkinci Qarabağ
müharibəsində ordumuzun düşmən üzərində əldə etdiyi tarixi qələbə bu həqiqəti bir daha sübut etdi. Bu
zəfər həm də onu göstərdi ki, heç kim Azərbaycan xalqının, onun Prezidentinin, qüdrətli ordumuzun
iradəsi qarşısında davam gətirə bilmədi və bundan sonra da davam gətirə bilməyəcək.
Vəli Rəhimov,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini


16:52 13.05.2023