

Dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə
bağlı Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşadan müraciətində onu da xüsusi
qeyd etdi ki, bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.
«Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq.
Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini
yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də
Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını
qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı – bu gözəl diyarın bərpası
missiyasını da şərəflə yerinə yetirəcəyik.» Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın
10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Qarabağın tacı, bütün türk
dünyasının mədəniyyət paytaxtı Şuşadan müraciətində bu əminliyi də ifadə etdi ki, bu gün atamın, bütün
əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək.
Həmin müraciətdə dövlət başçısı bildirdi ki, bir neçə gün ərzində 10 kəndin təməli qoyulub, bir
çox obyektlərin açılış mərasimi keçirilib. Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər,
tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir,
yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində
Azərbaycan xalqının maraqları dayanır.
Göründüyü kimi, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycan müharibədən dərhal sonra
işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verməklə, dünya hərb tarixində belə bir
ilkə imza atdı. Bu gün Böyük Qayıdış proqramı uğurla icra edilir. Prezident İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində
aparılan tikinti işləri ilə tanış oldular, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma
mərasimində, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Otel-Konqres
Mərkəzi Kompleksinin açılışlarında, Prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində dövlət
xidmətləri mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak etdilər.
Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev
Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak etdilər. Ümummilli Lider Heydər
Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən “Heydər Əliyev və Qarabağ” fotosərgisi və
Gül Festivalı ilə tanış oldular. Sonra ölkə Prezidenti, birinci xanım və ailə üzvləri Xurşidbanu Natəvan,
Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsində lövhələrin açılışlarında iştirak etdilər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər
Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində
yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisinin
açılışında iştirak etdilər. Həmçinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı
məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışlarında iştirak etdilər, Muzeydə sərgilənən
eksponatlar və sənət əsərləri ilə tanış oldular. Sonra Prezident İlham Əliyev və birinci xanım Şuşada
Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak etdilər.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Şuşa dirçəlib, iqtisadi, siyasi, humanitar və diplomatik
mərkəzə çevrilib. Prezident İllham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada Heydər
Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin
açılışında iştirak etdilər. Həmin gün ölkə Prezidenti Şuşada Molla Pənah Vaqif və Pənahəli xan
küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak etdi, Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış
binasının təməlini qoydu. Şuşada həmçinin, Atatürk küçəsinin lövhəsinin, “Azərişıq” ASC-nin Şuşa
Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışları oldu. Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfərlərinin ilk günündə Əhmədbəyli-Füzuli-Şuşa
magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olmuşdular. Cənab İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri davam edir. «Xarıbülbül» musiqi festival
çərçivəsində Qarabağın tacında görülən işlərin miqyası genişdir.
Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərindən bəhs
edərkən bu çağırışı edir: «Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli
olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax,
viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib.»
Valid Hüseynov,
Sabirabad rayonu Qalağayın bələdiyyəsinin sədri