isaznow.com
Az Iw En Ru

Ulu Öndər hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb

Böyük şəxsiyyətlər yaşamasaydı, bəşəriyyətin tarixi təsəvvürə gəlməz dərəcədə kasıb və
maraqsız olardı. Tarix özünün yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur.
Tarixin bütün dövrlərində inkişafı yaradan fundamental əsas rolunda dahi şəxsiyyətlər, liderlər çıxış
edib və bu gün də çıxış etməkdədirlər. Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt saya bilər ki, onun
XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi ümummilli lider Heydər
Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur.  Dövlətçilik salnaməmizdə silinməz
izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan
Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.
10 may xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü kimi qeyd
olunur. Yaşarı dünyasından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız
sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni,
xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında
ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. ”Mənim həyat amalım yalnız bütün
varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi-mədəni
inkişafına xidmət olub”, – deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində
qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya ölkələri sırasında layiqli
yerə çıxarıb. Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda
törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində
bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının
cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ
rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist
Partiyasının sıralarını tərk edib.
Ulu Öndər Heydər Əliyev milli təhlükəsizlik orqanlarının zabiti olanda da, həmin orqanın ən ali
kürsüsündə çalışanda da, Azərbaycan KPMK-nın birinci katibi, SSR-i Nazirlər Sovetinin birinci
müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, nəhayət, Azərbaycan Respublikasının
Prezidenti olanda da onun bir məqsədi, bir amalı var idi -Azərbaycana sədaqətlə xidmət etmək. O
deyirdi: “Azərbaycan Respublikasının bugünki ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə
dərk edirəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə gəlsin müstəqilliyini
itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına
düşməyəcəkdir.”
Biz Ulu Öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda
görəcəyik ki, dediyimiz bu era ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və
mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr
Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir.
Əlbəttə ki, Ulu öndərin hakimiyyətinin ikinci dövrü Onun SSRİ rəhbərliyinə aparılması ilə bağlıdır. Bu
dövrdə də yenə Azərbaycan daima Ulu öndərin diqqətində olmaqla respublikamızın inkişafı başlıca
məsələ kimi SSRİ rəhbərliyinin diqqət mərkəzində tutulurdu. Və nəhayət Ulu öndərin sonrakı
mərhələdəki fəaliyyəti Onu artıq müstəqil bir dövlətin, müstəqil bir xalqın lideri kimi
səciyyələndirməyə imkan verir. Genetik olaraq, liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan
Heydər Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən, XX əsrin sonlarında
bunları proqnozlaşdırmağı, həmçinin, öz yeri və mövqeyini bu proseslərin içində müəyyənləşdirməyi
dəqiqliklə bacarırdı. Eyni zamanda, Onun qəbul etdiyi şəxsi qərarlar bir növ Azərbaycan xalqının siyasi
qərarlarına çevrilirdi. Ən əsası isə bu qərarlar uzaqgörən və məqsədyönlü, konkret hədəfə doğru
istiqamətlənmiş olduğu üçün bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrildi.
Tural Hüseynzadə,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatınn əməkdaşı


17:43 10.05.2023