

1991-1994-cü illərdə Türkiyənin Xarici İşlər naziri olmuş Hikmət Çətin Ulu Öndər Heydər
Əliyevlə bağlı xatirələrindən birində nəql edir ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə
ərazisindən keçməsi məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyətli mövqeyi sayəsində mümkün
olub. Ulu Öndər o zaman göstərilən təsir və təzyiqlərə baxmayaraq, alternativ yollarla bağlı bütün digər
təklifləri rədd edib və birmənalı şəkildə bildirib ki, ya bu kəmər Türkiyədən keçəcək, ya da
ümumiyyətlə olmayacaq. Sabiq nazir Heydər Əliyevlə görüşündən maraqlı bir epizodu da yada salır.
Həmin görüşdə o, Ulu Öndərə deyib ki, nə yaxşı oldu, Siz Sovet İttifaqı rəhbərliyinə gəlmədiniz.
Heydər Əliyev niyə bu cür düşündüyünün səbəbini soruşduqda, Hikmət Çətin belə cavab verib:
“Qorbaçovun əvəzinə Siz olsaydınız, SSRİ dağılmayacaqdı”.
Ulu Öndər fəaliyyətinin müxtəlif dövrlərində ayrı-ayrı fərdlərin naxələfliyi və qısqanclığı ilə
yanaşı, geniş inzibati resurslara malik olan bəzi siyasi qruplaşmaların təqibi ilə də üzləşməli olub.
Prezident İlham Əliyev bu ilin aprelində Qazaxıstana rəsmi səfəri zamanı Astananın ən böyük
küçələrindən birinə Ulu Öndərin adının verilməsinə həsr olunmuş açılış mərasimində bu acı xatirələri
də yada saldı: “Həyatının müəyyən dövründə o, haqsızlığa, təzyiqlərə məruz qalırdı. Ona qara yaxılır,
böhtan atılırdı. Lakin Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə-Azərbaycan xalqının
gələcəyi məhz onun kimi insanlardan asılı olanda o, ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq
dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi”.
Heydər Əliyev SSRİ-də Baş katib postuna əsas namizədlərdən biri olduğu dövrdə siyasi
qısqanclıq səbəbindən Mixail Qorbaçov və onun etnik ermənilərdən ibarət olan rəsmi ətrafı tərəfindən
təqib olunmağa başladı. Çünki bu xəbis qruplaşma çox yaxşı bilirdi ki, Heydər Əliyevin birinci şəxs
olması ilə onların bütün arzuları, o cümlədən Qarabağa aid məkrli planları da iflasa uğrayacaq. Həmin
çətə əllərində olan inzibati resursları, eləcə də sovet Azərbaycanındakı xain xislətli əlaltılarını səfərbər
edərək, Ulu Öndərin birinci posta yüksəlişinə mane oldular. Bununla kifayətlənməyərək, Heydər
Əliyevlə yanaşı, onun ailə üzvlərini də təqib etməyə başladılar. Ulu Öndər 1987-ci ilin oktyabrında
İttifaq rəhbərliyində çalışdığı yüksək vəzifələrdən getdikdən cəmi 25 gün sonra Qorbaçovun iqtisadi
məsələlər üzrə müşaviri A.Aqanbekyan Fransaya səfər etmişdi. O, həmin vaxt Parisdə “Humanite”
qəzetinə müsahibə verərək bildirmişdi ki, “Dağlıq Qarabağ tezliklə Ermənistana birləşdiriləcək”.
Müsahibədən heç üç ay keçməmiş- 1988-ci ilin fevralında erməni separatçıları Qarabağda açıq
fəaliyyətə keçdilər. Mixail Qorbaçovun rəhbərlik etdiyi qruplaşma erməni separatçılığını çəkinmədən
ona görə təşviq edə bildilər ki, Heydər Əliyev artıq rəhbərlikdə deyildi. Həmin mənfur çətə Ulu Öndər
Heydər Əliyevi siyasi mənada təcrid etməkdən əlavə, onun həyat və sağlamlığını da hədəfə almışdı.
Qorbaçov və ətrafı xüsusi xidmət orqanlarının əli ilə Heydər Əliyevi və ailə üzvlərini təqib edir, Ulu
Öndərin Azərbaycanla bütün əlaqələrini kəsməyə çalışır və onun Vətənə qayıdışına əngəllər yaradırdı.
O dövrdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi fəaliyyət göstərən İlham
Əliyev məhz Kremlin göstərişi ilə tədris ocağından kənarlaşdırıldı. Faktiki təcrid edilmiş vəziyyətdə
yaşamalı olan Ulu Öndərin səhhətinə ilk ağır zərbə elə o dövrdə vuruldu. Heydər Əliyev davamlı
şəkildə təqib olunmasına baxmayaraq, Bakıda qanlı 20 Yanvar cinayəti törədildikdən dərhal sonra ailə
üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və Mixail Qorbaçov başda olmaqla
SSRİ rəhbərliyinə qarşı etiraz səsini ucaltdı. Ulu Öndərin etiraz səsi beynəlxalq birlik tərəfindən
eşidildi. Əvvəla ona görə ki, imperiyaya qarşı etiraz səsini dünya liderlərinin yaxşı tanıdığı görkəmli
dövlət xadimi ucaltmışdı. İkincisi, Heydər Əliyev Qorbaçovun əlində cəmləşən təhlükəli repressiya
imkanlarına baxmayaraq, bunu Moskvada ola-ola, diplomatik nümayəndəliklərin fəaliyyət göstərdiyi
imperiya paytaxtında etmişdi. Dünya liderləri və nüfuzlu beyin mərkəzləri etiraz səsini ucaldan Ulu
Öndərin siyasi çəkisinə yaxşı bələd idilər. Elə bu səbəbdən, Heydər Əliyevin öz kəskinliyi ilə seçilən
ictimai etirazı həmin dövrdə mövcud olan informasiya blokadasını yara bildi.
Heydər Əliyevin bu addımı həm özü, həm də doğmaları üçün yeni təhlükələr yaradırdı və Ulu
Öndər bunun fərqində idi. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondadır ki, hətta imperiyanın
repressiya təhlükəsi onu öz xalqının yanında olmaqdan çəkindirə bilmədi. Çünki Heydər Əliyev sidq
ürəkdən bağlı olduğu Azərbaycan naminə hər cür fədakarlığa və bir çox müasirlərindən fərqli olaraq,
şəxsi fədakarlığa hazır idi. Həyatına sui-qəsd cəhdlərinin edildiyi sonrakı illərdə belə, Heydər Əliyev
tərəddüdlərə yer qoymayan qətiyyətli mövqeyindən geri çəkilmədi. Ulu Öndər bu seçimini
düşmənlərimizə və bədxahlarımıza açıq şəkildə bu sözlərlə çatdırmışdı: “Əgər hansı bir namərd gülləsi,
hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil
Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq!”
Bu da həqiqətdir ki, böyük şəxsiyyətlərin paxıllığını çəkən, uğurlarına xəbisliklə yanaşanlar
bütün dövrlərdə və bütün cəmiyyətlərdə olur. Heydər Əliyev fenomeninə, onun siyasi irsinə qısqanclıq
edənlər indinin özündə də var. Onların sayı çox cüzi olsa da, ürək bulandırmaq vərdişlərindən əl
çəkmirlər. Buna görə istisna etmirəm və daha çox inanıram ki, həmin siyasi nakamlar hörmətli Hikmət
Çətinin Ulu Öndərlə bağlı xatirələrindən yuxarıda gətirdiyim iqtibası öz xəbis xislətlərinə və dayaz
düşüncələrinə uyğun şəkildə yozmağa cəhd edə bilərlər. Nazirin xatirələrinə kölgə salmaq üçün, həmişə
olduğu kimi, deyəcəklər ki, Heydər Əliyev demokratik bir dövlətin deyil, Sovet İttifaqı kimi totalitar
quruluşun rəhbərliyinə əsas namizədlərdən biri olub, bəs, demokratiya, bəs, insan haqları və sair və
ilaxır... Amma bu qafillər böyük mütəfəkkir İmmanuel Kantın müdrik kəlamlarından birində ifadə
etdiyi hikməti görməzdən gələcəklər: “Dahilik elə işlər görməkdir ki, onları başqalarından öyrənmək və
başqalarına öyrətmək mümkün deyil”. Hər zaman siyasi fiaskoya uğramış bu azlıq ya bilmir, ya da
qəsdən unudur ki, dahi bütün işlərində dahi olur. Hətta yaşadığı ictimai-siyasi quruluşun təhlükəli
mahiyyəti belə, Ulu Öndərimiz kimi güclü şəxsiyyəti xalqımıza xidmət amalından çəkindirə bilməzdi.
Elə bu səbəbdən, imperiyanın ən ağır qadağaları da Heydər Əliyevi Azərbaycan xalqına xidmətdən
çəkindirə bilmədi, Ulu Öndərin tarixi köklərimizə və milli-mənəvi dəyərlərimizə bağlılığı həyatı
boyunca bütün seçimlərin fövqündə dayandı. Heydər Əliyevin ömür yolu həmin dəyərlər üzərində
ucaldığına görə, məhz onun təşəbbüsü ilə, hətta sovet Azərbaycanının Konstitusiyasında bu müddəa
təsbit olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. O
dövrdə Kremlin gizli qadağalarına və məxfi təlimatlarına baxmayaraq, Heydər Əliyev 1971-ci ildə
Bakıda Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaradılmasına nail oldu. Bu, siyasi məfkurəsi milli
ideologiya üzərində ucalan Ümummilli Liderin gələcəyə-28 il sonraya hesablanmış baxışının təməl
sütunlarından idi. Ulu Öndər 1999-cu ildə təsis etdiyi Hərbi Akademiyanı məhz bu sütunlar üzərində
ucaltdı. Heydər Əliyev milli dövlətçilik ideologiyasına ruhən o qədər bağlı idi ki, fərqli zamanlarda və
fərqli quruluşlarda atdığı addımlar, qəbul etdiyi qətiyyətli qərarlar müstəqil dövlətçiliyimizin təşəkkül
tapmasına xidmət göstərdi. Ulu Öndər sovet imperiyası hələ ayaqda ikən-1990-cı il noyabrın 17-də
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını Naxçıvan MR-ın dövlət rəmzi qismində
təsdiq etdi və Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırdı ki, məhz bu bayraq Azərbaycanın
dövlət rəmzi olsun. Heydər Əliyev şəxsiyyətinə siyasi qısqanclıqla yanaşanlar, hətta onun müasiri
olmuş bir çox dövlət başçısı vaxtında öz xalqları naminə qətiyyətli addım ata bilmədiklərini zəmanənin
çətinliyi, xarici təsir və təzyiq amili ilə izah etməyə çalışsalar da, əslində, bu, sadəcə, bəhanədir. Heydər
Əliyev keçdiyi həyat yolu və imza atdığı tarixi qərarlarla sübut etdi ki, bu bəhanəni gətirənlər tarixdə iz
qoymayan, dövlət rəhbərliyində və siyasətdə təsadüfi olan şəxslərdir. Həyat onu da sübut etdi ki, yalnız
Heydər Əliyev kimi böyük dövlət xadimi tarixi proseslərin axarını dəyişə və xalqın taleyində həlledici
missiyanı yerinə yetirə bilir. Ulu Öndərin ömür yoluna cılız qısqanclıq hissi ilə yanaşan siyasət
nakamları təsəllini yalnız Hötenin bu məşhur deyimində tapırlar: “İstedadsız adam üçün dahinin də
ölməz olmaması ən böyük təskinlikdir”.
Ötən əsrin 90-cı illərinin əvvəlində yalnız Heydər Əliyev fenomeninə və şəxsiyyətinə görə
prezident seçkilərində yuxarı yaş məhdudiyyətinin tətbiq edilməsi elə həmin siyasi uğursuzların
növbəti gülünc ixtirası idi. Amma onlar xalqın etirazı, Ulu Öndərə bəslənən sonsuz inam və etimad
qarşısında tab gətirə bilmədilər. AXC-Müsavat hakimiyyəti dövründə ölkədə dərəbəylik o həddə
çatmışdı ki, sıravi vətəndaş qanunlarla deyil, ayrı-ayrı silahlı dəstələrin zoru ilə hesablaşmağa məhkum
edilmişdi. Dövlət idarəçiliyindəki səriştəsizlik və qəbul edilən məsuliyyətsiz, səbatsız qərarlar, onsuz
da kövrək olan dövlət müstəqilliyimizi böyük təhlükələr qarşısında qoyurdu. İdarəçiliyin faktiki olaraq
itirilməsi özbaşınalığa rəvac verir, ictimai-siyasi həyatda hərc-mərcliyin, sosial sahədə isə ədalətsizliyin
hökm etməsinə zəmin yaradırdı. Bu vəziyyətdən istifadə edən Ermənistan şəhər və kəndlərimizi bir-
birinin ardınca işğal edir, mülki insanlarımıza qarşı qanlı müharibə cinayətlərini törətməkdən çəkinmir,
biz azərbaycanlıların öz Vətənimizdə məcburi köçkün vəziyyətinə salınması siyasətini həyata keçirirdi.
Sözsüz ki, dövlət idarəçiliyindəki mənəm-mənəmlik və özbaşınalıq cəbhədəki uğursuzluqlarımızı
şərtləndirdiyi kimi, torpaqlarımızın işğal edilməsi də ictimai-siyasi sabitliyin son həddə qədər
pozulmasına təkan verirdi. O zaman Azərbaycan dövlət müstəqilliyinin itirilməsi kimi real təhlükə ilə
üz-üzə, böyük vətəndaş müharibəsinin bir addımlığında dayanmışdı. Sıravi vətəndaş nəinki dövlət
institutlarına, hətta təhlükəsiz yaşamaq hüququna belə, inamını itirmişdi. Bu cür ağır vəziyyətdə
yaşamağa və acı məğlubiyyətlə barışmağa məhkum edilən xalqımız yeganə nicatını Heydər Əliyev
şəxsiyyətində, Ulu Öndərin zəngin dövlət idarəçiliyi təcrübəsində görürdü. AXC-Müsavat iqtidarının
əlindəki inzibati resurslardan geninə-boluna istifadə etməsinə, seçiciyə göstərdiyi təzyiqlərə və apardığı
əks-təbliğat kampaniyasına baxmayaraq, xalqımızı seçimindən çəkindirə bilmədi və sonda özləri də
xalqın iradəsi ilə hesablaşmağa məcbur oldular. Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ildə
ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev qəbul etdiyi ağır mirasın mürəkkəbliyini bu sözlərlə
ifadə etmişdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır... Azərbaycan
xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir”.
Heydər Əliyev bütün çətinliklərə, destruktiv siyasi qrupların təxribatlarına, kənardan göstərilən
təzyiqlərə, hətta həyatına edilən sui-qəsd cəhdlərinə baxmayaraq, xalqımızı ağır vəziyyətdən çıxara,
Azərbaycanı parçalanmaqdan xilas edə bildi. Həmin dövrdə görülən işlərin həyati əhəmiyyətini
Türkiyənin lX Prezidenti Süleyman Dəmirəl bu cür təsvir edirdi: “Azərbaycanda nə varsa, hamısı
Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır. Hörmətli Heydər Əliyevin Azərbaycana gətirdiyi ən
önəmli məsələlərdən biri də möhkəm sabitlikdir... Daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf,
quruculuq işləri başlandı”.
Ulu Öndər bənzərsiz idarəçilik təcrübəsi və qətiyyətli mövqeyi sayəsində 1994-cü il sentyabrın
20-də XX Əsrin Neft Kontraktının imzalanmasına nail oldu. Ölkəmizin iqtisadi müstəqilliyinə təminat
verən bu tarixi qərarı gerçəkləşdirmək üçün, Heydər Əliyev bir çox xarici dairələrin müqavimətini qırdı
və onların maneələrini dəf etdi. Ulu Öndər maraqları uzlaşmayan böyük güclərin maraqlarını
uzlaşdırmağa nail oldu. İqtisadi müstəqilliyimizin təmin olunmasına xidmət edən bu qərar ölkəmizin
gerçək mənada siyasi müstəqilliyinin də bərqərar olmasına imkan verdi. Sosial sahə ilə bağlı ağır
mirasın aradan qaldırılması, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin
yaxşılaşdırılması üçün real addımlar atıldı. Sıravi vətəndaş yenidən öz dövlətinə, təhlükəsiz və etibarlı
sabahına inanmağa başladı. ABŞ-ın sabiq Prezidenti Bill Klinton həmin dövrdə görülən taleyüklü işlərə
münasibətini bu cür ifadə etmişdi: “Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət
kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük
uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm“. Böyük
Britaniyanın sabiq Baş naziri Toni Bleyer ölkəmizdə aparılan sistemli dəyişikliklərin miqyasını bu cür
dəyərləndirmişdi: “Son beş ildə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu
sahəsində Prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə görülən işlər Britaniya Hökuməti tərəfindən
diqqətlə izlənilir və alqışlanır”.
Bütün bunlara görə Ulu Öndərin adı tarixə xalqımızın və dövlət müstəqilliyimizin Xilaskarı,
müasir Azərbaycanın memarı kimi həkk olunub. Türkiyənin sabiq Baş naziri Bülənd Ecevit Heydər
Əliyevin müstəqil Azərbaycan naminə göstərdiyi tarixi xidmətləri bu cür dəyərləndirmişdi: “Qüdrətli
öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür.
Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”. Fransanın sabiq Prezidenti Jak Şirak isə Ulu
Öndərə münasibətini bu cür ifadə etmişdi: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib
çıxarmışdır... Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi
iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik
edir”.
Heydər Əliyev ölkəmizi kritik vəziyyətdən çıxardığı o ağır illərdə belə, Türk dünyasının birliyi
ilə bağlı düşüncələrinin gerçəkləşməsi yolunda da siyasi iradə nümayiş etdirir, ortaq tarixi bağlarımızın
və milli-mənəvi dəyərlərimizin bütün siyasi maraqlardan üstün tutulması naminə qətiyyətli addımlar
atırdı. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ulu Öndərin Türk dünyasına xidmətləri
barədə belə deyir: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında tanınan və
sevilən lider idi... Böyük Heydər Əliyevin ruhu şad olsun deyə, biz Türk dünyasının birliyini və
qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq”. Qazaxıstan Prezidenti Kasım-
Jomart Tokayev Ulu Öndərin tarixi xidmətlərinə ehtiramını bu sözlərlə ifadə edir: “Əslində Heydər
Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin
parlaq nümunəsidir... Heydər Əliyev deyirdi ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və
Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin əsasıdır”.
Ulu Öndər fitri istedadı və böyük idarəçilik təcrübəsi, etibarlı tərəfdaş nümunəsi və yüksək
insani keyfiyyətləri ilə görkəmli dövlət xadimləri arasında elə dərin iz qoyub ki, tanınmış elm və
mədəniyyət xadimləri, nüfuzlu beyin mərkəzlərinin aparıcı simaları belə, Heydər Əliyevlə bağlı xatirə
və dəyərləndirmələrini ictimai şəkildə bölüşməyə ehtiyac duyublar. Dünyaca məşhur yazıçı Çingiz
Aytmatov Heydər Əliyevlə bağlı fikirlərini bu cür ifadə etmişdi: “Heydər Əliyev həqiqətən də tarixi,
hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli
çətinləşmiş müasir dünya şəraitində də belədir”. Ən nüfuzlu politoloqlardan biri hesab olunan və rəyi
ilə hesablaşılan Zbiqnev Bjezinski Ulu Öndərin şəxsiyyəti və dövlət xadimi keyfiyyətləri ilə bağlı
bunları deyib: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran
şəxsiyyət-bir sözlə, şəksiz liderdir”.
Nüfuzlu dünya liderlərinin, tanınmış elm və mədəniyyət xadimlərinin, say-seçmə siyasət
adamlarının Ulu Öndərimizlə bağlı səmimi xatirələri o qədər genişdir ki, onların hamısını kiçik bir
yazıda yada salmaq imkan xaricindədir. Amma həmin xatirələr, hətta ayrı-ayrılıqda belə, o deməkdir
ki, Ulu Öndərin şəxsiyyəti və bənzərsiz ömür yolu həmişə diqqətlə izlənilib və Heydər Əliyev
fenomeni ilə bütün dövrlərdə hesablaşılıb. Ulu Öndər xalqımızın taleyində və dövlət müstəqilliyimizin
qorunmasında yerinə yetirdiyi Xilaskar missiyasına görə tarixdə əbədi yaşayacaq Böyük
Azərbaycanlıdır. Ulu Öndər xalqımızın yaddaşında həm də ona görə əbədi yaşayacaq ki, Qarabağın
işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi və milli qürur hissimizin özümüzə
qaytarılması ilə bağlı olan Zəfər tarixinin altındakı Müzəffər imza Heydər Əliyevin fiziki və siyasi
varisi Prezident İlham Əliyevə məxsusdur. O şəxsiyyətə ki, Ulu Öndər 2003-cü ildə xalqımıza etdiyi
tarixi müraciətində siyasi varisi haqqında bu zəmanəti vermişdi: “ İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu Öndərin bu müraciətindən 20 il sonra Laçın-Xankəndi yolunun başlanğıcında qurulan
sərhəd-buraxılış məntəqəsinin üzərində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Qədim Şuşamızda isə
artıq iki il yarımdır ki, yenidən azan səsləri ucalır, “Xarı Bülbül” festivalının və Vaqif poeziya
günlərinin keçirilməsi ilə bağlı ənənəmiz də bərpa olunub. İndi bütün dünya, o cümlədən Ermənistan və
onun havadarları Prezident İlham Əliyevin dilindən bu sözləri eşidir: “Bu gün bizim bayraqlarımız, iki
qardaş ölkənin bayraqları-Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur
dağlarında, Şuşada bir yerdə dalğalanır və əbədi dalğalanacaq, hər zaman bir yerdə”.
Ulu Öndərimiz 30 il əvvəl siyasi iradə və qətiyyət nümayiş etdirərək deyəndə ki, XX Əsrin Neft
Kontraktı ya Türkiyədən keçəcək, ya da bu layihə ümumiyyətlə baş tutmayacaq, heç şübhəsiz, müstəqil
Azərbaycanın bu günü ilə yanaşı, Türk dünyasının gələcəyini də diqqətə alırdı. Həqiqətən də, dövlət
idarəçiliyində uzaqgörənlik yalnız dahi və milli-mənəvi dəyərlərə bağlı olan tarixi şəxsiyyətlərə məxsus
olur. Heydər Əliyevin bütün dövrlərdəki fəaliyyəti məhz bu dəyərlərimizə söykənirdi. Xalqa həsr
olunmuş bu cür bənzərsiz ömür yolu heç vaxt unudulmur, nəsillər dəyişsə də, xalqın yaddaşında əbədi
yaşayır. Elə buna görə də Heydər Əliyev zamanında deyirdi: “Nə qədər Azərbaycan var, mən də varam.
Mən isə Azərbaycanda əbədi olacağam!”
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru