isaznow.com
Az Iw En Ru

Ulu Öndərin uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün müasir və güclü ölkədir

Bu günlər Azərbaycan xalqı Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik
yubileyini böyük təntənə ilə qeyd edir. 2023-cü il tarximizdə böyük dövlət xadimi, ümummilli
liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” kimi
qalacaqdır. Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır.
Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi
və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan
dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin
siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə
edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və ölkəmizi dünyanın ən dinamik inkişaf
edən ölkələrindən birinə çevirib.
Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün
xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin
addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir. Görkəmli dövlət xadimi
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın arzusunda olduğu niyyətlər gerçəyə
çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur.  Dünya siyasətinin nəhənglərindən sayılan Heydər
Əliyev xalqının xilaskarı missiyası ilə Tanrı və zaman tərəfindən Azərbaycanın taleyinə bəxş edilmiş
və bu qürurlu taleyin zirvəsini müəyyən etmiş nadir şəxsiyyətlərdən biridir. Bu dahi insanın
Azərbaycan xalqının qan və qəlb yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq
məhəbbətini qazanan öndər kimi qalması heç şübhəsiz ki, təsadüfi deyildir. Xalqının taleyində, mənəvi,
siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət
adamı tapmaq gerçəkdən mümkünsüzdür. Elə bu səbəbdəndir ki, Heydər Əliyevi tanıdığımız gündən
ona ən böyük azərbaycanlı demişik.
Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək,
Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı
öz ətrafında birləşdirməyi bacarmışdır. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici
siyasət kursuna nəzər salmamaq mümkün deyildir. Heydər Əliyev mürəkkəb qlobal və regional
vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış
xarici siyasət kursu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu
Öndərimizin müəyyənləşdirdiyi xarici siyasətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ən başlıca yer tuturdu. Bu siyasət nəticəsində ölkəmiz diplomatik müstəvidə
Ermənistanı küncə sıxışdırdı və beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi
bütövlüyü tanınırdı. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan qələbənin əsasında məhz Ulu
Öndərimizin əsasını qoyduğu uzaqgörən siyasət dayanır.
Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas
edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı - Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən,
demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini
də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam
bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni
cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan
nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini
respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini
qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin
etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev
Azərbaycanı inamla irəli aparır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı,
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal
altında olan torpaqlarımız azad olunmuş, Zəfər salnaməsi tarixdə layiqli yerini almışdır. Azərbaycan
xalqı birmənalı olaraq inanır ki, müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu Heydər
Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcəyimizi daim işıqlandıracaq.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru

 


20:39 08.05.2023