

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin tarixində öz epoxasını yaratmış
qüdrətli tarixi şəxsiyyətdir. Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması
da ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bir vaxtlar
sovetlər birliyində ən geridə qalan respublika kimi tanınan Azərbaycan Ulu Öndərin rəhbərliyindən
sonra keçmiş SSRİ-də qabaqcıllar sırasına qoşuldu. Sonradan Kremldə fəaliyyət göstərdiyi illərdə -
1982-1987-ci illərdə Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini
vəzifəsinə yüksələndə də qəlbi daim xalqımızla birgə döyünmüşdür. O dövrdə ölkənin ən mühüm
sahələrinə rəhbərlik məhz Ulu Öndərimizə etibar edilmişdir. Həmin dövrdə də Azərbaycanın inkişafını,
əlaqələrinin möhkəmləndirilməsini, ərazi bütövlüyünün təmin olunmasını, milli kadrların
yetişdirilməsini daim diqqət mərkəzində saxlayırdı.Ulu Öndər təkcə həmin dövrdə deyil, bütün həyatı
boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət
göstərib, ömrünü bu yolda fəda etdiyi üçün yaddaşlarda əbədiyaşarlıq qazanıb. O, hələ sağlığında hər
bir azərbaycanlının qəlbində əbədi heykəlini qoymuşdu. Məhz ümummilli lider Heydər Əliyevin
rəhbərliyi ilə xalqımız tarixin ən sərt və çətin sınaqlarından alnıaçıq, üzüağ çıxıb, müstəqil dövlətdə
yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı
sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin
aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və
nəzəri əsaslarını irəli sürdü.
Azərbaycan cəmiyyətinin milli özünüdərkə dönüşü, xalqımızın tarixi yaddaşının özünə
qaytarılması, milli ruhun oyanması mərhələsinin əsası da ötən əsrin 70-ci illərində Ümummilli Lider
Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan xalqının gerçək tarixinin öyrənilməsi, milli
ədəbiyyat nümunələrinin, adət-ənənələrinin təbliğ olunması, Azərbaycan dilinin qorunması və geniş
yayılması, kadrların milliləşdirilməsi, şəhər və rayonlarda sağlam ictimai mühitin yaradılması kimi
cəsarətli addımların atılması Ulu Öndərin qətiyyətinin göstəricisi olmuşdur. Bu gün müstəqil
Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin
qoyulması, onun mükəmməl bir konsepsiya şəklində irəli sürülməsi və icra olunması da Ümummilli
Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Gənc nəslə xitabən “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə
Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda,
məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” – deyə müraciət edən Ulu Öndər
milli məfkurənin rəmzi olan bayrağımıza məhəbbətin, dövlətçiliyə sədaqətin məhz yeni və mübariz
nəslin yetişməsində mühüm mərhələ olduğunu göstərmiş oldu.
Ümummilli Liderin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər genişmiqyaslı
inkişaf və tərəqqinin əldə olunması, milli kimliyimizin dirçəldilməsi, milli-mənəvi dəyərlərin, adət-
ənənələrin qorunması dövrü kimi xarakterizə olunur. Heydər Əliyev kimi parlaq zəkaya, dərin biliyə və
misilsiz işgüzarlığa malik bir şəxsiyyətin respublikamıza rəhbər seçilməsi Azərbaycanın tarixində
dönüş nöqtəsi olmuşdur.
Heydər Əliyevin böyük səriştəsi, bacarıqlı idarəçilik və təşkilatçılıq qabiliyyəti, şəxsiyyəti, qısa
müddətdə əldə etdiyi nəhəng nailiyyətlər hər kəsin diqqətini çəkmiş, Ulu Öndər ittifaq rəhbərliyinə
qədər yüksəlmişdir. O, 1976-cı ilin mart ayında Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-
ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini
vəzifəsinə təyin edilmişdir.
Ulu öndərimizin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə gerçəkləşdirdiyi
islahatların və görülən strateji tədbirlərin fonunda ölkəmiz sürəti inkişaf yolu keçərək keçmiş SSRİ
miqyasında xüsusi çəkiyə malik respublikaya çevrilib. Bununla bərabər, paytaxt Bakının inkişafı,
burada onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayonların və yeni qəsəbələrin salınması,
kəndlərimizin abadlaşdırılması, gənclərin işlə təmin edilməsi, idarəetmədə irəli çəkilməsi kimi
məsələlər bu dövrdə Heydər Əliyev hakimiyyətinin əsas prioritetləri kimi diqqət çəkib.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Azərbaycanda rəhbərliyə qayıdışından
sonra ölkədə ən başlıcası vətəndaş müharibəsinə, xaos və anarxiya mühitinə son qoyuldu, siyasi sabitlik
formalaşdı, qanunçuluğun və hüquqi qaydaların bərpası istiqamətində kompleks tədbirlər həyata
keçirildi, hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlara başlanıldı. Azərbaycan xalqı öz böyük oğlu
Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi
kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və elə
bütün bunlara görə Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə
rəhbərliyinə yenidən dünya şöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin
biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat
tədbirlər həyata keçirməyi bacaran bir şəxsiyyət gəldi. O şəxsiyyət ki, bütün varlığı ilə Azərbaycan
dövlətçiliyinə, milli məfkurəyə xidməti özünə şərəf bilirdi, azərbaycanlı olmağı ilə fəxr edir və hər bir
əməli ilə nəsillərə örnək olmağı bacarırdı. Qazanılmış müstəqilliyin qorunub saxlanmasını müqəddəs
vəzifə olduğunu qeyd edən ümummilli lider hər çıxışında, hər nitqində bunu xüsusi vurğulayır və
deyirdi: “Əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik
arzusu və yaşamışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki,
indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır.” -
Prezident İlham Əliyev Ulu Öndərin həlledici anlarda böyük liderlik göstərərək xalqımızı xilas
etməsi haqqında danışarkən demişdir: "Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan
idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət
etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə
xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik
dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri,
onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir.
Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur".
Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul
edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə
etibarilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm
addımlardır... Ümumilikdə, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən
intensiv inkişaf mərhələsinə təkan verdi. 2003-cü ildən bəri ötən zaman kəsiyi də ümummilli liderin
ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu öndərin layiqli davamçısı
Prezident İlham Əliyev istər övlad, istərsə də bir millətin təmsilçisi, sərkərdəsi kimi Heydər Əliyev
ucalığının təcəssümüdür. O da ən ümdə xəyalları gerçəkliyə çevirən dövlət başçısı, millətinin həqiqi
lideridir.
Azərbaycan xalqının taleyində mühüm rol oynamış elə bir hadisə yoxdur ki, orda Heydər
Əliyevin imzası, adı olmasın. Saatlarla, günlərlə, aylarla bu böyük şəxsiyyət haqqında danışmaq olar.
Çünki onun həyatı bir tarixdir. Azərbaycanın XX əsr tarixi. Keşməkeşli, mübarizə və inkişaf tarixi...
Ulu öndərin adını daşıyan, beynəlxalq imici durmadan artan, milli mənafeyə, soykökümüzə
bağlı xeyirxah missiyası ilə seçilən Heydər Əliyev Fondu artıq sərhədlər aşır. Sorağı planetin sayılıb-
seçilən dövlətlərindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir. Fondun reallaşdırdığı
orijinal və nəfis tədbirlər sayəsində muğamımız və təkrarolunmaz mədəniyyətimiz qarşısında daim öz
mədəniyyətləri ilə öyünən millətlər heyrətlərini gizlədə bilmir, Azərbaycanın mənəvi incilərini dünya
mədəni irsi siyahısına salmaq məcburiyyətində qalırlar. Heydər Əliyev Fondunun fəaliyətinin ən
dəyərli məqamlarından biri də Azərbaycanın nəinki dünənki, eləcə də bugünkü zənginliyini, xüsusilə
intellektual potensialını qədərincə ortaya qoya bilməsi ilə bağlıdır... Bir sözlə, istər xalqımız, istərsə də
onun adını daşıyan fond əməllərində Heydər Əliyev ucalığını başlıca meyar götürür.
Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev
şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadır, ümmandır. Heydər Əliyev Azərbaycanın
söykəndiyi dağdır. O dağınsa zirvəsi çox ucadır, ucadan da uca... Bu da danılmaz həqiqətdir ki, həmin
uca zirvədən boylanan günəşin – Heydər Əliyev dühasının nuru Azərbaycanın müstəqilliyinin
əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaq.
Məxbilə Əzizova,
Sabirabad rayonu Axısxa bələdiyyəsinin sədri