

Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan tarixinin ən parlaq simasıdır. O,
Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini
əldə edərək qorunub saxlanmasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar liderdir. Ölkəmizdə ictimai-
siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli
lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Ümummilli liderin gərgin əməyi və müdrik siyasəti nəticəsində həm SSRİ dönəmində, həm də
müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması,
respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətli işlər
görülmüşdür.
2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin
qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl
mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və
yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda
inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı,
polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa
müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa
nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və
müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın
quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə
yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun
canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət
quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik
olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi, istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi
çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür
etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının
mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan
istifadə etmişdir. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-
birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü
olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə
təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə
düşündürən məsələləri uğurla həll etmişdir. Ulu öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında
üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi,
mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata
keçirmişdir.
Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii
sərvətlərinin tam sahibinə çevrilmiş və ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir.
Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü
islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında
birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə
olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd
edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və
sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin
mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Bu gün ən mühüm tarixi məqam budur ki,
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident,
Ali Baş Komandan İlham Əliyevin son 20 il ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf,
ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar müzəffər ordumuzun yaratdığı və
yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük
Vətən müharibəsində azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Son 200 illik tariximizdə itirilən
torpaqlarımızı işğaldan azad edən müzəffər Sərkərdə oldu. Bu, həm də cənab Prezidentin ata
vəsiyyətini yerinə yetirməsi demək idi. Artıq ulu öndərimizin ruhu şaddır ki, Vətən torpaqlarımız
erməni işğalından azad olunub. Eyni zamanda, xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə milli
həmrəylik, vətəndaş birliyi möhkəm əsaslarla təmin olunub. Həmçinin Azərbaycanda siyasi
münasibətlərin inkişafı, iqtidar-müxalifət dialoqunun sağlam əsaslarla davam etməsi də möhtəşəm
Zəfərin qazanılmasında mühüm amil oldu. Vətən müharibəsində bütün vətəndaşlarımız və siyasi
partiyalar Ali Baş Komandanımızın və ordumuzun ətrafında sıx birləşmişdi. Hazırda da bu birlik
mövcuddur və gələcək inkişafımızda müstəsna rol oynayacaqdır. Bu fakt da cəmiyyətimizin ən böyük
uğurlarından biridir. Bu gün isə ölkəmizin qarşısında başqa mühüm vəzifələr dayanır. Qarşıda dayanan
əsas vəzifə isə işğaldan azad edilmiş ərazilərin bərpası və insanların öz doğma yurdlarına qayıtmasıdır.
Şübhə yoxdur ki, Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu
mərhələni də uğurla həyata keçirəcək və müstəqil ölkəmiz Heydər Əliyev ideyaları əsasında daha da
inkişaf edərək yeni-yeni nailiyyətlər qazanacaqdır. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş,
azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev
bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və
minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı -
Milli Qurtuluş Günü kimi qeyd edir.
Beləliklə, Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və
çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir
azərbaycanlının şərəfli vəzifəsidir.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru