

Mayın 10-da Azərbaycan xalqının böyük oğlu, Ümummilli Liderimiz, müstəqilliyimizin banisi,
dövlətçiliyimizin memarı, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100-cü ildönümü
tamam olur.
Xalqın, Vətənin, ərazi bütövlüyümüzün taleyini həmişə düşünən və onu sonsuz məhəbbətlə sevən,
bütün həyatını Azərbaycanın tərəqqisinə, çiçəklənməsinə həsr edən hər bir insanın adı qədirbilən
xalqımızın yaddaşında daima əbədiləşəcəkdir. Zamanın, xalqın genetik yaddaşına hopmaq, bütün
zamanlarda əbədiyaşar statusu qazanmaq heç də hamıya müyəssər olmur. Belə bir xoş taleli ömür
yaşamaq qisməti zamanın fövqündə dayanmağı bacaran insanlara qismət olur.Belə insanlardan biri,
mübaliğəsiz olaraq birincisi dahi insan, xalqın ümummilli liderinə çevrilmiş Ulu Öndərimiz Heydər
Əliyev olmuşdur. İllər keçsə də dahi rəhbərin dövlətimiz və dövlətçiliyimiz naminə gördüyü çox mühüm
işlər hər bir azərbaycanlının qürur, şərəf mənbəyinə çevriləcək, xatırlanacaq. Ulu Öndərimizin təkcə
“Anam məni Azərbaycan üçün dünyaya gətirib” kəlamı onun kimliyini, amalını, mənəvi dünyasının
dərinliyini açmağa bəs edərdi. Bu kəlam həm də hər bir azərbaycanlıya örnək üçün deyilmiş fəlsəfi bir
düşüncə məktəbidir.
Heydər Əliyevin həyat və fəaliyyəti xalqı üçün yaşamağın, onun naminə bütün çətinliklərə sinə
gərməyin parlaq timsalıdır. Mustafa Kamal Atatürk deyirdi: -“Ən böyük şəxslər özündən çox mənsub
olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən
insanlardir”. Belə parlaq şəxsiyyətlərdən biri Tanrının xalqımıza bəxş etdiyi Böyük Siyasi Xadim, müdrik
dövlət başçısı, milli köklərə bağlı alovlu vətənpərvər, dünya azərbaycanlılarının birlik simvolu Ümummilli
Liderimiz Heydər Əliyevdir. O, məhz belə xoş taleli insanlardandır.
Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi ən parlaq sima olub nəinki bizim
xalqımız, eyni zamanda, bütün türk dünyası, tərəqqipərvər bəşəriyyət tərəfindən böyük şəxsiyyət, mahir
siyasətşi, müdrik dövlət xadimi kimi qəbul edilir və qiymətləndirilir.
Heydər Əliyevin Azərbaycana ən böyük xidməti müasir Azərbaycan dövlətini yaratmasıdır. Haqlı
olaraq bu gün real düşünə bilən hər bir kəs bugünkü Azərbaycanı və Azərbaycan dövlətini Heydər
Əliyevin şah əsəri adlandırırlar. Heydər Əliyev hələ Sovetlər dönəmində, Azərbaycanın SSRİ adlanan bir
imperiyanın müstəmləkəsi olduğu bir vaxtda hakimiyyətdə olarkən gələcək müstəqil Azərbaycanın
taleyini düşünmüş, gələcəkdə müstəqilliyimizin dayanıqlı olması üçün nə vacibdirsə onun əsaslarını
yarada bilmişdi. İmperiyanın “millətçi” damğasının nə olduğunu hamıdan yaxşı bilən bir şəxs üçün
gördüyü bütün işlər məncə cəsarət yox, xalqının gələcəyi naminə böyük bir qəhrəmanlıq nümunəsidir,
fədəkarlıqdır. Bəlkə də o illəri, o illərin yaratdığı çətinliklərə rəğmən Ulu Öndərimiz fəxrlə deyirdi ki,”
mən ömrümü xalqıma həsr etmişəm”. Ulu Öndər bu yolda heç nədən çəkinmədən, qorxmadan
düşüncələrində yaratdığı Azərbaycana, azərbaycançılığa doğru inamla, şərəflə addımlamışdı. Cəsarətlə
deyə bilərəm ki, Ulu Tanrı Azərbaycanı çox sevdiyindən Azərbaycanın xilaskarı olacaq bir şəxsiyyəti-
Heydər Əliyevi xalqımıza bəxş etmişdi.
Xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı xalqımızı və dövlətçiliyimizi
düşmənlərimizin məkirli siyasətindən qurtarmış oldu. Almaniyanın siyasi xadimlərindən biri olmuş Villi
Vimmerin dediyi bənzətmə çox yerinə düşür: - “İndi Azərbaycan II dünya müharibəsindən şıxmış
Almaniyanı, Prezident Heydər Əliyev isə kansler Adenaueri xatırladır. Adenauer “alman möcüzəsi” ni
yaratdığı kimi Heydər Əliyev də dünyada analoqu olmayan “Azərbaycan möcüzələri” nin əsaslarını
yaratdı.
ABŞ-nın keçmiş Dövlət Ktibi Madlen Olbrayt H.Əliyev haqqında demişdi :- “Cənab Prezident
H.Əliyev Corc Vaşinqtona bərabər şəxsiyyətdir. “ Fransada yaşayan həmyerlimiz türkoloq alim İren
xanımın dediyi kimi “ H.Əliyev tarixin yetişditdiyi güclü şəxsiyyət və böyük siyasi xadimdir.”Onun elmin
və incəsənətin bütün sahələrində yüksək intellektə sahib olması heç kimə sirr deyil. Ulu Öndərimizin
siyasi texnologiyaları bundan sonra hələ neçə yüzilliklərlə diplomatiya aləminin istinad nöqtəsinə,
araşdırma mənbəyinə çevriləcəkdir.Ulu Öndərimizin ən kritik bir məqamda çox soyuqqanlı bir şəkildə
siyasi rəqiblərini mat qoymaq bacarığı hamını heyrətləndirirdi. Bu gün H.Əliyev irsini tədqiq edən hər bir
şəxs başa düşür ki, Heydər Əliyev fonemenini tam açmaq onlara qismət olan bir iş deyil. O irs hansı
zaman olursa olsun həmişə öyrənmək üçün yeni ideyalarla zəngin olacaqdır.
Ulu Öndərin hakimiyyətə yenidən qayıdışı Azərbaycanı bölünməkdən, parçalanmaqdan, xaosdan
xilas etdi. Azərbaycançılığın, sosial ədalətin, demokratiyanın, milli həmrəyliyin, siyasi varisliyin təməlini
qoydu. 1994-cü il sentyabrın 20-də xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” nin imzalanması Heydər
Əliyev dühasının incilərindən biridir.1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammitində Bakı-Tbilisi-
Ceyhan əsas ixrac neft kəməri haqqında sazişin imzalanması Azərbaycana nə qədər iqtisadi dividentlər
gətirdisə, ondan da dəfələrlə çox siyasi dividentlər gətirməkdədir.
Azərbaycan XX əsrin əvvəlində qazandığı dövlət müstəqilliyini yalnız 1991-ci il oktyabrın 18-də
bərpa etsə də, əslində xalqımız üçün həyati əhəmiyyəti olan bu böyük tarixi hadisənin bünövrəsi
H.Əliyevin 1969-cu ildə respublikanın siyasi rəhbərliyinə gəlişi ilə qoyulmuşdu. H.Əliyevin Azərbaycana
ilk rəhbərliyi dövrünü əhatə edən 1969-1982-ci illər ölkəmizin inkişafının intibah dövrü olmuşdur. Əgər
həmin dövrdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə dinamik və güclü
inkişaf yolu keçməsəydi, demokratik idarəetmənin ilk cücərtiləri meydana gəlməsəydi, milli-mədəni
dəyərlərimizə qayıdışıbn əsası qoyulub inkişaf etdirilməsəydi, biz bərpa etdiyimiz müstəqilliyimizi tam
reallaşdıra bilməzdik. Keçən əsrin 70-ci illərinin intibahı olmasaydı 80-ci illərin sonu, 90-cı illərin
əvvəllərinin milli-azadlıq mücadiləsinin ölkəni bürümüş vüsəti də mümkün olmazdı.
Bu gün ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələri şəbəkəsi, güclü elmi-pedaqoji kadr
korpusu öz inkişaf mənbəyini məhz ötən əsrin 70-ci illərində ölkəmizdə baş vermiş sürətli yüksəlişdən,
H.Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılmış uzaqgörən və məqsədli siyasətdən almış, həyata
keçirilən qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olmuşdur. Təhsil sahəsində
ardıcıl aparılan dövlət siyasəti nəticəsində təhsilimiz yeni inkişaf pilləsinə qalxmış, əhalinin mədəni və
intellektual səviyyəsi yüksəlmişdir. H.Əliyev ölkədə sosial-iqtisadi və mədəni yüksəlişə gedən yolun məhz
təhsildən keçdiyini dərindən bildiyi üçün təhsilin inkişafına xüsusi önəm verirdi. Ulu Öndər
müstəqilliyimizin təhsilimiz üçün yaratdığı imkanları qiymətləndirərək deyirdi:- “Dövlət müstəqilliyinin
xlqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin
tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq.”
Böyük Öndərin təhsil sahəsində yeritdiyi siyasətdə məktəb tikintisi, məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsi mərkəzi yer tutmuşdur. Ümummilli liderimizin imzaladığı ``Ümumtəhsil
məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçməsi haqqinda`` qərarını isə şagirdlərə və
bütün Azərbaycan xalqına böyük töhfəsi kimi qiymətləndirmək olar. Həmin qərarla 1978-ci ildən
başlayaraq ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatına keçilmişdi.
Təhsil sahəsində, eləcə də digər bütün sahələrdə olduğu kimi Heydər Əliyev siyasi kursunun siyasi
varisliyi möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməkdədir. Məhz
İlham Əliyev cənablarının Prezidentliyi zamanı şagirdlərimizin yenidən pulsuz dərsliklərlə təmin
olunmasına başlanıldı.
Müəllim əməyinə yüksək qiymət verən Ulu Öndərimiz deyirdi: ``Mən Azərbaycanın sadə
vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.``
Xalqın müdrik oğlunun öz millətinə, onun təhsilinin inkişafına göstərdiyi misilsiz xidmətlərdən biri
də keçən əsrin 70-80- ci illərində xeyli azərbaycanlı gənci ölkədən kənara, keçmiş SSRİ-nin ən nüfuzlu
məktəblərinə oxumağa göndərməsi idi. Heydər Əliyevin tarixi xidmətlərindən biri də hərbi milli kadrların
yetişdirilməsi siyasətidir.
Belə ki, onun respublikaya siyasi rəhbərliyi dövründə hər il yüzlərlə gənc keçmiş SSRİ-nin böyük
təcrübəyə malik ali hərbi məktəblərinə oxumağa göndərilirdi. Uzaqgörən Ümummilli Lider hələ o illərdə
respublikamızın özündə də milli hərbi kadrların hazırlanması barədə fikirləşirdi. Tezliklə bu fikrini də
reallığa çevirdi. Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb yaradıldı.
İftixar hissi ilə qeyd etmək olar ki bu gün müstəqil Azərbaycanımızın Milli Ordusunda xidmət edən
zabitlərin əksəriyyəti məhz Heydər Əliyevin xeyir-duası ilə o dövrdə təhsil almağa göndərilən
məzunlardır.
1969-1982-ci illərdə Azərbaycanın şöhrətinin artması, onun bütün dünyada tanınması, eyni zamanda
xalqımızın elm, təhsil və mədəniyyətinin, tarixi adət və ənənələrinin təbliği istiqamətində həyata keçirilən
tədbirlər də azərbaycançılıq və soy-kökə qayıdış ideyalarının dirçəlməsində mühüm yer tuturdu.
Azərbaycan dilinin ilk dəfə Dövlət dili kimi elan olunması və onun 1978-ci il Konstitusiyasında təsbit
edilməsi də böyük öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O dövr üçün bu, son dərəcə cəsarətli addım
idi.
Heydər Əliyevin 1982-1987-ci illərdə SSRİ-nin siyasi rəhbərliyində ali vəzifələrdən birini tutması
onun fəaliyyətinin milli məzmununa heç bir xələl gətirməmişdir. Daima respublikamızla yaxından əlaqə
saxlamış, ölkədə gedən quruculuq işlərinə özünün müdrik göstərişləri ilə istiqamət vermişdir.
Həmin illərdə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi bir çox sahələrlə
yanaşı təhsil sektoruna da rəhbərliyi həyata keçirirdi. Bu dövrü SSRİ-də təhsil sisteminin yüksəliş dövrü
adlandırılır. Bu yüksəliş böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı idi. Çünki 1984-cü ildə SSRİ-
də başlanan təhsil islahatlarına məhz Heydər Əliyev rəhbərlik edirdi.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə də sübut etdi ki, o həmişə xalqının
xidmətində dayanmağı bacaran şəxsiyyətdir.
Heydər Əliyev qisa müddətdə xalqımızın düşdüyü çətin vəziyyətdən xilas edə bildi.
İqtisadiyyatımızın demək olar ki, ölü nöqtədən inkişaf pilləsinə yönəltməyi bacardı. Təhsilimizin inkişafı
üçün bütün vasitələri səfərbərliyə aldı. 1998-ci ildə Heydər Əliyevin sərəncamı ilə Təhsil Sahəsində
İslahat proqramının hazırlanması üçün xüsusi dövlət komissiyası yaradıldı. Əsası ulu öndərimiz tərəfindən
qoyulmuş Təhsildə İslahat proqramları bu gün də uğurla həyata keçirilməkdədir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Heydər Əliyev irsini uğurla davam etdirərək
təhsilimizin maddi-texniki bazasının yaradılmasında, təhsilimizin dünya təhsili sisteminə inteqrasiya
olunması işində müstəsna xidmətlər göstərməkdədir.
Azərbaycanın birinci xanımı, birinci vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti,
YUNESKO və İSESKO–nun xoş məramlı sefiri Mehriban xanım Əliyevanın da Azərbaycan xalqı,
Azərbaycan təhsili və mədəniyyəti qarşısında xidmətləri ölçüyəgəlməz qədər genişdir. Mehriban xanımın
rəhbərliyi ilə Heydər Əliyev Fondu hesabına ``Yeniləşən Azərbaycana yeni məktəb`` devizi ilə müasir
standartlara cavab verən yeni-yeni məktəblər istifadəyə verilmiş və verilməkdədir. Muğam və aşıq
sənətinin dünya mədəni irsi siyahısına salınmasında Mehriban xanımın xidmətləri daima xatırlanacaqdır.
Heydər Əliyev adı Sabirabadlılar üçün də həmişə arxa, güvənc yeri olub. Sabirabadın yenidən
qurulması və inkişafı bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Heydər Əliyev 15 dəfə Sabirabadda olmuş, hər
gəlişi ilə bir çox problemlərin həllinə böyük köməkliklər göstərmişdir. Onun təşəbbüsü ilə rayona təbii qaz
xətti çəkilmiş, əhalini içməli su ilə təmin edən Qrup su kəməri kompleksi tikilmiş, Kür çayının üzərində
nəhəng körpü salınmış, Rabitə evi, Mədəniyyət sarayı, bir-birindən yaraşıqlı inzibati binalar, çoxmərtəbəli
yaşayış binaları, 16542 yerlik 30 məktəb istifadəyə verlmişdir. Bütün bunlar Heydər Əliyevin
Sabirabadlılara diqqəti və qayğısının bariz mümunəsi idi.
Sabirabadlılar həmişə Heydər Əliyevə hörmət və məhəbbətlə yanaşmışlar. Bu rayonda onun adı
sağlığında əbədiləşdirilmişdir. Şirvanla-Muğanı birləşdiriən körpü, əzəmətli Mədəniyyət sarayı, Sabirabad
şəhərinin mərkəzi prospekti, park və xiyabanlar böyük öndərin adını daşıyır.
Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı
sayəsində Sabirabad gündən-günə böyüyür, gözəlləşir. Yeni-yeni istehsal müəsisələri açılır, böyük abadlıq
və quruculuq işləri aparılır.
Heydər Əliyev nəinki Sabirabdlıların, eləcə də onu tanıyan, onun haqqında eşidib bilən neçə-neçə
milyonlarla bəşər övladlarının xatirində əbədi yaşayacaqdır. Heydər Əliyev hələ sağlığında ikən öz
əməlləri il özünə əbədiyaşar bir status qazanmış, adını tarixin ön səhifələrinə qızıl hərflərlə həkk edə
bilmişdi.
Heydər Əliyev Azərbaycan xalqının böyüklüyünə, onun intellektinə, onun gələcəyinə işarə vuraraq
qürurla deyirdi ki, fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bütün dünya Azərbaycanlıları da fəxr etməlidir
və fəxr də edirik ki, Heydər Əliyev kimi bir dühanı yetişdirən eyni millətin övladlarıyıq. Heydər Əliyev
adı həmişə biz azərbaycanlıların fəxri, qürur mənbəyi olacaqdır. Biz sizinlə, bəşəri əməllərinizlə fəxr
edirik Ulu Öndər!
Siraqəddin CABBAROV,
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı