isaznow.com
Az Iw En Ru

Azərbaycanlıların şücaəti əsl vətənpərvərlik nümunəsidir

İkinci Dünya Müharibəsinin gedişində Azərbaycandan olan hərbi əsirlər Almaniya, İtaliya,
Fransa, Polşa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif
mübarizə formalarından istifadə etmişdilər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif
hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasını
təşkil edirdilər.
1943-cü ilin axırlarında Fransada faşist işğalına və mürtəce Peten üsul-idarəsinə qarşı xalq
müharibəsi gündən-günə yeni qüvvə ilə alovlanırdı. Faşist komandanlığı partizan hərəkatına qarşı
mübarizə aparmaq və ölkə daxilində asayişi qorumaq üçün xeyli silahlı qüvvə saxlamağa məcbur
olmuşdu.
1944-cü ilin əvvəllərində Fransa ərazisində 25 mindən çox döyüşçünü birləşdirən 30-dan çox
partizan dəstəsi fəaliyyətdə idi. Döyüşçüləri əsasən sovet vətəndaşlarından ibarət olan "Çapayev",
"Azadlıq", "Vətən", "Donbas", "Kotovski" və digər partizan dəstələrinin şöhrəti hələ o dövrdə bütün
Fransaya yayılmışdı. Bu partizan dəstələrinin tərkibində Azərbaycan xalqının oğulları da qəhrəmanlıqla
vuruşmuş və fransız xalqının rəğbətini qazanmışdılar.
1943-cü ilin axırlarında Rodez əsir düşərgəsində toplanmış azərbaycanlılar fransız
kommunistləri ilə əlaqə yaratdılar və 1944-cü ildə bu əlaqələr daha da genişləndi. B.Məmmədov
Averyon vilayəti müqavimət hərəkatının rəhbəri, kommunist polkovnik Rişardla görüşmüş və
azərbaycanlı əsirlərin qaçıb partizanlara qoşulması üçün "Azrodez" - Rodezdəki azərbaycanlılar
parolunu müəyyənləşdirmişdi. Bundan sonra gizli təşkilat azərbaycanlı əsirlərin dəstə-dəstə düşərgədən
qaçıb, fransız partizanları ilə birləşməsi işinə başladı. Düşərgədən qaçan hərbi əsirlər fransız
vətənpərvərlərinin köməyi ilə Aveyron dağlarında yerləşən "Sovet vətənpərvərlərinin hərbi komitəsi"
adlanan təşkilatla birləşirdilər. Antifaşist təşkilat əsirlərin kütləvi surətdə qaçmasını təmin etmək üçün
1944-cü il avqustun 15-nə keçən gecə saat 12-də üsyan qaldırmağı qərara aldı. Lakin casus üsyanın
başlamasına iki saat qalmış düşərgənin komandanlığına xəbər çatdırmış, üsyanın rəhbərləri dərhal həbs
edilmiş, əsir düşərgəsi isə mühasirəyə alınmışdı. Yalnız gizli təşkilatın bir qrup üzvü meşəyə qaçıb
fransız partizanlarına qoşula bilmişdi. Faşistlər həbsə alınanları ölüm cəzasına məhkum etmiş, 50
nəfərdən çoxunu diri-diri yandırmışdılar. Lakin bu hadisədən iki gün sonra fransız və azərbaycanlı
partizanlar tərəfindən Rodez şəhəri faşistlərdən azad edilmişdi.
Fransa zəhmətkeşləri onların faşizm əsarətindən xilas edilməsi uğrunda qəhrəmanlıqla vuruşan
azərbaycanlı partizanları unutmurlar. Rodez qəbiristanlığındakı matəm mitinqində çıxış edən polkovnik
Rişard fransız xalqının Azərbaycan xalqına qarşı məhəbbətini belə ifadə etmişdi: "Fransızlar
azərbaycanlı hərbi əsirlərin igidliyini unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də
biləcəkdir ki, bu yerlərdən uzaqda olan, lakin hər bir fransızın qəlbinə yaxın olan azərbaycanlı
dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda canlarını əsirgəməmişlər. Azərbaycanlı
əsgərlərin qəbirləri bizim üçün müqəddəs ziyarətgah olacaqdır. Həlak olanların qəhrəman obrazı əbədi
olaraq qəlbimizdə yaşayacaqdır".
Larzak şəhəri yaxınlığında faşist əsarətindən azad olunmuş azərbaycanlı hərbi əsirlərdən ibarət
Azərbaycan partizan alayı təşkil edildi. Alayın komandiri gizli antifaşist təşkilatın üzvü H.Məmmədov
idi. Alay Larzak, Kursaq, Mand, Nim və Rodez rayonlarının faşistlərdən azad edilməsində
qəhrəmancasına vuruşmuşdu. Ümumiyyətlə, 1943-1945-ci illərdə Fransa antifaşist müqavimət
hərəkatında 2000 nəfərə yaxın azərbaycanlı iştirak etmişdi. Bunlardan Ə.Cəbrayılov, X.Hacıyev,
D.Abdullayev, N.Abdullayev, R.Rzayev, Ə.Möhsümov, M.Məhərrəmov və başqaları cəsur partizan
kimi tanınmış, bir neçə ali fransız hərbi orden və medalları ilə təltif edilmişdilər. Əhmədiyyə
Cəbrayılov "Armed Mişel" adı ilə bu ölkənin azadlıq hərəkatında fəal iştirak etmiş, şəxsi igidliyə görə
paradda əsgərə generaldan irəlidə getmək kimi şərəfli hüquq verən yüksək mükafatla - Hərbi medalla
təltif olunmuşdu.
Azərbaycanlı hərbi əsirlər Berlində yaradılmış gizli antifaşist təşkilatının işində də yaxından
iştirak edirdilər. Cümşüd Məmmədov, Bəxtiyar Paşayev, Səttar Kərimov, Seyidəli Seyidov və bu gizli
təşkilatın digər üzvləri çalışdıqları sənaye müəssisələrində düşmənə qarşı təxribatlar törədirdilər.
Azərbaycan döyüşçülərindən M.Seyidov, Ə.Əlimərdanov faşistlərin Buhenvald, Mauthauzen, Daxau,
Zaksenhauzen ölüm düşərgələrində Avropa ölkələrindən olan antifaşistlərlə birgə fəal iş

aparırdılar. Ə.S.Ağayev Buhenvald ölüm düşərgəsində antifaşist təşkilatın fəal üzvlərindən biri
olmuşdur.
1944-cü ildə sovet döyüşçüləri İtaliya hərbi düşərgələrindən kütləvi surətdə qaçaraq partizan
dəstələrinə qoşulurdular. Onlardan Əvəz Mirzəyev, Şahbaba Məcidov, Məhərrəm Nəcəfov, İsa
Məmmədov, Məmməd Xəlilov, Həmzə Əsgərov, Mikayıl Abdullayev, Süleyman Vəliyev, Şərif
Şərifov, Həsən Quliyev, Hilal Cavadov, Vilayət Hüseynov, Cəlil Rəfiyev və bir çox başqaları İtaliya
müqavimət hərəkatında faşistlərə qarşı qəhrəmanlıqla vuruşmuşlar. Mussolinini həbs edən partizanlar
arasında Vilayət Hüseynov da vardı. Ümumiyyətlə, Şimali İtaliyada 300-dən çox azərbaycanlı
döyüşçünün müqavimət hərəkatında vuruşduğu müəyyən edilmişdir. Hərbi əsirlər, hərbi hissələrdəki
gizli antifaşist təşkilatların üzvləri qaçaraq Yuqoslaviya partizanlarına qoşulurdu.1943-cü ilin
axırlarında Tolmino kəndi yaxınlığında 30 nəfər azərbaycanlı Qədir İsgəndərov və Mixail Arşanovun
rəhbərliyi altında faşist gözətçilərini sakitcə aradan götürmüş və qaçıb partizanlara qoşulmuşdular. Bir
neçə gün sonra Cabbar Əliyev, Qulamhüseyn Əliyev və Novruz Məmmədovun rəhbərliyi altında başqa
bir dəstə qaçaraq partizanlarla birləşmişdi. Azərbaycanlı partizanlar əvvəl Yuqoslaviya Xalq Azadlıq
Ordusunun 31-ci diviziyası tərkibində olan İvan Qradnik adına 3-cü zərbə briqadasında döyüşürdülər. 
1944-cü ilin əvvəlində Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusu qərargahında xüsusi
kəşfiyyatçılar qrupu yaradıldı. Onun tərkibinə slovak partizanları ilə yanaşı, azərbaycanlı
partizanlardan Mirdamət Seyidov, Tağı Əliyev, Ənvər Məmmədov da daxil edildilər. Kəşfiyyat
qrupuna Mehdi Hüseynzadə başçılıq edirdi. Bu kəşfiyyat qrupu, xüsusilə onun komandiri
M.Hüseynzadə - "Mixaylo" özünün əfsanəvi qəhrəmanlıqları ilə Yuqoslaviyanın Adriatik dənizi
sahillərində yaşayan bütün əhalinin dərin rəğbətini qazanmışdı. 1944-cü ilin yazında partizanlar,
xüsusilə də yaralılar tibbi ləvazimat, silah və ərzağın çatışmazlığı üzündən çətin vəziyyətə düşdükləri
bir zamanda Mehdi çox cəsarətli bir əməliyyat keçirməyi təklif edir. Bir neçə partizan alman əsgər və
zabiti formasını geyərək Triyest şəhərinin ticarət bankına daxil olur və Mehdi gözətçinin telefon xəttini
kəsərək, 5 milyon italyan lirəsinin bankdan çıxarılıb partizanlara verilməsinə imkan yaradır. Alman
faşistləri Hitlerin ad gününü qeyd edən zaman "Mixaylo" hərbi təyyarə meydanına daxil olaraq üç
təyyarəni, benzin anbarını minaladı və baş verən partlayış nəticəsində təyyarə meydanı alovlandı.
İyirmiyə yaxın faşist məhv oldu. Sovet hökuməti azərbaycanlı partizanların əsgəri igidliklərini yüksək
qiymətləndirərək onlardan bir çoxunu SSRİ orden və medalları ilə təltif etmişdir.
Polşada 1942-ci ilin yazında Hadi Qiyasbəyov, Mirzəxan Məmmədov, Xələf Hacıyev, Əşrəf
Süleymanov və başqalarının rəhbərliyi altında Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat
yaradılmışdı. Təşkilatın fəal üzvü Əli Əliyev polyak müqavimət hərəkatının iştirakçıları ilə əlaqə
yaradıb, onlardan parol almışdı. B.Hacıyevin rəhbərliyi altında bir dəstə hərbi əsir qaçıb bu parol
vasitəsilə müqavimət hərəkatına qoşulmuşdu. Həmin döyüşçülər əsasən Polşa ərazisində fəaliyyət
göstərən T.Novakın partizan briqadasında bir ildən çox vuruşmuş, öz cəsarəti ilə xalq intiqamçılarının
rəğbətini qazanmışdılar.
Çexoslovakiyada fəaliyyət göstərən müxtəlif partizan dəstələrinin tərkibində 500-ə qədər
Azərbaycan döyüşçüsü vuruşurdu. Xüsusi desant dəstələrinin tərkibində düşmən arxasına göndərilən
M.Abışov, A.İbadov, H.Məmmədov, müxtəlif əsir düşərgələrindən qaçıb müqavimət hərəkatına
qoşulan A.Kastryulin, Ə.Baxışov və başqaları döyüşlərdə xüsusilə fərqlənmişdilər. Ə.Əlimərdanov
Çexoslovakiyanın beş orden və medalı ilə təltif edilmişdi. Orada fəaliyyət göstərən "Fakel", "Qrom",
"Yan Qus" və başqa partizan dəstələrində çoxlu azərbaycanlı döyüşçü vardı. M.İ.Şukayevin partizan
birləşməsindəki azərbaycanlılardan ibarət Uritski adına partizan dəstəsi Çexoslovakiya ərazisində
fəaliyyət göstərdiyi müddətdə faşistlərlə 25 dəfə döyüşə girmiş, 7 dəfə düşmən qarnizonuna hücum
edib, hitlerçilərdən 246 nəfərini öldürmüş, 49 nəfərini əsir almış, 41 parovoz, 85 avtomobil, 21 təyyarə
məhv etmiş və xeyli qənimət ələ keçirmişdi.
Rahib Fərzəliyev,
Sabirabad rayon, Quruzma kənd sakini, fəal gənc


15:32 09.05.2023