

1941-1945-ci illər müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş
insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən ağırı, ən dəhşətlisidir. Milyonlarla
insanın həlak olduğu, yaralandığı və əsir düşdüyü bu müharibədə Azərbaycan xalqının mərd oğul və
qızları da şücaət göstərmiş, faşizm üzərində qazanılmış qələbədə böyük rol oynamışlar. Belə ki,
müharibədə 600 mindən çox azərbaycanlı cəbhədə vuruşmuş, onların 300 mindən çoxu döyüşlərdə
qəhrəmanlıqla həlak olmuşdur. 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif
edilmişdir. Azərbaycandan 130 nəfər Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür.
Müharibənin başlandığı gün – 1941-ci il iyunun 22-də Naxçıvan Muxtar Respublikasından 6492
nəfər orduya yollanmışdır. Ümumilikdə, 29 min 500 muxtar respublika sakini 1941-1945-ci illər
müharibəsində iştirak etmişdir. Müharibəyə könüllü gedənlərdən yüzə yaxını qadınlar idi. Cəbhəyə
yollanan naxçıvanlıların hər iki nəfərindən biri – 16 minə yaxın insan həlak olmuşdur. Üç həmyerlimiz
– Abbas Quliyev, Nəcəfqulu Rəfiyev və
Qəzənfər Əkbərov SSRİ-nin ən yüksək mükafatına – Sovet İttifaqı Qəhrəmanı adına, Rəhim
Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. 600 nəfər isə müxtəlif orden və
medallarla təltif edilmişdir. 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105 nəfər birinci və ikinci
dərəcəli “Böyük Vətən müharibəsi”, 315 nəfər “Qırmızı Ulduz”, 29 nəfər “Qırmızı Bayraq” ordenləri
ilə təltif edilmişdir. Həmin illərdə azərbaycanlılar arxa cəbhədə də fəallıqları ilə seçilmişlər. Onlar
ordunun ehtiyacını ödəmək üçün qüvvələri səfərbərliyə almış, gecəni gündüzə qataraq çalışmış,
qələbənin qazanılmasına öz töhfələrini verməyə səy göstərmişlər.
Faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan nefti böyük rol oynamışdır. Belə
ki, həmin illərdə Sovet İttifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzininin və
yüksəkkeyfiyyətli sürtkü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Qələbənin təmin
edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin böyük əksəriyyəti
Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Görkəmli akademik Yusif Məmmədəliyevin 1941-
1945-ci illərdə neft kimyası sahəsində etdiyi ixtiralar isə, ümumilikdə, sovet Azərbaycanının o dövrdə
qələbəsi idi. Ölkəmizin bütün sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat
istehsalı ilə məşğul idi. Müharibə dövründə Azərbaycanda 130 növ silah və sursat istehsal olunaraq
cəbhəyə göndərilirdi. Bununla yanaşı, cəbhəyə kömək məqsədilə digər imkanlardan da istifadə
olunurdu. Həmin dövrdə təkcə Naxçıvan Muxtar Respublikasından müdafiə fonduna 12 kiloqram qızıl
və gümüş, 180 milyon 89 min manat nağd pul, 70 min ton ət və digər ərzaq məhsulları, 160 min
dəstdən çox isti paltar, 10 mindən artıq bağlama göndərilmişdir.
Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməyən ümummilli lider
Heydər Əliyev demişdir: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə
layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya
müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət
etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir
Azərbaycan vətəndaşının borcudur”. Görkəmli dövlət xadiminin Azərbaycanda yenidən siyasi
hakimiyyətə qayıdışından sonra 9 May respublikamızda “Qələbə Günü” kimi rəsmiləşdirilmiş, dövlət
bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilmişdir.
Onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülmüş, imtiyaz və
statusları bərpa olunmuşdur. Hər il 9 May – Qələbə Günü Azərbaycan respublikada geniş şəkildə qeyd
olunur. 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr önündə tədbirlərin
keçirilməsi, müharibə veteranlarına hədiyyələrin verilməsi və digər tədbirlər bu kateqoriyadan olan
insanlara göstərilən diqqətin əyani ifadəsidir.
Qönçə Cahangirova,
N.Nərimanov adına 2 saylı şəhər tam orta məktəb-liseyin ingilis-alman dili müəllimi