isaznow.com
Az Iw En Ru

Şuşada keçirilən beynəlxalq konfrans yaddaqalan oldu

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin
100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə
və gələcəyə” mövzusunda keçirilən dördüncü beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev
regionda təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslər, eləcə də enerji siyasətindən ətraflı danışdı.
Dövlətimizin başçısı konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif
mövzularla bağlı suallarını da əhatəli şəkildə cavablandırdı. Azərbaycan Prezidentinin söylədiyi fikirlər
və verdiyi cavablar bir sıra qaranlıq məsələlərə işıq saldı, regionun gələcəyi ilə bağlı aydın baxışlar
formalaşdırdı.
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan
Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin
təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən
beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin
olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən
işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və
forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının çoxalması həmin tədbirlərə
beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra
dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata
keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının
əyani ifadəsidir.
Prezident İlham Əliyev konfransda bildirdi ki, əgər Ermənistan sülh istəmirsə, sülhün
olmayacaqdır. Sülh sazişinin daha çox Ermənistanın marağına xidmət etdiyini diqqətə çatdıran
Azərbaycan Prezidenti vurğuladı ki, tarix onlara dərs verməlidir. Azərbaycan lideri regionda yeni
reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində
əsas söz sahibidir. Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin
qəbul edilməsində fəallıq göstərir.
Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional
əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya
xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Vətən müharibəsində əldə etdiyi
möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev
hərbi əməliyyatlar bitdikdən sonra çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, ölkəmiz
sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli
sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır. Bu nə qədər tez baş verərsə, bütün
region üçün faydalı olacaq .
Vüqar Soltanov,
Sabirabad RİHB aparatının İnformsiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi


16:56 06.05.2023