

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin
100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə
və gələcəyə” mövzusunda keçirilən dördüncü beynəlxalq konfransda çıxış edən Prezident İlham
Əliyev regionda təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslər, eləcə də enerji siyasətindən ətraflı bəhs
edib. Dövlətimizin başçısı konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla
bağlı suallarını da əhatəli şəkildə cavablandırıb.
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan
Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin
təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən
beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin
olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən
işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və
forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq
səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra
dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata
keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının
əyani ifadəsidir.
Prezident İlham Əliyev konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılması prosesindən bəhs edərkən əgər Ermənistan sülh istəmirsə sülh olmayacağını
vurğulayıb. Dövlətimizin başçısı xarici işlər nazirlərinin Vaşinqton görüşünə toxunaraq qeyd edib ki,
erməni tərəfi görüşdən bir həftə əvvəl sülh sazişi layihəsinə şərhi bizə təqdim edib. Burada yenə də,
Azərbaycana qarşı ərazi iddiaları var. Ərazi iddialarının olması isə Vaşinqton görüşündə nəticənin əldə
olunmasına imkan vermir. Cənab Prezident vurğulayıb: “Onlar prosesi ləngidə, artıq müəyyən
olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi
isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən
verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional
inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə
olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs
verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər. Mən erməni həmkarımla danışıqlarımda
çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların
açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki,
bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik.
Şəmsi Hüseynov,
Sabirabad rayonu Qaragüney bələdiyyəsinin sədri