

May ayının 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən “Böyük Avrasiya
geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq
konfransda çıxışı zamanı Prezident İlham Əliyev həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət
kəsb edən açıqlamalar verdi. Prezident İlham Əliyev çevik və zəngin diplomatik məharəti ilə regionda
yaratdığı yeni reallıqların prinsiplərini, Azərbaycanın milli maraqlarını tam şəkildə ifadə etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı
ölkəmizin haqlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı. Dövlətimizin başçısı xüsusilə
Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesinə toxundu, rəsmi Bakının prinsipial
mövqeyini lazımi ünvanlara çatdırdı. Ermənistan hələ də danışıqlar masasında qeyri-konstruktiv mövqe
nümayiş etdirir, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Beynəlxalq dairələr, sülh
prosesinə töhfə verməyə çalışan ölkələr təcili olaraq Ermənistana ciddi təzyiqlər göstərməlidir. Çünki
əgər vasitəçilik missiyası ilə çıxış edən tərəflər Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin
edilməsində həqiqətən də maraqlıdırlarsa, bu zaman Ermənistanı sülhə məcbur etməlidirlər. Ermənistan
rəhbərliyi sülhə gəlməzsə, bölgədə gərginlik davam edəcəkdir.
Öz çıxışında Prezident İlham Əliyevin xüsusilə bildirib ki, “əgər Ermənistan sülh istəmirsə, sülh
olmayacaq”. Cənubi Qafqazda davamlı sülh olmadan regional sabitlikdən danışmaq mümkün deyil.
Dövlətimizin başçısı, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın
yalnız öz hasilatını ixrac etməklə kifayətlənmədiyini, Azərbaycanın digər ölkələrin, o cümlədən
Qazaxıstanın enerji məhsullarının ixracı üçün hazır olmasını diqqətə çatdırdı. Lakin bunun üçün
müəyyən şərtlərin mövcud olmasını, o cümlədən keyfiyyət məsələlərinin həll olunması yollarına dair
kifayət qədər aydın olan açıqlamalar verdi. Məhz buna görə də Prezident İlham Əliyevin uğurlu xarici
siyasəti sayəsində Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır.
Ermənistanın mövqeyi onun çətin dalana dirənməsi ilə nəticələnəcək. Çünki istər hərbi, istərsə
də siyasi tərəfdən Azərbaycan ondan qat-qat güclüdür. Fakt odur ki, Ermənistan 44 günlük acı
məğlubiyyətə düçar olandan bu günə qədər heç nəyə nail ola bilməyib. Azərbaycan isə hərbi və siyasi
cəhətdən istədiyinə nail olub. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan sülh istəmirsə,
sülh olmayacaq. İrəvan sülh istəmirsə, növbəti hərbi təxribatlara hazırlaşırsa, həmişə olduğu kimi, yenə
də Azərbaycanın öldürücü zərbəsi ilə üzləşəcək
Şuşa konfransı Azərbaycanın həm regional problemlərin həllində, həm də Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri olmasını beynəlxalq ictimaiyyətə çatdırmaq
bir daha baxımından mühüm platforma oldu. Bu tədbir, həmçinin Prezident İlham Əliyevin regionun
gələcəyi ilə bağlı aydın baxışlarının olduğunu bir daha göstərdi.
Ceyhun Həsənov,
Sabirabad rayonu “Əmin” marketlər şəbəkəsinin əməkdaşı, Vətən Müharibəsi veteranı,
ehtiyatda olan zabit