isaznow.com
Az Iw En Ru

Vətənə sədaqət nümunəsi

“Nə qədər Azərbaycan var, mən də olacam! ”- deyən, Ümummilli Lider Heydər Əliyev
canından çox sevdiyi Azərbaycan üçün, onun gələcəyi üçün çalışan bu görkəmli ictimai-siyasi xadim
sözün əsl mənasında qüdrətli Azərbaycanın memarıdır. “Mənim üçün hər şeydən əziz mənim
xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Bu fikirlər onun həyat fəlsəfəsi idi.  Hər bir
addımında, hər bir qərarında Azərbaycan üçün, onun inkişafı və gələcəyi üçün çalışırdı. Bütün  həyatını
bu müqəddəs məqsədə həsr etmişdir. Onun zəngin irsini araşdırarkən bir nəticəyə gəlmək olur- sözün
əsl mənasında - Vətəndaş!  Bütün dünyada layiqli hörmət və  nüfuz qazanmış görkəmli dövlət xadimi
ölkəmizi bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmışdır.
Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət
olması üçün real fundamentlər qoyulurdu. Sovetlər dönəmində  Azərbaycana rəhbərlik etdiyi dövr
tariximizə yeniləşmə illəri kimi daxil olmuşdu. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı
sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş
mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən
qabaqcıl ölkəyə  çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı.
Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi
tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının
milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar
yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman
yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı. Xüsusilə o dövrdə “sovet
ideologiyası” nın əsas  olduğu bir zamanda, Heydər Əliyev “milli ideologiyanın”, “azərbaycançılığın”
formalaşması istiqamətində iş aparırdı.  Bu isə  müstəqil dövlət qurmaq üçün mühüm amil idi. O,
həmişə bir prinsipi əsas götürürdü: “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli
mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Hələ sovet dövründə Azərbaycan tarixi, mədəni
irsinin yaşadılması üçün tanınmış alimlərin, tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin, bəstəkar və
incəsənət xadimlərinin ev muzeyləri yaradılır, abidələr qoyulur, məqbərələr tikilirdi.
Xalq haqlı olaraq Ümummilli lideri xilaskar adlandırmışdır. 1993-cü ildə Onun qayıdışı
sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan  xilas oldu. Ulu Öndər
deyirdi: “Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər
məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin
edilsin, Azərbaycan müharibə şəraitindən çıxa bilsin”. Strateji məqsədlərə çatmaq üçün ölkəyə Ulu
Öndərin uzaqgörənliyi lazım idi. Qısa bir zamanda, lakin çox mürəkkəb danışıqlar və görüşlər
nəticəsində Azərbaycanın iqtisadi inkişafına və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri
imzalandı.  İqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata
keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl
prinsipləri yaradıldı. Ulu Öndər dəfələrlə demişdi ki, “sülh danışıqlarını cəsarətlə apara bilmək üçün
güclü orduya malik olmaq lazımdır”. Ordu quruculuğu işləri daha da möhkəmləndirildi. Bu siyasəti
daha da gücləndirən Prezident, Ali Baş Komandan İlham Əliyev elə bir Ordu yaratdı ki, 30 illik erməni
işğalına  44 gündə  son qoydu.
Müstəqilliyin ilk illərində mühüm qanunvericilik aktlarının qəbul olmasına baxmayaraq, Milli
Məclis fəaliyyəti xaotik idi. Bura sanki müxtəlif siyasi qrupların çəkişmə meydanına çevrilmişdir.
Lakin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin səyi nəticəsində,
qanunvericilik sahəsində də böyük islahatlar edildi. Xüsusi ilə Azərbaycan Respublikasının
Konstitusiyasının qəbul edilməsi mühüm tarixi hadisə oldu. Onun sivil dövlət quruculuğu ideyalarını
yaşadan Milli Məclis bu gün Prezident İlham Əliyevin  yürütdüyü siyasəti birmənalı şəkildə
dəstəkləyir. 
Bu hadisələrə bir də tarixi rakursdan baxsaq görərik ki, Ulu Öndər, vaxtı ilə Azərbaycan Xalq
Cümhuriyyəti zamanı başlanan və yarımçıq qalan ideyaları bir-birinin ardıca reallığa çevirirdi.  Tarixi
varislik prinsiplərini əsas götürməklə, bir çox mühüm siyasi, tarixi, strateji, iqtisadi əhəmiyyət kəsb
edən məsələləri yenidən canlandırdı. Nümunələr saysızdır. Ordu quruculuğu, Azərbaycan dili,
iqtisadiyyatda, diplomatiyada, insan hüquq və azadlıqlarının qorunmasında, dövlət atributlarının təbliğ
olunmasında biz bu varisliyi görə bilərik. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən
Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün

tutdu. Bu yolda heç bir çətinlikdən qorxub çəkinmədi. Bunu kim edə bilər: Yalnız xalqına, millətinə
sonsuz sədaqəti, məhəbbəti olan lider! O, təkcə öz ölkəsində deyil, bütün dünyada layiqli hörmət və 
nüfuz qazanmış görkəmli dövlət xadimidir. O deyirdi ki, "Mənim əsas silahım Sözdür". Bu silah
sayəsində Ulu Öndər insanlara özlərinə güvənməyi öyrətdi və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi
də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. Heydər Əliyevin sülh məramlı daxili və xarici
siyasəti nəticəsində və xalqımızın haqq səsini dünya xalqlarına çatdırdığı üçün bu gün Azərbaycan
tanınır.
Aydın Bağırov,
Sabirabad rayonu Cavad kənd 2 saylı tam orta məktəbinin direktoru


20:06 04.05.2023