isaznow.com
Az Iw En Ru

Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, əsl dost ölkələrdir

Aprelin 25-də dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı bu ölkənin Prezidenti ilə
keçirdiyi təkbətək görüş, həmçinin Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ
(Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında
əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması iki ölkə arasında münasibətlərin bu
gününə işıq saldı. Bolqarıstan Prezidenti Rumen Radev bildirdi: “Bu uğur - Bolqarıstan, Rumıniya, Macarıstan,
Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması
əhəmiyyətli dərəcədə Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla
əlaqədardır.” Tədbirdə xüsusi qonaq qismində iştirak etməklə bağlı təklifini qəbul etdiyinə görə Prezident İlham
Əliyevə minnətdarlığını bildirən Bolqarıstan Prezidenti ölkələrimiz arasında əməkdaşlığın hazırkı səviyyəsindən
məmnunluğunu ifadə edərək onu da əlavə etdi ki, son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda
artıq yeni müstəvidədir.
Cənab İlham Əliyev belə bir əminliyi diqqətə çatdırdı ki, Azərbaycanın qaz təchizatının coğrafiyasını ən
azı 10 ölkəyə qədər genişləndirəcəyik: “Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil.
Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq”. Ölkə Prezidenti bu məqamı
xüsusi qeyd etdi ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.
Yunanıstan ilə Bolqarıstan arasındakı interkonnektor Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını
genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir.
Bir ay əvvəl Prezident Radevin Azərbaycanda qonaq olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, bu,
həqiqətən ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir.
Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Sofiyada
SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışında da iştirak etdilər. Bu mühüm hadisələr dövlət
başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfərinin əhəmiyyətini daha da artırdı. Həmçinin ölkəmizdə neft
strategiyasının uğurlu icrasına davamlı töhfələr verən SOCAR-ın beynəlxalq nüfuzunun artmasının
göstəricisidir. SOCAR müxtəlif ölkələrdə gerçəkləşdirdi investisiya layihələri ilə nüfuzuna yeni əlavələr gətirir.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir.
Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir.
Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Ölkəmizin hər bir layihənin uğurlu
sonluqla başa çatdırması malik olduğu imkanların dünyaya təqdimatıdır. 2014-cü ildə Cənub Qaz Dəhlizinin
təməlqoyma mərasimində dövlət başçısı İlham Əliyev bu mühüm hadisəni bugünədək görülən işlərin zirvəsi
kimi dəyərləndirmişdir. Həmçinin layihənin icrasının nəzərdə tutulan vaxtda başa çatacağına əminliyini ifadə
etmişdi. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas
seqmentlərindən olan TANAP istifadəyə verildi. Layihənin digər tərkib hissəsi olan TAP isə 2020-ci ilin dekabr
ayının 31-də istifadəyə verildi.
Göründüyü kimi, Azərbaycan vəziyyətdən asılı olmayaraq gündəmə gətirdiyi hər bir layihəni zamanında
başa çatdırmağa səy göstərir. TAP-ın istifadəyə verildiyi zamana qısa ekskurs etsək görərik ki, həmin il ölkəmiz
həm İkinci Qarabağ müharibəsini yaşadı, həm də dünya, o cümlədən Azərbaycan koronavirus infeksiyası ilə
mübarizə tədbirlərini gücləndirirdi. Ötən il dövlət başçısı İlham Əliyev Bolqarıstana səfəri zamanı bolqarıstanlı
həmkarı ilə mətbuata bəyanatlarında bu məqamı xüsusi qeyd etmişdir ki, səfərim bir az gecikib. Amma buna
səbəb COVID idi. COVID-dən dərhal sonra bir neçə ölkəyə, o cümlədən Bolqarıstana səfərlər etmişəm.
Prezident İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas
məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib,
Azərbaycan qazı indi Bolqarıstandadır. Cənab İlham Əliyev bildirir: «Enerji təhlükəsizliyi məsələləri bütün
dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı
dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək.
Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı
ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir.»
Yusif Sətiyev,
Sabirabad RİH başçısının Muğan Gəncəli kənd İƏD üzrə nümayəndəsi


18:11 27.04.2023