isaznow.com
Az Iw En Ru

Dərinləşən iqtisadi əlaqələr

Azərbaycanla Bolqarıstan arasındakı siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi
sahədə əməkdaşlıq da getdikcə dərinləşir. 2022-ci ildə Bolqarıstan Azərbaycanın 28-ci xarici ticarət
tərəfdaşı olub - iki ölkə arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları, ikitərəfli ticarətin saldosu
259 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə təşkil edib.
Enerji sahəsində əməkdaşlıq ölkələrimizin iqtisadi əlaqələrinin əsas istiqamətlərindən biridir.
Bolqarıstan da Azərbaycan qazının yeni müştərilərindən biri qismində çıxış edir.  Ötən il iyunun 19-da
“Interconnector Greece - Bulgaria” (IGB) kəməri ilə Azərbaycan qazının Yunanıstandan Bolqarıstana
sınaq nəqlinə başlandı. Xatırladaq ki, IGB 2022-ci il martın sonunda TAP-a qoşulub. Bolqarıstan
əvvəllər  Rusiyadan ildə təxminən 3 milyard kubmetr “mavi yanacaq” idxal edirdi. Məlum
gərginliklərdən sonra bu ölkə alternativ mənbə kimi Azərbaycana üz tutub. Bolqa?ıstan Azərbaycan
qazını daha böyük həcmdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə alacaq. Bolqarıstan
hökumətinin rəsmilərinin bildirdiklərinə görə, Azərbaycandan “mavi yanacaq” idxalı aşağı qiymətlər
və daha çox enerji müstəqilliyi deməkdir.
Xatırladaq ki, Bolqarıstan Azərbaycanla ildə bir milyard kubmetr qazın tədarükünə dair
müqavilə imzalayıb. Eyni zamanda, Bolqarıstan respublikamızdan əlavə qaz həcmləri almaq niyyətini
də bildirib. Cənub Qaz Dəhlizinin qollarından biri kimi Bolqarıstana “mavi yanacaq” daşıyacaq IGB-
nin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə isə onun ötürücülük gücünü  5
milyard kubmetrə çatdırmaq mümkündür. Eyni zamanda, Azərbaycanın beynəlxalq brendinə çevrilən
SOCAR ölkəmizi Bolqarıstanda da təmsil edəcək. Dövlətimizin başçısının dost ölkəyə son səfəri
çərçivəsində Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub. Həmçinin
Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə
məşğul olmaq üçün lisenziyasını təsdiqləyib.
Tamam Bağırlı,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi, fəal gənc


14:10 28.04.2023