

İki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə
seçilib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Ötən il
ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olundu. Ötən müddət ərzində
qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji,
mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq
formalaşıb.
İki ölkə arasında siyasi dialoqun möhkəmlənməsində qarşılıqlı yüksəksəviyyəli səfərlər mühüm
rol oynayır. 1995-ci il 29-30 iyun tarixlərində Azərbaycanın dövlət başçısının Bolqarıstana ilk rəsmi
səfəri baş tutub və bundan sonra belə yüksəksəviyyəli səfərlər intensiv hal alıb. Aprelin 25-də baş tutan
səfər Prezident İlham Əliyevin Bolqarıstana sayca 5-ci səfəridir (Bundan əvvəl Azərbaycanın dövlət
başçısı bu ölkəyə üç dəfə rəsmi (2005-ci, 2015-ci və 2022-ci illərdə), bir dəfə isə işgüzar (2009-cu)
səfər edib). Prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri zamanı iki ölkə
arasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu sənəd qarşılıqlı əlaqələrin
genişləndirilməsinə əhəmiyyətli töhfə verir. Son dərəcə vacib əhəmiyyət daşıyan bu sənədlə tərəflər
qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq miqyasda iki ölkə
arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını
bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub.
Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib. Hazırda Azərbaycan
Hökuməti və Bolqarıstan Hökuməti arasında iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Müştərək
Komissiya fəaliyyət göstərir. Bütövlükdə, indiyədək Azərbaycanla Bolqarıstan arasında müxtəlif
istiqamətləri əhatə edən 70-dən çox sənəd imzalanıb.
Bolqarıstan Prezidenti Rumen Radev isə indiyədək ölkəmizə iki dəfə (1 rəsmi (2017-ci il 12-14
oktyabr) və 1 işgüzar (2023-cü il 10-11 mart) səfər edib. Ötən il Bolqarıstanın digər yüksəksəviyyəli
rəsmiləri də respublikamıza intensiv səfərlər ediblər.
İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsinə Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr
verir. Fond tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi
Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-
cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub.
Qafur Nəsirov,
Sabirabad rayon Elektrik şəbəkəsinin baş mühəndisi