isaznow.com
Az Iw En Ru

Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi

Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi: “Dil hər bir millətin milliliyinin əsasıdır. Ona
görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər
bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz
kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”. Ana dili
milli sərvətimizdir, xalqın varlığının təsdiqidir. Bizim eşitdiyimiz və öyrəndiyimiz dil misilsiz
xəzinədir. O, özünəxas bir şəkildə xalqın tarixini, mənəvi sərvətini, dövlətçilik yolunu, coğrafi
mənzərəsini hifz edib saxlayır.
Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki
fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin ilk günlərindən başlamışdır. Azərbaycan ədəbi
və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik
imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli
yığıncaqlarda, yüksək dövlət səviyyəsində aparılan müşavirələrdə ana dilində parlaq çıxışlar edərək,
özünə böyük hörmət və məhəbbət qazandı.
1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan
Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas qanununun) layihəsi və onun ümumxalq
müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin
təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist
Respublikasının dövlət dili Azərbaycan dilidir”. Azərbaycan SSR Dövlət orqanlarında və ictimai
orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və
onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir. 1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin
öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. 1995-ci ildə Müstəqil
Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı
müxtəlif təkliflər olmuşdu və onların çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili
adlandırılması ideyası dəstəklənirdi. Müzakirələrin nəticəsi olaraq 1995-ci il Konstitusiyasının 21-ci
maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.
Azərbaycan dövlətinin tarixində, xalqının yaddaşında əbədi məskən salmış Ümummilli Lider
Heydər Əliyev anadan olduğu torpağı, mənsub olduğu milləti xoşbəxt, firavan görmək üçün ömrünü
əməli fəaliyyətə, gərgin işə həsr etmişdir. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin
bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci
il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.
Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili
sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları
göstərilmişdir. Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Əsası Ümummilli Liderimiz Heydər
Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilməkdədir.
Sahil İmanov,
Sabirabad rayonu Bulduq kənd tam orta məktəbinin direktoru


16:06 28.04.2023