

Tarixin sərt sınaqlarından mətanətlə çıxan Azərbaycan xalqının ana dilinin hərtərəfli inkişafı,
dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından
eşidilməsi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Dünyanın ən
nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlı, ümummilli lider kimi əbədilik qazanan
Heydər Əliyev ana dilimizin dövlət dili olması uğrunda ardıcıl mübarizə aparıb, bütün qüvvələri bu
mübarizəyə səfərbər edib.
XX əsrin 70-ci illərinin ortalarında ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb
etdiyi bir dövrdə ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə
gündəmə gətirib. Dahi şəxsiyyət 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin
Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin
yekunlarına həsr olunmuş VII sessiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili
Azərbaycan dilidir” təşəbbüsü ilə çıxış edir. Bu tarixi təşəbbüs 1978-ci il 21 aprel tarixində qəbul
olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapır. Azərbaycan dilinə dövlət dili statusunun
verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri kimi tarixə
yazılır.
Ümummilli lider Heydər Əliyevin “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq
əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən
qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə
etməlidir” müdrik kəlamı ana dilimizə olan məhəbbətin bariz nümunəsidir. “Mənim üçün hər şeydən
əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Ulu öndər Heydər Əliyev
Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli,
müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirirdi.
Məhz “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”
söyləyən ulu öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi
haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan xalqının
mütləq böyük əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev
Ulu Öndərin dövlət dili siyasətini uğurla davam etdirir. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan
dilinin qorunması və inkişafı istiqamətində atdığı addımlar əvəzedilməzdir. Dövlət başçısının
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” Fərmanı Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin
daha da yaxşılaşdırılmasına xidmət edir.
Dil hər bir millətin mənliyinin əsasıdır. Milli qürurumuzu özümüzə qaytarıb, bizə Azərbaycanı
məhz onun kimi sevməyi öyrədən Ulu Öndərin bu müdrik kəlamını rəhbər tutaraq, Azərbaycan dilini
qorumaq və gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının müqəddəs borcudur.
Mehman Azayev,
Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi