isaznow.com
Az Iw En Ru

Zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir

Milli-mənəvi dəyərlərimizin qorunmasında böyük  xidmətləri olan   ulu öndər Heydər Əliyev 
varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasına xüsusi diqqət göstərmişdir.  Azərbaycan dili
uzun illəri əhatə edən formalaşma dövründə siyasi, dini,  mədəni münasibətdə olduğu  xalqlar arasında
ünsiyyət vasitəsi  kimi  başqa dillərə də  təsir etmişdir. Ölkəmizdə yaşayan və dinindən, dilindən,
milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi  qəbul  edən bütün vətəndaşlar
üçün ünsiyyət vasitəsi  olan doğma dilimizin xalqımızın elmi, bədii məntiqi təfəkkürünün formalaşması
və inkişafında böyük rolu olmuşdur.
Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz
təməli,  müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən ulu öndər Heydər Əliyev
bildirirdi ki,  xalqımızın milliliyini,  mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir. «Mən
həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!»  sözləri ilə milli varlığımızın
ifadəsi olan Azərbaycan  dilinə məhəbbətini ifadə edən Ulu Öndər Azərbaycana rəhbərliyinin hər iki
 dövründə  Azərbaycan dilinə çox qayğı ilə yanaşmış, onun saflığı, yad təsirlərdən qorunması üçün
səylərini əsirgəməmişdir.
Məhz ulu öndərin səyləri və təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş
Azərbaycan SSR Konstitusiyasında 73-cü maddənin  “Azərbaycan Sovet Sosialist Respublikasının
dövlət dili Azərbaycan dilidir” redaksiyada vermək təklif olundu və bu  təşəbbüs Konstitusuyada öz
əksini tapdı. Bununla ulu öndər gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə
qorudu.
Heydər Əliyev bildirirdi ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki,  onun qorunması,
zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından,
vəzifəsindən  asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq borcudur.  1993-cü ildə  hakimiyyətə
qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən
amil kimi  diqqətlə yanaşan  ümummilli lider Heydər Əliyevin təklifinə və  ümumi razılaşmaya əsasən
Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə
tutulan problemlərin həlli üçün xüsusi sərəncamla Dil Komissiyası yaradıldı.
Ümummilli lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğını eyni məsuliyyətlə
davam etdirən   Prezident İlham Əliyev  «Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib 
istiqamətlərini müəyyənləşdirdi.  Prezident İlham Əliyevin «Azərbaycan dilinin saflığının qorunması və
dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında»kı Fərmanında  ana
dilimizin qorunması  üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapır.
Bu gün Azərbaycan tarixi ənənələri olan ölkə kimi dünya birliyinin fəal üzvünə çevrilib, bütün
dövlətlərlə bərabərhuquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında  əlaqələrini genişləndirməklə
sözünün imzası qədər önəmi olduğunu bir daha beynəlxalq aləmə təqdim edir. Dilimizin inkişafı da öz
növbəsində bu işlərə yardımçıdır.
Mansur Kərimov,
Sabirabad rayon Təhsil sektorunda metodist


00:04 28.04.2023