isaznow.com
Az Iw En Ru

Bu gün Azərbaycan bayrağı Zəngəzur dağlarında dalğalanır

Prezident İlham Əliyev öz fəaliyyətində ölkənin regionlarına səfərlərinə xüsusi önəm verir.
Ölkə başçısı mütəmadi olaraq Azərbaycanın bütün regionlarında səfərlərə gələrək görülən işlərlə,
inkişaf prosesləri ilə yerində şəxsən tanış olur, bu zaman tövsiyə və müvafiq tapşırıqlarını verir.
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Neftçala və Salyan rayonlarına gəliblər. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva  Neftçala Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Fondu tərəfindən Neftçala
rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbinin, Neftçala-Kürkənd-
2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər və Neftçalanın
Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə
tanış olublar.
Həmçinin həmin gün Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və
Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq olub, ölkə başçısı “Azərişıq”
ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin və Salyanda “ASAN xidmət” mərkəzinin açılışını
edib.
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm də Salyan şəhərində
Azərbaycan Televiziyasına müsahibə verib. Prezident İlham Əliyev qeyd edib ki, 2004-cü ildən
başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir.
Hazırda 4-cü proqram icra olunur. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük
genişmiqyaslı quruculuq işləri aparılıb və bu işlər davam etdirilir. Ölkə başçısının bölgələrə səfərləri
həm nəzarət üçün bir vasitə olmaqla yanaçı həm də insanların rifah halının yaxşılaşdırılması,
infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılmasının
bölgələrdə təmin edilməsi ilə bağlı tapşırıqlar verilir.
Qeyd edilib ki, bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, büdcəyə əlavələr
edilsin. İlk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait
toplanılıb. Bu da şəffaflıq və yeni idarəetmə nəticəsində olmuşdur. Gömrük sektorunda proqnozdan
əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur və hazırda gömrük sahəsində də aparılan islahatlar,
əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində
proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıb. Bütövlükdə isə büdcəyə əlavələr ən azı 3 milyard
manat təşkil edəcəkdir ki, bunun da əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında
istifadə ediləcək. İkinci yerdə ölkənin hərbi xərcləri olacaqdır.
Dövlət başçısı öz müsahibəsində bildirib ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə zəfər
çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Müharibədən sonrakı iki il yarım ərzində də
ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. “Ancaq, eyni zamanda, yenə də demək
istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq”, – deyə Azərbaycan Prezidenti əlavə edib.
Qeyd edilib ki, bu gün tam əminliklə deyə bilərik ki, biz ilin sonunda deyil, artıq yay aylarında
keçmiş köçkünlərin Laçın şəhərinə qaytarılmasını başlayacağıq. Laçın şəhərində 400-dən bir qədər çox
evin inşasını nəzərdə tutulurdusa, son məlumata ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda,
140-dan çox mənzil hazır olacaqdır. Beləliklə, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində
yerləşdiriləcək. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus
kəndlərində böyük işlər həyata keçirilir və bu kəndlərə də ilin sonuna qədər keçmiş köçkünlər
qaytarılacaqdır.
Müsahibəsi zamanı Prezident İlham Əliyev Ermənistana da mühüm mesaclar ünvanlayıb. O
bildirib ki, “Bu gün Azərbaycan bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda,
Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə
kənddə, yüzlərlə kənddə Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan bayrağı Zəngəzur
dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və
onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar”, – deyə dövlət
başçısı bildirib.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


17:45 23.04.2023