

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala və Salyan
rayonlarına səfərləri zamanı bir sıra sosial obyektlərin açılışlarında iştirak etmişlər. Belə ki, səfər
çərşivəsində Neftçala Olimpiya İdman Kompleksinin, Bankə qəsəbə 2 saylı tam orta məktəbinin,
Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışlari keçirilib,
ölkə başçısı və birinci xanım Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə
Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar. Həmçinin Salyanda “ASAN xidmət”
mərkəzinin açılışında iştirak etdikdən sonra Azərbaycan Televiziyasına geniş müsahibə verib.
Ölkə başçısı öz müsahibəsində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının
uğurlu nəticələrindən bəhs edib. Neftçala və Salyan rayonlarına təkcə bir səfər çərçivəsində atılan
addımlara diqqət yetirdikdə görülən işlərin miqyasının genişliyi fonunda regionların inkişafının dövlət
siyasətinin əsasında dayandığı bir daha öz təsdiqini tapır.
Qeyd edilib ki, ölkə başçısının bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir, yəni, verilən
tapşırıqların icrasının yoxlanılmasıdır. Hər bi səfər zamanı növbəti tapşırıqlar, tövsiyələr verilir ki,
bölgələrdə bəyan edilən bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının
yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlər
həyata keçirilsin. Dövlət başçısı onu da əlavə etdi ki, “ASAN xidmət” mərkəzlərində göstərilən
xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Salyan rayonunda açılışı
olan “ASAN xidmət” mərkəzinin sayca 25-ci mərkəz olduğunu vurğulayan dövlət başçısı bildirdi ki,
dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk: «Son
illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki
olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət
göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və
eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik.»
Cənab Predident bildirib ki, “digər tədbirlər də çox böyük işlərin görülməsindən xəbər verir.
Məsələn, Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı
rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o
cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar onu göstərir ki,
ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur”.
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində İrəvanda ağır atletika üzrə
Avropa çempionatında qızıl və gümüş medal qazanan türk idmançılar Cansu Bektaşın və Qəmzə
Altunun öz qələbələrini Azərbaycana həsr etməsindən də söz açıb.
Dövlətimizin başçısı bu barədə deyib: “Mehriban xanım və mən əziz qızlarımız Cansu və
Qəmzəni təbrik etdik. Birinci, ona görə ki, onlar Ermənistanda – düşmən dövlətdə, həm Azərbaycana,
həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə bu böyük qələbəni əldə etdilər, Türk Bayrağını
yüksəklərə qaldırdılar. Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb.
Türkiyənin Dövlət Himnini səsləndirdilər. Türkiyənin Dövlət Himni elə səsləndi ki, orada oturan bütün
düşmənlərin yəqin ki, qulağı batmışdı. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr
etdilər. Nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqının sevgisini qazandılar.
Mən onları bir daha təbrik etmək istəyirəm”.
Bu hadisənin Türk dünyasının tarixində əbədi qalacağını qeyd edən Prezident İlham Əliyev
bildirib: “Biz onlarla fəxr edirik və əslində bu hadisə, hesab edirəm ki, tarixdə qalacaq, təkcə idman
tarixində yox, bütövlükdə dünya siyasət tarixində, Türk dünyasının tarixində. Hər birimiz – Türk
dünyasının hər bir övladı, bax, Cansu və Qəmzə kimi olmalıdır. Mənim arzum budur”.
Heydər Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru