isaznow.com
Az Iw En Ru

Azərbaycanın gücü və qətiyyətli siyasi iradəsi var

Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bir çox
məsələlərə toxundu, müəyyən dairələrə mühüm mesajlar verdi. Dövlət başçısı ötən dövrdə baş verən
prosesləri təhlil etməklə yanaşı qarşıda dayanan hədəfləri də göstərdi.
Hazırda dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi böhran yaşanan vaxtda Azərbaycan öz
iqtisadiyyatını dirçəltməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq
işləri aparır, torpaqların minalardan təmizləməsi prosesini həyata keçirir. Eyni zamanda, Azərbaycan öz
iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Bu gün Avropanın enerji ilə təminatında
əsas rollardan birini məhz Azərbaycan oynayır. Bütün bu uğurlara isə Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, düzgün siyasətin nəticəsidir.
Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir,
aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. Həmin bölgələrimizdə elektrik
yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür. İşğaldan azad edilmiş ərazilərdə
dayanıqlı məskunlaşma üçün müasir infrastrukturun yaradılması, bütün sahələrdə bərpa-quruculuq
işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsi əsas
məqsədlərdəndir.
Son 30 il ərzində regionda əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan 44
günlük müharibədən sonra da öz təcəvüzkarlıq siyasətindən əl çəkməyib. Müharibədə uğradığı
acınacaqlı məğlubiyyəti həzm edə bilməyən bu ölkədə həm hakimiyyətdəki, həm də müxalifətdəki
müəyyən qüvvələr revanşist mövqedən çıxış edərək müharibə ritorikası səsləndirirlər. “Bəlkə də,
qaytardılar” xülyası ilə yaşayan bu qüvvələr müəyyən manipulyasiyalara əl atır, iki ölkə arasındakı şərti
sərhədlər boyunca təxribatlara rəvac verir və yalan ruporunu işə salmaqla beynəlxalq ictimaiyyəti
aldatmağa çalışırlar. Ermənistan rəhbərliyi Azərbaycan tərəfindən təqdim olunan beş prinsipdən ibarət
sülh paketini qəbul etdiyini bildirsə də, faktiki olaraq əks addımlar atmağa üstünlük verir.
Məğlub Ermənistanın belə davranışları bizi qane etmir. Dövlətimiz o mövqedən çıxış edir ki,
regionda davamlı sabitliyə və təhlükəsizliyə nail olmaq, imkanları əməkdaşlığa, iqtisadi inkişafa
yönəltmək üçün Ermənistanla sülhə nail olunmalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir.
Azərbaycanın özünün ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməsi, məqsədlərinə
çatması üçün gücü və qətiyyətli siyasi iradəsi var. Respublikamız Ermənistanın təxribatlarına dərhal
əks-həmlələrlə cavab verməklə qarşı tərəfə “Dəmir yumruq”un yerində olduğunu xatırladır. Eyni
zamanda, sülh prosesinin danışıqlar yolu ilə irəliləməsində ölkəmizin dəyişməz iradəsi ortadadır.
Hazırda yaranan şərait və bütün şərtlər Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan
cəmiyyətinə inteqrasiya dövrünün gəlib çatdığını diqtə edir. Əslində, bəhs olunan toplumun-
20 minədək erməni əhalisinin böyük əksəriyyətinin buna hazır olduğu barədə siqnallar da gəlməkdədir. 
Onlar başa düşürlər ki, Dağlıq Qarabağın heçüfüqdə də görünməyən müstəqilliyi siyasi oyunbazlıqdan 
başqa bir şey deyil. Otuz illik işğal sadə insanların həyatına hansısa bir üstünlüklər gətirməyib,əksinə in
sanların həyatı ağırlaşıb, onlar daim təzyiq və təhdid altında yaşayıblar.
Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm nümunəsi göstərir. Ölkəmizdə milli-dini ayrı-
seçkilik yoxdur. Burada ayrı-ayrı xalqların nümayəndələri yaşayırlar və bütün hüquqlardan istifadə
edirlər. Azərbaycan Qarabağda erməni əhalisinin yaşamasında da hər hansı bir problem görmür.
Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq. Prezident İlham
Əliyevin də qeyd etdiyi kimi, “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların
taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən
Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə,
ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan
cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”.
Əvəz Məmmədov,
Sabirabad rayonu Qaragüney kənd yaradıcılıq evinin direktoru


05:41 23.04.2023