

Azərbaycanda 2004-cü ildən başlayaraq ardıcıl olaraq Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramları həyata keçirilir. Bu proqramlar nəticəsində bütün bölgələrimiz inkişaf edir, müasirləşir,
infrastrukturu yenilənir, yeni müəssisə və obyektlər tikilərək istifadəyə verilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Dövlət Proqramlarının icra vəziyyəti ilə tanış
olmaq üçün müntəzəm olaraq Azərbaycanın regionlarında ənənəvi səfərlərdə olur, görülən işlərlə,
inkişaf prosesləri ilə yerində şəxsən tanış olur, tövsiyə və tapşırıqlarını verir. Ölkə Başçımız tərəfindən
həyata keçirilən siyasətin əsas məqsədi nəinki paytaxtımızda,eləcə də bütün bölgələrdə yaşayan
insanların sosial rifah halının yaxşılaşdırılmasıdır.
Ölkə başçısı cənab İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına
müsahibəsində sualları cavablandırarkən bir sıra mühüm və vacib məsələlərə toxundu. İşğaldan azad
olunan ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda da genişmiqyaslı və sürətli bərpa-yenidənqurma
işləri həyata keçirilməsi nəticəsində həmin ərazilərdə artıq böyük dirçəliş dövrünün başlandığını və bu
işlərin də plan üzrə getdiyini söylədi.
Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat
verildiyini qeyd edən Prezidentimiz demişdir: ”Onu bildirməliyəm ki, infrastruktur layihələrinin icrası,
dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ
tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava
limanının inşası davam edir.Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin
sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay
aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük və əgər birinci mərhələdə
Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son
planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır
olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik.
Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. O
kəndlərə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq.”
Prezidentimiz bununla paralel olaraq Şuşa şəhərində birinci yaşayış kompleksinin uğurla inşa
edildiyini, Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşasını, Kəlbəcər və Cəbrayıl
şəhərlərində isə hazırlıq işləri görüldüyünü diqqətə çatdırdı. Ermənistanla sülh danışıqları ilə bağlı sualı
cavablandırarkən Möhtərəm Prezidentimiz bəyan etdi ki, Azərbaycan tərəfindən irəli sürülmüş
təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz
Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz,
Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və
prinsiplərinin təməl prinsipləridir. Azərbaycan bəri başdan bəyan etmişdir ki, məhz bu prinsiplər
üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında danışıqlar
mümkündür və sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər. Biz dəfələrlə göstərmişik ki, bu
torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın.
Əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində
Azərbaycan tezliklə öz haqlı istəyinə nail olacaq və işğaldan azad edilmiş bütün ərazilərimizdə həyat öz
axarına düşəcəkdir. Mövcud reallıqlar bunları söyləməyə əsas verir.
Elçin Gözəlov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi