isaznow.com
Az Iw En Ru

Bölgələrin inkişafı ölkəmizi gücləndirir

Aprelin 18-də dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala və
Salyan  rayonlarına  səfər etmiş və bu səfər çərçivəsində bir sıra  sosial obyektlərin açılışlarında iştirak
etmişlər.
Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Neftçala Olimpiya
İdman Kompleksinin, Bankə qəsəbə 2 saylı tam orta məktəbinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak
avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər və Neftçalanın Yenikənd kəndində
“Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.
Prezident İlham Əliyev aprelin 18-də Salyanda “ASAN xidmət” mərkəzinin açılışında iştirak etdikdən
sonra Azərbaycan Televiziyasına müsahibəsində regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarının uğurlu nəticələrindən bəhs etdi.  Neftçala və Salyan  rayonlarına təkcə bir səfər
çərçivəsində atılan addımlara diqqət yetirdikdə görülən işlərin miqyasının genişliyi fonunda regionların
inkişafının dövlət siyasətinin əsasında dayandığı bir daha öz təsdiqini tapır.
Dövlət başçısı İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsində regionların
sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı
quruculuq işləri aparıldığını önə çəkərək bildirdi ki, bölgələrə səfərlərim həm nəzarət üçün bir
vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr
verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah
halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla
bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır,
eyni zamanda, ölkəmizi gücləndirir”. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi
kimi tanınır» söyləyən dövlət başçısı onu da əlavə etdi ki, “ASAN xidmət” mərkəzlərində göstərilən
xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Salyan rayonunda açılışı
olan “ASAN xidmət” mərkəzinin sayca 25-ci mərkəz olduğunu vurğulayan dövlət başçısı bildirdi ki,
dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk: «Son
illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki
olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət
göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və
eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik.»
Müsahibədə müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə
genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da qeyd etdi ki, hazırda
Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir.  Bölgələrə
səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Qarabağda və Şərqi Zəngəzurda
genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plana üzrə getdiyini vurğulayan cənab İlham Əliyev qeyd
etdi ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların
sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran
qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla,  barbarlıqla məşğul olub. Biz – bu
torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik.  Ona görə müharibə başa çatan kimi dərhal
artıq işə start verilmişdir.  Artıq iki yaşayış məntəqəsində – Ağalı və Talış kəndlərində keçmiş
köçkünlərin hazırda yaşadıqlarına diqqəti yönəldən  Prezident İlham Əliyev bildirdi ki,  bu kəndlərin
timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük.
Neftçala və Salyan rayonlarının timsalında bu reallığı böyük inamla qeyd edə bilərik ki, cənab
 İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri
özündə əks etdirməsini diqqətdə saxlayır.  Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir səfər yeni sosial
obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda, səfərdən
sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planı
təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır.  Atılan bütün addımların
əsasında vətəndaş məmnunluğunun artırılması dayanır.
Aydın Bağırov,
Sabirabad rayonu Cavad kənd 2 saylı tam orta məktəbinin direktoru


00:40 23.04.2023