

Ulu Öndər Heydər Əliyev: “Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır”
Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə
islahatlar aparılır. Bu, iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun daima mərkəzində durur.
Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi
sosial-iqtisadi tərəqqisinin hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət
proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Dinamik uğurların əldə edilməsində özəl sektor
əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət biznes mühiti üçün əlverişlili
şəraitin yaradılması ilə şərtlənir. “Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır” deyən
Ulu Öndər Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında
duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində
uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onları Azərbaycan
reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir
innovativ inkişaf modeli qurulmuşdur. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan,
liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi.
Sahibkarlığa dövlət tərəfindən maddi və hüquqi dəstək yaradılmış, kiçik və orta sahibkarların maliyyə
vəsaitlərinə olan tələbatının ödənilməsi təmin edilmişdir. Sahibkarlığın bazar infrastrukturunun yaradılması
sahəsində respublikada ilk sənaye şəhərciyinin, biznes mərkəzlər şəbəkəsinin yaradılması üzrə tədbirlər həyata
keçirilməkdədir. Bunun nəticəsində dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın tənzimlənməsi
sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının
müdafiəsinin işlək mexanizmləri təkmilləşmiş, qanunsuz müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət,
informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata
keçirilməkdədir.
Ulu Öndər Heydər Əliyev daima xüsusi vurğulayıdı ki, Azərbaycan dövləti sahibkarlığın sürətlə inkişaf
etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin
mühüm amili hesab edir: “Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan bazar iqtisadiyyatının, azad sahibkarlığın
inkişaf etdirilməsi, iqtisadi həyatın sərbəstləşdirilməsi, xarici kapitalın, xarici investisiyaların Azərbaycana cəlb
olunması, xarici investorlar üçün əlverişli şərait yaradılması xəttini qəti şəkildə götürmüşdür. Sözün qısası,
söhbət azad bazar iqtisadiyyatından gedir. Bununla əlaqədar mən Azərbaycanla iqtisadi əməkdaşlığa maraq
göstərənlərin hamısını respublikamıza dəvət etmişəm, onu nəzərdə tuturam ki, Azərbaycan hər cəhətdən bütün
dünya üçün açıqdır, xüsusən investisiyalar üçün, iqtisadi münasibətlər üçün Azərbaycan Birləşmiş Krallığın
işgüzar aləminin üzünə açıqdır. Mən demişəm və sizin qarşınızda bir daha bildirirəm ki, Azərbaycan iqtisadi
əməkdaşlıq üçün, investisiyalar üçün əlverişli imkanlara malikdir, respublikanın rəhbərliyi, dövlətimiz
investisiyaların müdafiəsinə, Azərbaycanla əməkdaşlığa başlayacaq xarici firmaların mənafelərinin müdafiəsinə
təminat verir.”
Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin,
sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilib. Bu strateji
xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin imzaladığı
bir sıra fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft
sektorunun inkişafını stimullaşdırıb. Məqsəd ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etməkdir. “Bir
pəncərə” sistemi elektron hökumətin əsas elementlərindən sayılır. O, məlumatların bir mərkəzdə
cəmləşdirilməsini, eləcə də bütün inzibati qeydiyyatların (vergi qeydiyyatı da daxil olmaqla) tamamilə
sinxronlaşdırılmasını nəzərdə tutur. İş adamlarının mərkəzi sistemlə avtomatik, on-layn və davamlı əlaqəsi
yaranır. Faktiki olaraq bu, lisenziyaların mərkəzləşdirilmiş qaydada və elektron şəkildə təqdim edilməsi
deməkdir. Bu zaman, qeydiyyat üçün lazım olan prosedurların sayı azalır, vaxt itkisinin qarşısı alınır.
Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu güclü iqtisadiyyat nəticəsində Azərbaycanın ildən-
ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin
iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova və digər ölkələrdə inşa edilən
nəhəng emal müəssisələri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol
oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Eyni zamanda
azərbaycanlı iş adamları müxtəlif ölklərdə öz bizneslərini qurur, fəaliyyət dairələrini ildən-ilə genişləndirirlər.
Müslüm Rzayev,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili
şöbəsinin müdiri, Vətən Müharibəsi iştirakçısı