isaznow.com
Az Iw En Ru

Azərbaycanın iqtisadi potensialı ölkəmiz üçün xoşbəxt gələcək təmin edir

Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Heydər Əliyevin keçdiyi həyat yolu, müasir və gələcək
nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Azərbaycan xalqının tarixinə və taleyinə
parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi Ulu
Öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin,
müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, milli ideologiyanın yüksəlişinə təkan
vermişdir.
Azərbaycana rəhbərliyinin ilk onilliyində Ulu Öndər Heydər Əliyev respublika iqtisadiyyatında, sözün
əsl mənasında, inqilabi dəyişikliklərə nail olmuş, yüzlərlə yeni müəssisə tikilmiş, neft-maşınqayırma sənayesinin
yeni sahələri yaradılmış, yol təsərrüfatı yenidən qurulmuş, kimya, yeyinti sənayesi, kənd təsərrüfatının ayrı-ayrı
sahələri sürətlə inkişaf etməyə başlamışdı. Həmin illərdə Azərbaycanın şəhər və qəsəbələrinin, kəndlərinin
siması nəzərəçarpacaq dərəcədə dəyişmiş, insanların rifah halı xeyli yaxşılaşmışdır. Azərbaycanın qısa bir
müddətdə SSRİ-də qabaqcıllar sırasına çıxması Heydər Əliyevin respublikamızın gələcəyinə ünvanlanan strateji
planlarının həyata keçirilməsinə şərait yaradırdı.
Ulu Öndər bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini onun iqtisadi azadlığı
şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü
dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil
edir. Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə
çevrilməsinin hazırkı möhkəm təməli də Ulu Öndər Heydər Əliyevin respublikaya ilk rəhbərliyi dövründə
formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu Öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ
rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin
respublikamızda inşasına nail olmuşdur. Böyük strateqin həmin illərdə Bakı Məişət Kondisionerləri və Dərin
Özüllər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir. Ulu
Öndərin məqsədyönlü iqtisadi siyasəti xammal və kənd təsərrüfatı respublikası olan Azərbaycanın qabaqcıl
sənaye regionuna çevrilməsi, aqrar sahədə irəliləyişlərə və yüksək göstəricilərə nail olunması, yeni sənaye
müəssisələrinin və istehsal sahələrinin yaradılması, qabaqcıl texnologiyaların tətbiqi və s. amillərə görə ittifaq
miqyasında uğurlarla fərqlənməsi ilə nəticələndi.
XX əsrin 70-ci illərinin əvvəllərinədək Azərbaycanın iqtisadi və sosial inkişafında həll olunmamış çoxlu
problemlər mövcud olmuş, respublikanın malik olduğu iqtisadi, elmi-texniki və humanitar potensialdan tam
dolğun və səmərəli şəkildə istifadə edilməmiş, bu isə istər-istəməz sosial-iqtisadi inkişafın ümumi səviyyəsinin o
vaxtkı orta ittifaq göstəricilərindən aşağı olması ilə nəticələnmişdir. Ağır iqtisadi və sosial şəraitdə respublikada
rəhbərliyə gələn Ulu Öndər Heydər Əliyev həmin vaxt üçün mövcud olan vəziyyəti uzaqgörənliklə düzgün
qiymətləndirmiş, iqtisadiyyatda, sosial-mədəni və mənəvi sahələrdə əsaslı dəyişikliklərin həyata keçirilməsini,
iqtisadiyyatın təşkili və inkişafı sahəsində dönüş yaradılmasını başlıca vəzifə kimi müəyyənləşdirərək çox qısa
zaman kəsiyində bütün əsas göstəricilər üzrə Azərbaycanın keçmiş SSRİ-də öncül mövqelərə çıxmasını təmin
etmişdir. Bu uğurun təzahürü kimi iqtisadiyyatın maddi-texniki bazasının və maliyyə təminatının
möhkəmləndirilməsi və buna rəvac verən iqtisadi proseslərin dinamik inkişafının təmin edilməsi son dərəcə
gərgin və ardıcıl işin, düzgün və səmərəli idarəetmənin nəticəsi kimi meydana çıxmışdır.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıdan Heydər Əliyev yeni tarixi
şəraitdə iki mühüm vəzifənin – müstəqil dövlətimizin məhv olmaq təhlükəsinin aradan qaldırılması, yəni dövlət
müstəqilliyimizin qorunub saxlanması və demokratik dövlət quruculuğunun həyata keçirilməsi vəzifələrinin həlli
istiqamətində islahatlara başladı.
Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən yeni dövrün çağırışlarına uyğun uğurla davam etdirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi
doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli
inkişaf sürətini daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini daha da
möhkəmləndirəcək. Bütün bunlar isə belə deməyə əsas verir ki, ümummilli liderimiz Heydər Əliyevin işləyib
hazırladığı sabitlik və inkişaf strategiyası bu gün də xalqımızı böyük qələbələrə aparır.
Ağadadaş Həsənov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatınn əməkdaşı


00:44 21.04.2023