

Xalqlarının etnik, dini və mədəni dəyərləri, eyni zamanda tarixi ortaq Azərbaycan və
Qazaxıstan münasibətləri dərin köklərə və güclü əsaslara malikdir. İki ölkənin əlaqələrindəki
yaxınlıq onların eyni siyasi quruluş və dövlət tərkibində olmalarından da qaynaqlanır. Lakin
Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı müstəqillik illərinə təsadüf edir. Sirr deyil ki,
keçmiş SSRİ zamanında olduğu kimi müstəqillik illərində də iki ölkə arasında hərtərəfli
əməkdaşlığın təmin olunmasında Ulu Öndər Heydər Əliyevin və Nursultan Nazarbayevin xüsusi
rolu olub. Məhz, onların təməlini qoyduğu münasibətlər bu gün uğurla inkişaf edir, hətta
keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Qazaxıstana səfəri və bu çərçivədə müxtəlif sənədlərin imzalanması bir daha
təsdiqləyir.
Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud və geniş tərkibdə görüşlərinin
keçirilməsi, sənədlərin, xüsusilə də Ali Dövlətlərarası Şurasının yaradılması haqqında
Protokolun imzalanması iki ölkənin münasibətlərin inkişafının keyfiyyətcə yeni mərhələyə
yüksəlməsinə işarədir. Bütövlükdə isə Azərbaycan ilə Qazaxıstan arasında 130-dan çox ikitərəfli
sənəd imzalanıb. Bu sənədlər də iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına
töhfələr verir. Ötən il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri
zamanı qarşılıqlı əlaqələrin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında
Müttəfiqlik Bəyannaməsinin imzalanması da iki ölkənin əlaqələrinin daha da
möhkəmləndirilməsinə yönəlib ki, bunun da əsasını qardaş xalqlar arasında çoxəsrlik tarixə
malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu kontekstdə qeyd etmək
lazımdır ki, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm,
incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından
iştirak edirlər. Onu da əlavə etmək lazımdır ki, Astananın mərkəzində ulu öndər Heydər Əliyevin
adını daşıyan küçənin açılışı Ümummilli Liderimizin əziz xatirəsinə, habelə bütün Azərbaycan
xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir. Həmçinin, Qazaxıstan Prezidentinin
işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin
yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzinə çevrilib. Bütün bunlar bir daha onu
göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında
zəngin tarixə malik münasibətlər bundan sonra da xalqlarımızın və dövlətlərimizin maraqlarına
uyğun olaraq daha da inkişaf edəcək.
Bu gün Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı, eləcə də dünyada baş verən
proseslər hər iki ölkəni və xalqları regional təhlükəsizlik, nəqliyyat, logistika, energetika,
humanitar, ekologiya sahələrində əməkdaşlığı möhkəmlətməyi diktə edir.
Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri